Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır!

17 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində irimiqyaslı hərbi əməliyyat planı həyata keçirməyə çalışdılar. Təbii ki, Azərbaycanın sayıq hərbçiləri müqəddəs sərhədimizi göz bəbəyi kimi qoruyurlar və düşmənə layiqli cavab verərək onların məkrli planlarına görə özlərini peşman etdilər. Ağır itki verən ilan öz yuvasına çəkilsə də, zəhərinin bir hissəsini tökməyə macal tapdı - dağ kimi igidlərimiz şəhid oldu. Bu döyüşdür və döyüşdə itkilərin olması təbiidir. O da təbiidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq və onların qisası layiqincə alındı. Hər şeydən əvvəl, məkrli düşmənin hiylə və yalanları dünya ictimaiyyəti, güclü dövlətlər qarşısında anındaca ifşa edildi, qızıl-qırmızı yalanların ayaq tutub yeriməsinə imkan verilmədi. Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi ilə bu məsul vəzifənin öhdəsindən də layiqincə, yüksək səviyyədə gələ bildi.
         Bir çox dövlətlərin, siyasi partiyaların dövlətimizin yanında olması faktı bunun parlaq göstəricisi kimi nəzərdən keçirilə bilər. Hamıya aydın oldu ki, Azərbaycan Respublikası 25-30 il əvvəlki Azərbaycan deyil; artıq ermənilərin timsah göz yaşları heç bir dünya dövlətini,vicdanlı diplomatları aldatmaq gücünə malik deyil. ”Adımı sənə qoyum, səni yana-yana qoyum" diplomatiyası işləmir və bundan sonra ağlı başında olan, vicdanı ürəyində olan heç bir namuslu insanın yanında işləməyəcək! Döyüş meydanında baş verənlər bir daha Azərbaycanın artan hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyyətinin mübarizliyini, eyni zamanda da təcavüzə məruz qalmış kəndlərimizdə yaşayan insanların qranit kimi möhkəm əzmini nümayiş etdirdi. Döyüşlərdə generalımızın, yüksək rütbəli zabitlərimizin qəhrəmancasına həlak olması hamımızı kədərləndirdi. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun generalı, polkovniki öz əsgərləri ilə birlikdə ön xətdə Vətənin müdafiəsindədir. Şəhidlərimizə rəhmət diləyirik. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan Milli Ordumuzla fəxr edir. İyulun 14-də Bakıda ordumuza dəstək məqsədilə yürüşün keçirilməsi də silahlı qüvvələrimizə, əsgərimizə ehtiramın ifadəsi idi. Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Vətənpərvər insanlarımız Şəhidlər xiyabanına üz tutdu və bu addım alqışa layiqdir. Uzun bir məsafəni piyada qət edənlər-ordumuz, xalqımız, Qarabağımız haqqında vətənpərvər şüarlar səsləndiriblər. Təəssüf ki, orduya dəstək aksiyası zamanı yaradılmış şəraitdən sui-istifadə edən bir qrup ünsür tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış şəkildə təxribat törədildi. Bu addım isə ordumuzun uğurlu əməliyyatlarına və şəhidlərimizin ruhuna ən böyük hörmətsizlik idi. Bu gün Azərbaycanda güclü həmrəylik mövcuddur və xalqımız Prezident İlham Əliyevi və onun yürütdüyü siyasi kursu yekdilliklə dəstəkləyir. Bunu ölkə ərazisində fəaliyyət göstərən bir çox siyasi partiyaların imzaladıqları birgə bəyanatda ifadə etdikləri fikirlərdə daha aydın görmək olar. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq Ali Baş Komandanın bu siyasətinə həmrəy olduqlarını bəyan etmişlər.
         Xalq-iqtidar həmrəyliyini həmçinin son günlərdə bunu son günlərdə Dövlət Səfərbərlik xidmətinə müraciət edən vətəndaşlarımızın simasında açıq-aşkar görmək mümkündür. Çünki Azərbaycanın yüksəlişi, dövlətimizin daha da qüdrətlənməsi, o cümlədən işğal olunmuş ərazilərimizin azad olunmasına aparan yol məhz bu siyasətin davam etdirilməsindən keçir. Xalq-iqtidar birliyi əbədidir və sarsılmazdır.
                                                                                                                                                                                                                                                                                                   

                                                                                                                                                                                                                                                                                                         Vaqif Ağayev,
                                                                                                                                                                                                                                                                                                     Xocalı rayon ağsaqqalı

Keçidlər