9 NOYABR "MİLLİ BAYRAQ GÜNÜ"
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.
Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Rənglərin rəmzi mənasına gəldikdə isə mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Elə bu münasibətlə də Xocalı rayon sakinləri də Dövlət Bayrağı gününü qeyd etdilər. Belə ki, 07.11.2014-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə 105 nəfər iştirak etdi.