Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin və Xocalı rayon Kosalar kəndinin erməni silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə Kosalar kənd Mədəniyyət evində tədbir keçirildi.

08 may 2017 | 16:00

08.05.2017-ci il tarixdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Gəncə Regional bölməsinin sədri, Kosalar kənd Həkim Ambulatoriyasının baş həkimi Aqil Məmmmədovun təşkilatçılığı ilə, Yaloba kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya əsasında Şuşa şəhərinin və Xocalı rayon Kosalar kəndinin erməni silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə Kosalar kənd Mədəniyyət evində tədbir keçirildi.
Tədbirdə Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xocalı RMX-nin baş həkimi Məmməd Nağıyev, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, Kosalar kəndinin ağsaqqalları, qəsəbə sakinləri və məktəblilər iştirak etdilər.
Əvvəlcə qəsəbədə ucaldılan “Xocalı soyqırımı” abidəsi ziyarət edildi. Şəhidlərimizin ruhuna Allahdan rəhmət diləndi və abidə önünə qərənfillər düzüldü.
Xocalı rayon Kosalar kənd Mədəniyyət evində baş tutan tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Aqil Məmmədov Kosalar kəndinin tarixindən, düşmənlərə qarşı aparılan layiqli döyüşlərdən və bu kəndin igid övladları haqqında ətraflı məlumat verdi. Aqil Məmmədov bildirdi ki, Kosalar kəndinə düşmən qüvvələri dəfələrlə hücuma keçməsinə baxmayaraq, hər dəfə layiqli müqavimət görərək, ağır itkilərlə geri çəkilməyə məcbur olmuşlar. Rəsmi məlumatlara görə Kosalar kəndi uğrunda ermənilər 200-dən çox canlı qüvvəsini itirdiyi üçün İrəvanda üç gün matəm elan etmişdir. Kosalar kəndi I Qarabağ müharibəsində 19 şəhidi, 3 “Milli Qəhrəmanı”, 4 “İgidliyə görə” meda-lı, 1 “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Dağlıq Qarabağda ən axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir. Kosalar kəndinin 3 “Milli Qəhrəmanı” olsa da, hər bir döyüşçüsü öz hünəri ilə igidlik, qəhrəmanlıq nümunəsidir. Bu gün Kosalar kəndinin gəncliyi uğurlu yoldadır. Hər il məktəbimizin məzunları yüksək balla ali məktəblərə qəbul olunurlar. Hərbi akademiyada və polis akademiyasında təhsil alan məzunlarımız var. Onlar yaxşı təhsil almaqları ilə yanaşı, igid Kosalar övladlarının apardığı mübariz döyüş yolunu davam etdirməyə hazırdırlar. Sonra Kosalar kəndinin dəyərli el ağsaqqalı Kamran Məmmədov, Kosalar kənd sakini Vaqif Ağayev, Kosalar kəndində gedən döyüşlərə rəhbərlik etmiş Kosalar kənd özünümüdafiə batalyonun komandiri Mehman Quliyev, Xocalı soyqırımında əsir düşmüş keçmiş döyüşçü Valeh Hüseynov, erməni əsirliyində olmuş Xocalı RMX-nin baş həkimi Məmməd Nağıyev çıxış edərək ermənilərin Kosalara və ətraf yaşayış yerlərinə hücumlarını şərh etdilər. Kosalar kəndində gedən döyüşlər barəsində ətraflı məlumat verərək məktəblilər arasında Kosalar oğullarının igidlikləri haqqında təsəvvür yaratdılar. Natiqlər vurğuladılar ki, o vaxtki iqtidarın səriştəsizliyi ucbatından torpaqlarımızı itirdik. Ermənilər havadarlarının köməyi ilə öz mənfur niyyətlərinə nail ola bildilər.
Azərbaycan Respublikasının “Milli Qəhrəmanı” Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova qəhrəman haqqında şagirdlərə məlumat verdi. O, hər kəsi kövrəldən çıxışında Tabil Həsənovun sücaətindən, öz elinə, obasına nə qədər bağlı olmağından danışdı. Bildirdi ki, Kosaların işğal günü Tabilin qırx mərasimi idi. İndi onun məzarı düşmənə girov qalıb. Tabilin və digər Kosalarda dəfn olunan şəhidlərimizin ruhu doğma yurduna keşikçidir. Övladımı da Vətən yolunda qurban verməyə razıyam. Şəhidlərimizin ruhu o zaman rahatlıq tapacaq ki, mənfur düşmənləri torpaqlarımızdan təmizləyək. Daha sonra Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva çıxışında bildirdi ki, işğalçı ermənilərin əsassız torpaq iddiaları xalqımız üçün ağır itkilərlə nəticələndi. Bu itkilərə 20% torpaqlarımızın işğalı, minlərlə şəhidlərimiz, 1 milyondan çox didərgin düşmüş soydaşlarımız daxildir. Şükürlər olsun ki, bu gün məcburi köçkünlər dövlətimiz və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bütün qayğılarla əhatə olunub. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu qayğının təməli qoyulub. İndi məcburi köçkünlər hər cür şəraitlə təmin olunmuş yeni salınmış qəsəbələrdə yaşayırlar. Biz inanırıq ki, doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Sonda Yaloba kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiyaya baxıldı.
Tədbir doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.

Keçidlər