Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının qəhrəmanlıq dastanı daha parlaq şəkildə davam edir

04 avqust 2020 | 16:00

Hər bir xalqın həyatında müəyyən keşməkeşli məqamlar olur ki, həmin anlarda onun övladları ön plana çıxır, xalqı bəlalardan qurtarmaq üçün döyüş meydanına atılır, sinəsini sipər edib öz canı bahasına Vətəni bəlalardan xilas edir. Əbəs yerə deyilməyibdir ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir.          
     Azərbaycanın da övladları zaman-zaman öz vətənlərinin inkişafı, xilası naminə qəhrəmanlıq göstərmişlər ki, bu hərəkətlər də hazırkı nəsil üçün yaxşı bir örnəkdir. Hələ 7-ci əsrin ortalarında məşhur Alban hökmdarı Cavanşir düşmənlə mübarizədə 17 yerindən yara almasına baxmayaraq, sarsılmadan döyüşü davam etdirmişdir. 9-cu əsrin birinci yarısında ərəb xilafətinə qarşı 22 il mübarizə aparmış Babək, xilafətin 6 ordusunu darmadağın etmişdir. 1501-ci ildə 13 yaşında hakimiyyətə gəlmiş Səfəvi hökmdarı Şah İsmayıl Xətai özünün 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth edərək Azərbaycanın bütövləşməsi uğrunda böyük işlər görmüşdür. Bu siyahını uzatmaq da olar. İstər qədim tarixə qayıdıb Kitabi Dədə Qorqud dastanlarında təsvir edilən Oğuz igidlərinin, istərsə də nisbətən yeni tarixə müraciət edib Cəlalilər hərəkatına başçılıq etmiş Koroğlunun qəhrəmanlığından və digər Azərbaycan oğullarının qəhrəmanlıqlarından da bəhs etmək olar. Son illər Azərbaycanda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq dastanı hələ bitməyib və daha parlaq şəkildə davam edir.           
     2016-cı ilin Aprel döyüşləri bir daha sübut etdi ki, Azəərbaycan adlı məmləkətimizin qəhrəmanlıq salnaməsi davam etməkdədir. Həmin döyüşlərdə igid Vətən oğulları məkrli düşmənlə döyüşlərdə şücaət göstərərək onları ağır məğlubiyyətə uğratdı. Düşmən Ordumuz tərəfindən sarsıdıcı zərbə alaraq həm canlı qüvvə, həm də texnika sarıdan böyük itkilərə məruz qaldı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri Polad Həşimov, Mais Bərxudarov, Raqif Orucov qəhrəmanlıq nümayiş etdirərək ordumuz üçün böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyinin ələ keçirilməsində xüsusilə fərqləndilər. Onların bu şücaəti dövlətimizin Başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Mais Bərxudarov, Polad Həşimov müxtəlif yüksək dövlət təltiflərinə layiq görüldü. Təəssüflər olsun ki, həmin döyüşlərdə polkovnik Raqif Orucov qəhrəmancasına həlak oldu və canını həyatından da çox sevdiyi Vətən torpağı uğrunda qurban verdi. Onun da qəhrəmanlığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi.                            
     Düşmən heç vəchlə Azərbaycanın sürətli inkişafını həzm edə bilmir, vaxtaşırı öz məkrli niyyətindən əl çəkməyərək təxribatlara əl atırdı. Bu ilin 12 iyulunda düşmən yenə də özünün mənfur xislətinə sadiq qalaraq Tovuz rayonu ərazisində dövlət sərhəddimizi pozmağa cəhd etdi. Sərhəd postlarımız və sərhədyanı yaşayış məntəqələrimiz iriçaplı silahlardan, ağır artilleriya vasitələrindən intensiv atəşə məruz qaldı. Silahlı qüvvələrimiz düşmənə sarsıdıcı cavab zərbəsi endirərək düşmənin xeyli canlı qüvvəsini məhv etdi və əhəmiyyətli dərəcədə hərbi texnikasını darmadağın etdi. Çox təəssüf ki, bu döyüşlərdə də bir nəfər dinc sakinimizi və 11 nəfər hərbçimizi itirdik. Həlak olanlar içərisində Aprel döyüşlərində yüksək şücaət göstərən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərləri də var idi. Bu çətin günlərdə xalq öz şəhidlərinə yas tutmaqla bərabər, dövlətə, dövlətçiliyə, ölkə prezidentinə dəstək nümayiş etdirərək 14 iyulda küçələrə axışdı və Vətən uğrunda savaşa hazır olduqlarını bildirdilər. Ölkə Prezidenti Cənab İlham Əliyev də bəyan etdi ki, şəhidlərimizin qanı alınıb və bundan sonra da onların qisası düşməndən alınacaqdır. İgidlərimiz isə canlarını sevdikləri Vətən uğrunda qurban verdilər. Ancaq şəhidlərimiz daim xatirələrdə yaşayacaqlar. "Ölüm sevinməsin qoy, Ömrünü vermir bada. El qədrini canından, daha əziz bilənlər. Şirin bir xatirətək, qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. " Bəli, şəhidlərimiz Vətəni sevdilər və yurddaşları tərəfindən sevilərik əbədiyyətə qovuşdular. Məkanları cənnət olsun.    
         

          Suren Məmmədov,
          Xocalı rayonundan şəhid ailəsi

Keçidlər