Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar

02 avqust 2020 | 16:00

Əziz həmvətənlər, bildiyimiz kimi 22 may 1998-ci ildə Ümummilli lider Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr Günü elan etmişdir. Hər birimizə də yaxşı məlumdur ki, Ordumuz gücünə görə dünya reytinqində 50-ci yerdə durur. Hər hansı bir müharibə vəziyyəti yaranarsa, ordumuz istər havadan, istər qurudan, istərsə də sudan öz xalqını qorumaq gücünə malikdir.
     Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədidir. Ordumuzun bu gücə sahib olmasında xalq-ordu birliyinin mühüm rolu var. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Aprel döyüşləri dördgünlük müharibə ordumuzun gücünü bir daha sübut etdi. Aprel döyüşləri 1994-cü ildən atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Bildiyimiz kimi 1994-cü ildə “Horadiz əməliyyatı" zamanı Lələtəpə yüksəkliyi Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan ordusu arasında hərbi münaqişə baş vermişdir. Döyüş zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seyidsulan və Qazaxlar kəndləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Üçrəngli bayrağımız həmin yüksəklikdən asıldı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Ölkə başçısının Sərəncamı ilə Cocuq Mərcanlıda yaşayış bərpa olundu. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcək.
     Ermənistan ordusunun növbəti təxribatı Günnüt əməliyyatı-2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermişdir. Münaqişə zamanı Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq yüksəkliyi", Qızılqaya dağı, Qaraqaya dağı azad olundu. Dərələyəz mahalının Arpa kəndi isə ordumuzun nəzarətinə keçdi. Döyüşlər nəticəsində 11000 hektarlıq ərazi düşmən tapdağından təmizləndi. Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrin tərkib hissəsi olan Naxçıvan ordusu yüksək səviyyədə texnika ilə təchiz edilmişdir.
     Hər cür texnika ilə təchiz edilmiş ordumuzun müqavimətini qıra bilməyən ermənilər hər cəhdlərində uğursuzluqla qarşılaşırlar. Mənfur düşmən bu dəfə öz şansını Tovuz istiqamətində sınamağa çalışdı. 2020-ci il 12 iyulda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobudcasına pozulub və Tovuz rayonu istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Döyüşlər zamanı ordumuz düşməni cavab atəşi ilə susdurmuş və geri çəkilməyə məcbur etdilər. Bundan başqa Ermənistan ordusunun şəxsi heyəti çox saylı itkilər vermişdir. Bununla yanaşı, düşmənin hərbi kazarmaları, düşməni döyüş mövqeyinə çatdıran avtomobil texnikası, 1 tankı, 4 PUA-sı ordumuz tərəfindən məhv edilmişdir. Nəbzimizin Tovuzda döyünən bu ağır günündə sevindirici xəbərlər alsaq da, bununla yanaşı, verdiyimiz itkilərin olması çox ağırdır. Döyüşlər nəticəsində Azərbaycan ordusunun General-mayoru Polad Həşimov, polkovnik-leytenant İlqar Mirzəyev, mayorlarımız və 7 gizirimiz qəhrəmancasına şəhid oldu.
     Şəhidlik yaşamdır. Onlar cismən yanımızdadır. Hər əsgərimiz şəhid olduqca millət bir boy ucalır. "Torpaq uğrunda ölən varsa, Vətəndir" sözləri həmişə xalqımızın dilinin əzbəri olmuşdur. Bu ağır günlərdə Cənab Prezidentimiz xalqımızın və şəhid ailələrinin yanında olmuş, onlara maddi və mənəvi dəstək göstərmişdir. Biz bir xalq olaraq Prezidentimizi sevir və onun hər bir siyasi addımını dəstəkləyirik. Bunun sübutu olaraq 14 iyul hadisələrini göstərə bilərik. Orduya dəstək yürüşü Azərbaycan xalqının öz dövlətinə, Ordusuna və Ali Baş Komandanına olan inamının nümayişi idi.

Samirə Məmmədova,
Xocalı rayon ziyalısı

Keçidlər