Vətən Müharibəsi Şəhidləri
Vətən Müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurdu. Düşmənin 30 ildə qurduğu istehkamlarını yardıqca Xilaskar Ordumuz irəli gedərək torpaqlarımızı işğaldan azad etdi. Mərd oğullar öz canlarını sinəsi mərmidən göynəyən Vətən torpaqlarına sipər etdilər. Zəfər yolunun başlanğıcında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Sənan Miriyevdir.
Miriyev Sənan Arif oğlu 1998-ci il mart ayının 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyata buraxılmışdır. Lakin onun hərb peşəsinə olan məhəbbəti yenidən hərbi forma geyməsinə səbəb oldu. Atasının digər sahədə çalışma istəyinin əksinə çıxaraq hərbçi olmağı üstün tutdu. 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Onun arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. Sənanın kəşfiyyaçı olmaq arzusu gerçək oldu. Lakin onun ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi. Onun arzusu qisas hissi ilə daha da qüvvətlənirdi.
Vətən Müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, Vətənə sevgisini və düşmənə nifrətini göstərmək üçün bir imkan oldu. Bir-birinin hünərindən ilham alan igid əsgərlərimiz düşmənin üstünə qorxmadan irəlilədilər. Qorxmaz oğullarımızın sayəsində tarixi torpaqlarımızı bərpa etdik. Sənan da Vətən müharibəsində cəsur döyüşçü kimi iştirak edərək qəhrəmancasına şəhid oldu. 27 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Sənanın cismi, canını qurban verdiyi müqəddəs torpağımıza qarışdı. Şəhidlərimiz Vətən torpağına qarışmaqla müqəddəs torpağın parçasına çevrildilər. İndi Sənanın və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Miriyev Sənan Arif oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Subay idi.
Ağcabədi rayonu Şəhidlər Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!
Vətən sevgisi mərd oğullarımızı qoynuna çağırdı, düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışı uğrunda döyüşə səslədi. Bunun üçün ilk öncə düşmənin 30 il ərzində qurduğu mühəndis-istehkamlarını aşıb keçmək lazım idi. Düşmənin sığındığı çaqqal yuvalarını dağıtmaq üçün igid hərbçilərimiz qorxmadan döyüşlərə atıldılar. Böyük Zəfərə yol açan hərbçilərimizdən biri də Xəqani Nəsirov olmuşdur.
Nəsirov Xəqani Kamran oğlu 1982-ci ilin iyun ayının 29-da Xankəndi şəhərində anadan olub. 1988-ci ildə Xocalıya köç edən Nəsirovlar ailəsi fin evlərdə məskunlaşıblar. Ailədə 4 qardaş olublar. Xocalı soyqırımı zamanı Xəqaninin yaxın qohumları şəhid olub, itkin düşüblər. Soyqırım günü atasının xalası oğlu Yaşar şəhid olub, atasının dayısı oğlu Azər isə itkin düşüb. Əmisi Nəsirov Ramiz Kamal oğlu I Qarabağ Müharibəsinin fəal iştirakçılarından biridir. Cəsur kəşfiyyatçı olan Ramiz Nəsirovun igidliyi, döyüş şücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Xocalı qətliamı zamanı Xəqaninin əmisi Ramizin rus milliyətindən olan qayınatası Dmitri Butko və həyat yoldaşı Tatyana Dmitriyevna həlak olublar.
Xocalıdan didərgin düşən ailə əvvəlcə Şirvanda, sonra Naftalanda, 2002-ci ildən isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.
