Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş və ümumrayon tədbiri keçirildi.

08 noyabr 2018 | 16:00


        
     08.11.2018-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Əvvəlcə Dövlət Bayrağı Gününə həsr edilən məktəbli şagirdlərin veloyürüşü təşkil edildi. Qəsəbənin girəcəyində salınmış Bayraq Meydanından qəsəbə mərkəzinə kimi veloyürüşdə məktəbli şagirdlər əllərində üçrəngli şanlı bayrağımızla müxtəlif vətənpərvərlik şüarları səsləndirdilər. Yol boyu sakinlər veloyürüş iştirakçılarını alqışladılar.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, rayon ziyalıları və "N" saylı hərbi hissənin əsgər və zabitləri iştirak etdilər. Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
     Sonra Dövlət bayrağımıza aid hazırlanmış musiqili videoslayd nümayiş etdirildi.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, bayraq dövlətimizin, xalqımızın mili kimliyinin, onun illərdir apardığı azadlıq mübarizəsinin təcəssümüdür. Bu gün qürurverici haldır ki, dövlətimizin və  dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Həmin beynəlxalq təşkilatlarda rəsmi dövlət rəmzi kimi dalğalanan üçrəngli dövlət bayrağımız Azərbaycanın müstəqil suveren dövlət kimi varlığını bir daha bütün dünyaya bəyan edir. Azərbaycan iqtisadi-inkişaf tempinə görə dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Cənubi Qafqazda liderlik mövqeyini qoruyub saxlayır. Xalqımız Dövlət Bayrağı Gününü dövlətimizin əldə etdiyi uğurlarla qeyd edir. Belə ki, beynəlxalq idman yarışlarında idmançılarımız yüksək nailiyyətlər əldə edərək bayrağımızı dağlalandırırlar. Biz xocalılar da bununla böyük qürur və fəxr hissi keçiririk. Əminik ki, tezliklə haqq-ədalət zəfər çalacaq və üçrəngli bayrağımız inşallah işğaldan azad edilən torpaqlarımızda da dalğalanacaqdır. Bunun üçün biz hər gün atdığımız addımlarla, gördüyümüz işlərlə, əldə etdiyimiz uğurlarla zəfər gününü daha da yaxınlaşdırmalıyıq.
        Dövlət bayrağımızın yaranma tarixindən bəhs edən geniş məruzə ilə söz Xocalı rayon Əhmad Cavadov adına Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılovaya verildi. Məlahət İsmayılova çıxışında dedi ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, qlobal planda maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir.Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
     Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
     1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
     Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamı ilə dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u dövlət bayrağı günü kimi qeyd edilir.
     Daha sonra çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov bildirdi ki,  Dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik ruhu aşılayır, Vətənə sevgi və məhəbbət hissləri yaradır.  Gənc nəslin Azərbaycan Bayrağına hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasına və möhkəmləndirilməsinə xidmət göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul edilmiş üçrəngli bayrağımız nəsillərdən-nəsillərə ötürülərək 70 il ərzində müstəmləkə şəraitində yaşayan Azərbaycan xalqının bu günə gətirib çatdırdığı ən dəyərli məfhumlardan biridir. 
     Bu gün bayrağımız nüfuzlu beynəlxalq təşkilatların binalarının önündə, eyni zamanda xarici ölkələrdəki səfiriklərimizdə dalğalanmaqdadır.  Üçrəngli bayrağımız şəhidlərimizin ruhlarının daşıyıcısıdır. Hər şəhidimiz son mənzilə yola salınarkən üçrəngli bayrağımıza bürünür.
     Dövlət bayrağımızın əhəmiyyəti və onun qorunması dövlət səviyyəsində qanunlar, əsasnamələr, məcəllələr və digər qanunvericilik aktları ilə həyata keçirilir. Belə ki, 8 iyun 2004-cü il tarixdə "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" qanunun və "Dövlət bayrağı haqqında" əsasnamənin xüsusi əhəmiyyəti vardır. Həmin qanun və əsasnaməyə qədər müəyyən yolverilməz hallar olurdu. Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
     Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Rayounumuzun rəhbəri çıxışında qeyd etdi ki, bütün rayonlarımızda Bayraq muzeyləri mövcuddur. Həmin muzeylərdə tarixi dövlətlərimizin bayraqları nümayiş etdirilir. 70 illik müstəmləkə dövründə bayrağımıza olan ehtiramımızı düzgün ifadə edə bilmirdik. Müstəqilliyimizin bərpasından sonra bayrağımıza olan ehtiram geri qayıtdı. Ulu öndərimiz Heydər Əliyev müstəqilliyin ilk illərində haqlı olaraq deyirdi: "Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir". Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz xaos içində idi, torpaqlarımız işğal edilirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişafa qədəm qoydu. Bu gün ölkəmiz bir çox beynəlxalq layihələri icra edir. Dövlət baçısı İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə inkişafa nail olub. Bununla bərabər, ordu quruculuğu da yüksək səviyyədə aparılır. Bütün bunlar xalq – prezident birliyi və xalq-ordu birliyi sayəsində həyata keçib. Aprel döyüşlərindəki şanlı qələbəmiz bizim gücümüzü, milli birliyimizi bütün dünyaya nümayiş etdirdi. Şahmar Usubov bu birliyimizin nəticəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcəyimizə olan əminliyini vurğuladı.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən,  Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi Kazımov İlham Xəlil oğluna təqdim etdi.
     Tədbir Xocalı rayon mədəniyyət işçiləri – Ruslan Mustafayevin, Vüsalə Hümbətovanın,  Nəsib Quliyevin vətənpərvərlik ruhunda ifa etdiyi şən musiqilərlə davam etdirildi.

Keçidlər