Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə günlərimizin işğal günlərini əvəz etməsi Azərbaycan xalqının yenilməz tarixi nailiyyətidir!

20 noyabr 2020 | 16:00

28 il müddətində hər il düşmən əsarətində olan rayonlarımızın işğal günlərini kədərlə yad etdik. Bu anım günlərində hər zaman yalnız bir arzumuz, bir istəyimiz oldu. –“Allah tezliklə öz doğma yurdumuza getməyi bizə nəsib etsin ”.
     Artıq bu arzu deyil. 28 illik həsrətdən sonra Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində işğal günləri qələbə günləri ilə əvəz olundu. Müzəffər Ali Baş Komandanımız öz imzası ilə Dünya Azərbaycanlılarının eləcə də, dünya dövlətlərinin qəlbinə əbədi həkk olunacaq “Qarabağ Azərbaycandır” adlı böyük bir əsər yaratdı. Məhz elə bu möhtəşəm əsərin təqdimatı üçün noyabr ayının 16-da Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva ilk işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Ölkə Başçısı Füzuli şəhərinə gələrək orada şanlı Azərbaycan bayrağını qaldırdı. Prezidentimiz bildirdi ki, yol boyunca kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Bir dənə də olsun salamat tikili yoxdu. Sanki burada millət yox, qəbilə tayfası yaşayıb. Erməni vəhşiliyini bütün dünya dövlətləri görməlidir.
     Füzuli şəhəri dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Mənfur düşmən şəhərin adını dəyişmişdir. Ancaq biz bunu bərpa etdik. Biz bunu döyüş meydanında əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı murdar düşməndən azad edərək əldə etdik. Sübut etdik ki, münaqişənin hərbi həlli var və buna nail olduq. Hərbi həlli olduğu üçün düşmən kapitulyasiya aktını imzaladı. Bu gün Ermənistan əhalisi Azərbaycan xalqının yaşadığı 1992-ci illəri yaşayır.
     Səfər zamanı Ölkə Başçısı Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində iştirak etdi. 2004-cü ildən bu günə qədər çox avtomobil yollarının çəkildiyini, ancaq bu yolun çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Bu layihə işğaldan azad olunmuş torpaqlarda birinci layihədir.
     Sonra Ali Baş Komandan Xudafərin körpüsünə gələrək orada Azərbaycan bayrağını qaldırdı və bildirdi ki, bu xalqımız üçün qürur və fəxarətdir. Xudafərin həm də milli qürur məsələsi idi. İlham Əliyev və Mehriban Əliyeva Xudafərin körpüsündə xatirə şəkilləri çəkdirdilər.
     Daha sonra Prezident və Xanımı Cəbrayıl şəhərinə gəldilər. Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Sonra isə əvvəlcə düşmənin olub, lakin indi bizim polislərə məxsus olan polis şöbəsinə baş çəkdi. Prezident qeyd etdi ki, burada da salamat bir bina yoxdu. Düşmən hər yeri dağıdıb, töküb özləri üçün hərbi hissə tikiblər. Onlar Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Ölkə Başçısı bildirdi ki, işğaldan azad olunmuş yaşayış məntəqələrimizin hər birini yenidən bərpa edib, cənnətə çevirəcəyik. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat yenidən qayıdacaq.
     Sonda ölkə başçısı bir daha qeyd etdi ki, haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu düşmənin belini qıraraq qələbə qazandı. Azərbaycan Bayrağı bu torpaqlarımızda əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Vəsilə Quliyeva,
Xocalı rayon ziyalısı

Keçidlər