Xəqani Nəsirov 2000-ci ildə hərbi xidmətə getmişdir. 2003-cü ildə Dövlət Yanğından Mühafizə Hissəsinin Xocalı rayon bölməsində işə düzəlib. Lakin o, bu işdə darıxır, Vətənə olan borcunu ön cəbhədə xidmət aparmaqla yerinə yetirmək istəyirdi. Xəqani torpaqlarımızın işğalı ilə heç vaxt barışmırdı. Məhz buna görə 2014-cü ildə Xəqani Dövlət Yanğından Mühafizə hissəsinin Xocalı rayon bölməsindən işdən çıxaraq müddətdən artıq həqiqi hərbi xidmətə yazıldı. Seçdiyi peşədən zövq alan Xəqani tezliklə torpaqlarımızın azad edilməsi üçün döyüşlərin başlayacağını da bilirdi.
Qardaşı Ceyhun şəhid qardaşı haqqında xatirələrini ürək ağrısı, eyni zamanda fəxr və qürur hisləri ilə danışır. Xəqaninin vətənpərvərliyi ilə seçildiyini, deyib-gülən bir insan olduğunu, böyükdən-kiçiyə hər kəs onun xətrini çox istəyərdi deyir. Hamı onun haqqında xoş sözlər danışır.
Xəqani idmana xüsusi həvəsi və bacarığı ilə daim fərqlənib. Dəfələrlə yüngül atletika, futbol və stolüstü tennis üzrə Xocalı rayon çempionu olub. Vətənpərvər gənc kimi cəmiyyətdə tanınıb. Vətənə bağlılığı, torpağa olan sevgisi onu hərb həyatına gətirdi.
Xəqani kiçik yaşlarında olarkən erməni separatçıları onun doğulduğu Xankəndi şəhərini, sonra pənah apardıqları Xocalı şəhərini işğal etdilər. Yaşadığı şəhərdə bəşər tarixində ən dəhşətli soyqırım aktlarından biri törədildi. Bütün bu yaşadıqları yeniyetmə Xəqaniyə təsir etmişdi. Doğma torpaqlarından didərgin düşmək, həmyerlilərinə qarşı törədilmiş soyqırım aktı onu daim narahat edirdi. Bir gün əlinə silah alıb düşmənlə döyüşmək, qisas almaq düşüncələri ilə yaşayırdı. Vətən Müharibəsinin başlanması ilə vətənpərvər gənclərimiz, cəsur həbçilərimiz qəhrəmancasına döyüşlərə atıldılar. 27 sentyabrda Xəqani Talış və Suvoquşan kəndlərinin alınmasında, düşmənin qurduğu istehkamların yarılmasında öz canını Vətənə sipər etdi. I Qarabağ müharibəsində çoxlu sayda erməni terrorçusunu məhv edən Ramiz əmisinin şərəfli döyüş yolundan nümunə götürən Xəqani mərmi yarası alsa da, düşməni torpaqlarımızdan çıxartmaq üçün son damla qanına qədər vuruşmağı qarşısına məqsəd qoymuşdu. Lakin pusquda dayanan xain düşmənin atdığı güllə onun boyun hissəsindən dəyərək döyüşlərinə son qoydu. Qorxmaz, cəsur döyüşçümüz torpaqlarımızın azad olunduğu xəbərini gətirən ilk müjdəçilərdən oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Bərdə şəhəri "Şəhidlər" Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!
Doğum günü Xocalı Soyqırımı gününə düşən Vətən Müharibəsi Şəhidi ABDULLAYEV TURAL ŞAKİR oğlu
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış
qəhrəman oğullarımızdan biri də Tural Abdullayevdir. Onun şücaəti, qəhrəmanlıq salnaməsi indiki və gələcək nəsillərimiz üçün əsl vətənpərvərlik məktəbidir.
Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırım törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoyub. Tural doğum gününü qeyd etməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu soyqırım gününə düşüb.
Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçibdir. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Tural cəmiyyət arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından atasına Xocalının qisasını almaq lazımdır deyərdi. Üçrəngli Bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına çevirib. Vətən Müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak etmişdir. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. Boz qurd ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi möhürləndi.
