Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar 20 Yanvar qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər

20 yanvar 2021 | 16:00

Bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür. Faciənin 31-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində olduğu kimi xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də şəhidlərimizin müqəddəs ruhu yad edilibdir. Qəsəbədəki yollarda avtomobillərin hərəkəti saxlanılaraq səs siqnalları verilib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
     1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
     Sovet rejimi Xocalı əhalisinə də çox müsibətlər yaşadıb. “Müqəddəs yurd: Xocalı” kitabında yazılır ki, 1920-ci ildə Azərbaycanın Xocalı ərazisində totalitar bir cəmiyyət – sovet hakimiyyəti bərqərar oldu. Ərazidəki varlı, imkanlı, savadlı olanlar şahidsiz sübutsuz güllələndi, sürgün edildi. Bölgədəki qiymətli və nadir yeraltı və yerüstü sərvətlərimiz gizli və açıq yollarla Rusiyaya və Ermənistana daşındı.
     Sovet ordusunun 20 Yanvar faciəsini törətməsinə Xocalı rayon sakinləri də etirazlarını bildirmişlər. Qanlı Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Xocalıda ucaldılmış abidə ilk abidələrdən biri idi. Mərd Xocalı oğulları tərəfindən Üçrəngli Bayrağımız fanerlərə çəkilərək Ağdam-Şuşa yolunun üstünə asılaraq düşmənə göz dağı verilirdi. Komendant saatının davam etdiyi vaxtlarda, xocalılar düşmənlərə qorxmazlıq, vətənpərvərlik dərsi verdilər. Buna misal olaraq Volski hakimiyyəti dövründə Xocalı rayon sakini, sabiq Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevin 20 Yanvar faciəsindən sonra qarşısına çıxan maneələrə baxmayaraq, komendant vaxtı körpə uşağın müalicəsini davam etdirməsini, öz həkimlik peşəsini şərəflə, vicdanla yerinə yetirməsini göstərmək olar. Məmməd həkim qarşısını kəsən, ona xəstə müraciətinə getməməsi üçün əmr verən komendanta, əgər məni xəstəyə baxmağa çağırsalar, mən yenə də köməyə gedəcəm, ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin Bakıda öldürdüyü yüzlərlə oğul - qızlarımızdan, o cümlədən o həkimlərdən artıq deyil demişdir.
     1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Rusiyanın hərbi qüvvələrinə və himayədarlığına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz Vətənində qaçqına çevrildi.
     Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən, dostu düşməndən seçməyi çox yaxşı bacarır. İlahi ədalət qarşısında bütün cinayətkarlar öz cəzalarını gec-tez alacaqlar. Necə ki, mənfur qonşularımıza haqq etdiyi cəzanı verdik. Müzəffər Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi, Xocalı qatillərini də cəhənnəmə göndərdi. Nigaran qalan, qisas istəyən bütün şəhidlərimizin ruhu qələbəmizlə rahatlıq tapdı. 20 Yanvarda qanla yazılan şanlı tarixə illər sonra Zəfər Günü də əlavə olundu. 
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər