Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri “Bilik günü” sevincini yaşadılar.

15 sentyabr 2018 | 16:00

15 sentyabr 2018-ci il tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi  Xocalı rayonunun ümumtəhsil məktəblərində də  “Bilik günü” münasibətilə tədbir keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı rayon prokuroru Kamran Məmmədov, Xocalı RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik - leytenantı Şahid Muradov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
     Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı.
     Sonra çıxış üçün söz Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta  məktəbin direkoru Məlahət İsmayılovaya verildi. Məktəb rəhbəri çıxışında məktəbin 2017/2018-ci tədris ilində əldə etdiyi uğurlardan, ali məktəbə qəbulun nəticələrindən danışdı. Qeyd etdi ki, məktəbin şagirdlərindən 2 nəfəri ali məktəbə, 2 nəfər isə orta ixtisas məktəbinə daxil olmuşdur. Məlahət İsmayılova ötən tədris ilində “Təhsildə keyfiyyət ili” ilə bağlı keçirilən tədbirləri diqqətə çatdırdı. Yeni tədris ilində də məktəbin pedaqoji kollektivi olaraq keyfiyyət göstəricisinin yüksək olması üçün daha da ciddi çalışacaqlarını vurğuladı.
     Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Mehdiyeva şagirdlərin sevincinə qoşulub, onları təbrik etdi, təhsildə uğurlar arzuladı. Çıxışında müəllim – şagird münasibətlərindən danışdı. Müəllimlik peşəsinə dövlətimiz tərəfindən verilən dəyəri yüksək qiymətləndirdi.
     Sonra “Bilik günü”nə həsr edilmiş tədbirdə məktəb şagirdləri Vətənə, anaya, məktəbə, müəllimə həsr olunan şeirlər söylədilər.
     Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, Azərbaycan təhsilinin bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiya etməsi məhz Ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi əməyi, fəaliyyəti ilə bağlıdır. “Təhsil millətin gələcəyidir” deyən Ümummilli liderimiz Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə təhsili dövlətin əsas aparıcı prioritet sahələrdən birinə çevirmişdir. Dahi şəxsiyyət Heydər Əliyev təhsilimizin inkişafı naminə böyük töhfələr vermişdir.
     Ulu öndərimizin layiqli davamçısı Prezident Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən təhsilimizi daim diqqət mərkəzində saxlayır. Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etməsi ilə onların əməkhaqları artırılmışdır.Təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə uyğun olaraq, ötən tədris ilində olduğu kimi  2018/2019-cu tədris ilində də “Təhsildə keyfiyyət ili” davam etdiriləcəkdir.
     Ötən tədris ilində rayonumuzun təhsil müəssisələrində 99 nəfər məzun olmuşdur. Onlardan 74 nəfər ali və orta məktəblərinə sənəd vermiş, 41 nəfər ali məktəbə, 14 nəfər orta ixtisas məktəbinə qəbul olmuşdur. Qəbulun səviyyəsi sənəd verənlərə görə 55 faiz təşkil etmişdir. Bu nəticə Respublika səviyyəsinə görə yaxşı göstəricidir. Həmin nəticənin müəyyən bir hissəsi də Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbinin payına düşür.
Bizim ən ümdə vəzifəmiz xalqımız və dövlətimiz üçün yararlı, faydalı, vətənpərvər vətəndaş yetişdirməkdir. Təhsil sisteminin qarşısında duran əsas amil məhz bundan ibarətdir.
     Rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev çıxışının sonunda təhsil sahəsində çalışan bütün işçilərə öz fəaliyyətlərində uğurlar arzuladı. Xocalı rayon İcra Hakimiyyətinin başçıcı cənab Şahmar Usubova rayon təhsilinə daim diqqət və qayğı ilə yanaşdığı üçün minnətdarlığını bildirdi.
     Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında təbriklərə qoşularaq yeni tədris ilində pedaqoji kollektivə və şagirdlərə uğurlar arzuladı. Qeyd etdi ki, təhsil hər bir millətin, dövlətin gələcəyidir,  onun inkişafının qarantıdır. Hər hansı ölkədə təhsil inkişaf etdirilibsə, bu o deməkdir ki, həmin ölkədə iqtisadiyyat da, siyasət də inkişaf etdirilib. Dövlət başçımız təhsil sahəsinə xüsusi önəm verir. Son illərdə istənilən sahədə, o cümlədən təhsil sahəsində baş verən inkişaf bizim gələcəyə doğru inamlı, etibarlı addımlarla irəlilədiyimizi göstərir.
     Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov “Bilik günü”nün başlanmasının gözəl günə təsadüf etməsini diqqətə çatdırdı. Belə ki, 100 il bundan əvvəl Bakı şəhəri erməni - daşnak, bolşevik terrorçularından təmizlənərək azad olundu. Bu gün Respublikamızın paytaxtında böyük hərbi parad keçirilir. Allah bizə qismət etsin ki, belə qələbə günlərini, əlamətdar tədbirləri öz torpaqlarımızda keçirək.
     Ramiz Qəhrəmanov Cəmilli kəndinin tarixindən də qısa məlumat verdi. Bildirdi ki, Cəmilli kəndi elə bir coğrafi mövqedə yerləşmişdi ki, yaxınlıqda Azərbaycan kəndləri yox idi. Ermənilərin qurduqları plan əsasında Cəmilli kəndində orta məktəb olmadığı üçün VIII sinfi bitirən şagirdlər hamısı kənddə qalırdı, təhsillərini davam etdirə bilmirdi. Nadir hallarda Cəmilli kəndindən gedib kənarda ali məktəb partalarında əyləşənlər olurdu. Çox şükürlər olsun ki, bu gün köçkün həyatı yaşadığımıza baxmayaraq, dövlətimizin yaratdığı şərait sayəsində məzunlarımız istədikləri kimi təhsillərini davam etdirə bilirlər. Cəmilli kənd məktəbindən vaxtı ilə heç bir ali məktəb qapısı açan olmadığı halda, hal-hazırda məktəbimizin məzunları Respublikamızın ən yüksək ali məktəblərində təhsil alırlar. Biz tezliklə doğma torpaqlarımıza qayıdanda onlar bizim gələcəyimiz kimi ümid yerimiz olacaqlar.
     Yekun olaraq çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Rayonumuzun  rəhbəri Cəmilli kənd sakinlərinin köçkünlük həyatında üzləşdiyi problemlərdən danışdı, yerdəyişmə ilə əlaqədar olaraq əvvəlki illərdə Cəmilli kənd məktəbində müəyyən kadr çatışmazlığının olduğunu diqqətə çatdırdı. Ancaq bu gün dövlətimizin rəhbərinin göstərdiyi qayğı və diqqət əsasında həmin problemlər arxada qaldı. Respublikamızda təhsilə olan münasibət ən yüksək səviyyədədir. Çünki təhsil ocaqlarında insan şəxsiyyəti formalaşır. Azərbaycan dövlətinin gələcəyi yüksək təhsilli gənclərdən asılıdır.
     Xocalı rayon əhalisi Respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşdığı üçün həmin şəhər və rayonların məktəblərindən yüksək ballarla ali məktəblərə qəbul olan məzunlarımız var. Onlar da Xocalı rayon ümumtəhsil məktəblərinin məzunları kimi savadlı və bacarıqlı kadr kimi yetişən rayon sakinləridir. Müəllimlərimiz dövlətimizin təhsilə olan diqqət və qayğısının qarşılığında öz əmək töhfələrini verməlidirlər.
      Biz yaradılan şərait üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarıq və onun apardığı siyasəti dəstəkləyirik.
      Arzu edirəm ki, uğurlu təhsilimizi öz elimizdə, obamızda davam etdirək. Bizim üçün qurulmuş gözəl həyat Xocalımızda, Cəmillimizdə, Qarabağımızda qurulsun.
     Rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxışının sonunda tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik etdi, xoş arzularını bildirdi.
     Sonda çalınan zəng sədaları altında şagirdlər əllərində gül-çiçək dəstələri ilə siniflərə daxil oldular. Beləliklə, məktəblərdə təhsil prosesi yeni tədris ilində başlandı.

Keçidlər