Şəhidimizin atası Şakir əmi Tural haqqında xatirələrini belə danışır: Tural əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. O, danışarkən dedi ki, mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim. Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilirdi. Zaqatalada DİN XTQ-də işləyərkən ən çətin əməliyyatlarda iştirak edirdi.
Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən döyüş əməliyyatlarında iştirak etmişdir. Qorxmaz Vətən oğlu öz cəsarəti, hünəri ilə düşmənə ağır zərbələr vurmuşdur. Qəhrəmancasına döyüşərək sentyabrın 30-da əbədiyyətə qovuşan Tural Abdullayev xalqımıza qələbə sevinci bəxş edən qeyrətli oğullarımızdan biri oldu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Abdullayev Tural Şakir oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarxli Sərəncamına əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Subay idi.
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz qəbiristanlığında dəfn edilib.
Ruhu şad olsun!
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz ƏHMƏDOV NİCAT HƏSƏN oğlu
Qəhrəman igidlərimiz Vətənimizin, dövlətimizin tarixinə adlarını qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular. Erməni təcavüzü və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan minlərlə igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçiblər. Vətən Müharibəsində şərəfli ölümə - daha doğrusu ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Nicat Əhmədovdur. O, şəhidlik zirvəsinə ucalmaqla ömür payını Vətən torpağının bütövlüyü uğrunda qurban verdi.
Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-i Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçübdür. Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi. O, ixtisasını çox sevirdi, həmin ixtisas üzrə işləmək arzusu idi. Maraqlı tələbəlik illəri keçib, qrup yoldaşları ilə çox mehriban olub. Bu gün onlardan Nicatın tələbəlik xatirələrini eşidirik.
Nicat universiteti bitirdikdən sonra 2020-ci il iyulun 24-ü Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə yola düşdü. O, əsgərlikdə rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini daşıyırdı. Hər şey çox yaxşı idi, özü də çox həvəsli idi. Ailəsi onu gözəl abu-havada xidmətə yola salmışdı. Sentyabrın 22-i Nicatın doğum günündə əzizləri onu görməyə gedir. Nicatın 22-ci doğum günü hərbi hissədə qeyd edilir. Hər əsgər anası kimi, Nicatın anası Xatirə xanımın da narahatlığı vardı, amma heç vaxt oğlunun şəhid olacağı ağlına gəlməzdi.
Sentyabrın 27-i müharibə başlayanda, qorxmaz Nicat da döyüşlərdə iştirak edirdi. Evdəkilər narahat olsa da, o özü döyüşlərin cəsur iştirakçısı kimi düşmən üstünə gedirdi. Hər zəngində mənə görə narahat olmayın, mən yaxşıyam, siz özünüzə yaxşı baxın deyirdi. Oktyabrın 7-ə qədər hər gün evə zəng edib. Son zəngi oktyabrın 6-ı olub. Axşam saat 9-a qalmış evə zəng edib, hamı ilə danışıb. Yenə "mən yaxşıyam, hər şey yaxşıdı, narahat olmayın" deyib. O zəng Nicatın sonuncu zəngi olub. Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidin bacısı Lalə Əhmədova onun haqqında xatirələrini qürur hissi ilə danışır: Nicatın uşaqlıqdan ən sevdiyi oyuncağı silah, avtomat olubdur. Həmişə davalı, döyüşlə bağlı kinolara baxardı. Hətta, yaşı kiçik olanda anam ona qorxar deyə döyüş kinolarına baxmağa icazə verməzdi, amma böyüdükcə onda daha çox maraq yaranırdı. Futbolu da çox sevərdi, dostları ilə tez-tez yığışıb futbol oynamağa gedərdi. Uşaqlıqdan ünsiyyətcil, şən, mehriban, səmimi, dostcanlı idi. Elə bu xüsusiyyətləri onu hamımızdan fərqləndirirdi. Özünə tez dost tapan idi, buna görə də çox dostları, tanışları var idi. Hətta son illər dostları ilə daha çox vaxt keçirirdi. Nicat çox mərd oğlan idi. Evimizin balacası olmasına baxmayaraq, həmişə özünü böyük, yetkin kimi aparırdı. Evdə hamımızın köməyinə çatardı. Məni də böyük qardaş kimi hara lazım olsa aparar, dərsdən gəlib gətirərdi. Hara əlimizi atsaq, Nicat deyə çağırardıq. Ona görə də bu gün onun yoxluğu çox hiss olunur. Bəzən hər şey yuxu kimi gəlir, onun yoxluğuna inana bilmirik, hələ də dərk edə bilmirik. Çox çətindi insanın canından can getməsi...
