Şriftin ölçüsü :

Saytın rəngi :

Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi

10 dekabr 2020 | 16:00

Vətən Müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurdu. Düşmənin 30 ildə qurduğu istehkamları yardıqca Xilaskar Ordumuz irəli gedərək torpaqlarımızı işğaldan azad etdi. Mərd oğullar öz canlarını sinəsi mərmidən göynəyən Vətən torpaqlarına sipər etdilər. Zəfər yolunun başlanğıcında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Sənan Miriyevdir.
Miriyev Sənan Arif oğlu 1998-ci il mart ayının 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Dövlət sərhəd xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyyata buraxılmışdır. Lakin onun hərb peşəsinə olan məhəbbəti yenidən hərbi forma geyməsinə səbəb oldu. Atasının digər sahədə çalışma istəyinin əksinə çıxaraq hərbçi olmağı üstün tutdu. 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Onun çoxdankı arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. Sənanın kəşfiyyatçı olmaq arzusu gerçək oldu. Lakin onun ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi. Onun arzusu qisas hissi ilə daha qüvvətlənirdi.
     Vətən Müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, Vətənə sevgisini və düşmənə nifrətini göstərmək üçün bir imkan oldu. Bir-birinin hünərindən ilham alan igid əsgərlərimiz düşmənin üstünə qorxmadan irəlilədilər. Qorxmaz oğullarımızın sayəsində tarixi torpaqlarımızı bərpa etdik. Sənan da Vətən müharibəsində cəsur döyüşçü kimi iştirak edərək qəhrəmancasına şəhid oldu. 27 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Sənanın cismi canını qurban verdiyi müqəddəs torpağımıza qarışdı. Şəhidlərimiz Vətən torpağına qarışmaqla müqəddəs torpağın parçasına çevrildilər. İndi Sənanın və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir.
     Subay idi.
     Ağcabədi rayonu "Şəhidlər" Xiyabanında dəfn edilib.
     Ruhu şad olsun!

Keçidlər