Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə və Azərbaycan bir millət iki dövlət olaraq bütün sınaqlardan alnıaçıq və üzüağ çıxacaqlar

05 sentyabr 2020 | 16:00

Azərbaycan türklərində belə bir deyim var." Yüz il keçsə düşmən elə düşməndir. Dost bir olar, onda iki ad olmaz."        
     Doğru deyimdir. Əsrlərlə heç bir səbəb olmadan, sadəcə türk olduğumuza görə murdar ermənilərin bizə qarşı bəslədiyi kin, nifrət və düşmənçilik göz qabağındadır.
     Digər tərəfdən isə Türkiyə türkləri ilə bizim aramızda olan dostluq tarixin dərinliklərinə söykənir. Ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı da bu dostluğun nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut etmişdir. Təsadüfi deyildir ki, bu gün Türkiyə cümhuriyyəti digər sahələrdə olduğu kimi hərbi sahədə də Azərbaycanla çox ciddi formada əməkdaşlıq edir. Hələ Azərbaycan öz  müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə böyük güclər tərəfindən dəstəklənən və silahlandırılan məkrli düşmənlə əliyalın qarşı-qarşıya qaldığımız zamanda türk qardaşlarımız ordumuzun formalaşdırılmasında və NATO standartlarına uyğunlaşdırılmasında ölkəmizə yardımçı olmuşlar. Təsadüfi deyildir ki, iyul döyüşləri zamanı da səsimizə ilk səs verən məhz türk qardaşlarımız oldu. Türkiyənin dövlət başçıları açıq-aşkar Azərbaycanın yanında olduqlarını, onlara hər sahədə dəstək olacaqlarını bəyan etdilər. Məlum olduğu kimi iyul ayının 29-dan avqust ayının 10-na qədər Azərbaycan ərazisində Türkiyə və Azərbaycan ordularının Quru qoşunları və Hərbi Hava qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilmişdir. Təlimlərdə Türkiyə tərəfindən 11 min nəfər canlı qüvvə və hərbi texnika iştirak etmişdir. Əlbəttə, bu təlimlər bəzi qonşu ölkələrə müəyyən qısqanclıq hissləri yaratmışdır.                                              
     Təsadüfi deyildir ki, Tovuz hadisələri zamanı bilərəkdən ki, bu silahlar dinc azərbaycanlı əhaliyə qarşı işlənəcək, Rusiya Orta Asiya respublikalarının və İranın  hava məkanından istifadə etməklə Erəmənistana 400 tondan artıq silah-sursat göndərmişdir. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu yüklərin guya tikinti materialları olduğunu vurğulamasına baxmayaraq, bu yüklərin hərbi sursat olması təkzibedilməz faktlarla sübut edilmişdir.   
     Türkiyə və Azərbaycanın istər regional, istərsə də beynəlxalq müstəvidə bir-birlərini dəstəkləmələri bir daha bu yaxınlarda Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini ölkə Prezidenti cənab İlham Əliyevə təqdim edərkən bariz şəkildə göstərmişdir. Belə ki, Aralıq dənizində geoloji kəşfiyyat aparan Türkiyə cümhuriyyətinə qarşı Yunanıstan başda  olmaqla bir neçə Avropa dövlətləri Türkiyə əleyhinə bəyanatlar verir, dənizdə müəyyən təxribatlar etməklə onları bu fəaliyyətdən çəkindirməyə və Türkiyəni müharibəyə cəlb etməyə çalışırlar. Məhz bu amilləri nəzərə alaraq Prezident İlham Əliyev Yunanıstan səfirinə birmənalı şəkildə bildirdi ki, biz Aralıq dənizindəki fəaliyyətinə görə daim qardaş Türkiyənin yanındayıq və onu dəstəkləyirik.                     
     Hazırkı zamanda baş verənlər bir daha onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycan bir millət iki dövlət olaraq bütün sınaqlardan alnıaçıq və üzüağ çıxacaqlar.                               
     Ələddin Əhmədov,
     Xocalı rayon ziyalısı
     05.09.2020

Keçidlər