Bizə müsahibələrdə, elə adi halda da o sual verilir ki, “Şəhid ailəsi olmaq və ya şəhid anası, atası, bacısı olmaq necə hissdir?” Mən o suala ümumi belə cavab vermək istəyirəm. Şəhid ailəsi olmaq bir yanın acı çəkərkən, digər yanının qürur hissi keçirməsidir. Şəhidlik uca bir zirvədir, Nicatımız da ucalardadır. Biz həmişə onunla fəxr etmişik, indi onunla daha çox fəxr edirik. Nicat bizim qəlbimizdə daim yaşayacaq...
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Əhmədov Nicat Həsən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Nicat evin tək oğlu olub. Özündən başqa bir bacısı var.
Subay idi.
Ruhu şad olsun!
Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı MUSTAFAZADƏ CEYHUN ŞÜKÜR oğlu
Əsrlər keçəcək, amma Rəşadətli Ordumuzun hünəri, qəhrəman hərbçilərimizin şərəfli döyüş yolu haqqında dastanlar, hekayələr bitməyəcəkdir. Yenilməz Azərbaycan əsgəri xalqımızın milli ruhunu canlandırıb, həmrəyliyimizi daha da artırıb. Əyilməz iradəmiz, döyüşkən ruhumuz və həmrəyliyimiz qarşısında heç bir qüvvə tab gətirə bilməz. Böyük Zəfəri xalqımıza bəxş edən, bizə sonsuz qürur və fəxr hissi yaşadan igid hərbçilərimizdir.
Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də şəhid Ceyhun Mustafazadədir. Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə orta təhsil almağa başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri Fərman və saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib. Təşəkkür məktubunda qeyd olunub ki, Ceyhun hərbi xidmətdə olduğu müddətdə özünü nizam - intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərib. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Məktubda həmçinin oğlunuz Ceyhun suveren, müstəqil Azərbaycan Dövlətinin mənafeyini yüksək tutaraq, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda öz əsgər borcunu layiqincə yerinə yetirir sözləri yazılıb. Ceyhun 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyatçı kimi davam etdirib.
Ceyhun Mustafazadənin atası Şükür kişi də dövlətinə, millətinə layiqincə xidmət göstərib. Şükür kişi 1993-ci ildən 2004-cü ilə qədər Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis orqanlarında çalışdığı ilk vaxtlardan Mustafayevlər ailəsi Xocalı qeydiyyatına düşüb.
Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki, ağ bayraq qaldıracaqlar deyib. Yüksək əhval-ruhiyyə içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırıb.
Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında şücaətlə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ceyhun Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Ceyhunun qisasını artıqlaması ilə aldılar.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Mustafazadə Ceyhun Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı və Cənab Prezidentin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Subay idi.
Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.
Ruhu şad olsun!
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı RAMAZANLI ƏLİZAMİN UMUD oğlu
Vətənin sinəsinə çəkilən çarpaz yara, alnımızdan xəcalət ləkəsi ancaq yenilməz xalqın həmrəyliyi, Ali Baş Komandanımızın qətiyyəti və igid oğullarımızın hünəri sayəsində götürülə bilərdi. 27 sentybr 2020-ci il 44 gün davam edərək sonu Böyük Zəfərlə yekunlaşan qalibiyyət yolunun başlandığı gün kimi tarixə düşdü. Döyüşlərin ilk günlərindən məhv edilən ermənilər qaçmağa başladılar. Hər gün Cənab Prezident topraqlarımızın alınması müjdəsini tvitlərlə, çıxışları ilə xalqımıza çatdırdı. Xalq olaraq qələbəyə kökləndik. Eyni zamanda qızğın döyüşlər davam edirdi. Düşmən bir qayda olaraq silah-sursatlarını döyüş meydanında qoyub qaçır, ancaq uzaqdan artilleriya silahları ilə atəş açırdı.
Qanı bahasına torpaqlarımızı azad edən, yeni qəhrəmanlıq salnaməsində imzası olan igidlərimizdən biri də kəşfiyyatçı Əlizamin Ramazanlıdır.
Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il ilin yanvar ayında hərbidən tərxis olunub.
Əlizamin uşaqlıqdan Vətən, Ana sözlərini dilində əzbər etmişdi. O, uşaq yaşlarından igid kimi böyüyürdü. Əlizamin əsgər olarkən hər zaman Vətənin keşiyində layiqincə durmağı özünə borc bilib. Valideynlərinə "mən hərbi xidməti bitirsəm də, yenidən Vətənimin keşiyində durmağa qayıdacağam" deyirdi. Əlizamin evin tək oğlu idi. Valideyləri evin tək oğlu olduğu üçün bu iş çətin yoldur desə də, Əlizamin razı olmayıb. Vətənpərvər gənc valideynlərinə mən hərbçi olacağam deyərək 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı Gizir kimi işə başlayıb.
Əlizamin kiçik yaşlarından anasından qohumu, “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib. Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə yoğrulmuşdu.
Anası ilə danışanda məndən narahat olmayın, ən ağır silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey Vətən üçündür. Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi.
Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyi, nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib.
Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən, son görüşündə "ana, gəl şəkil çəkdirək, bu şəklimizi xatirə saxlayarsan" deyərək evdən ayrılıb.
Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Əlizamin Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə döyüş yoldaşının maşından düşməsini xahiş edərək "erməni öldürməyə mən gedəcəyəm" deyib. Komandiri isə Əlizaminə "sən yeni gəlmisən, gözlə" desə də, o xahişində təkidli olub. Əlizamin Ramazanlı oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Komandiri deyir ki, Əlizamin komandanın göyərçini gözündən vuran ürəyi idi. Ramazanlı hansı döyüşə gedərdisə iş yoldaşları bizə qorxu yoxdur deyərmiş. Əlizaminin uşaqlıqdan idmana böyük həvəsi vardı. O, idmanla məşğul olurdu. Çevikliyi, cüssəsi ilə sanki kəşfiyyatçı olmaq üçün doğulmuşdu.
Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır! deyərək qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı, Qarabağı yağı düşmən tapdağından azad etdik. Şəhid Əlizamin Ramazanlı da toprpaqlarımızın işğaldan azad edilməsi uğrunda öz canından keçərək uca məqama yüksəldi.
Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Subay idi.
Ruhu şad olsun!
Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz CAVADOV NAMİQ RƏHBƏR oğlu
Sentyabrın 27-də başlayan Vətən Müharibəsi 30 ilə yaxındır düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən Müharibəsində şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq. Azərbaycan xalqı igid oğulları ilə hər zaman fəxr edir, onların adını uca saxlayır.
İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri də Namiq Cavadovdur.
Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olmuşdur. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır.
Vətənə, torpağa uşaqlıqdan bağlı olan Cavadov Leytenant rütbəsi ilə 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay Vətənə xidmət etmişdir. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanmışdır. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlistliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını, onlara canının bir qardaş, bir valideyn kimi yanmasını dilə gətirir. Öz ixtisasının atıcı-snayperçi olmasına baxmayaraq, tank sürməyi, mina dəf etməyi də bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz dözümlü qalmağın dərsini öyrədirmiş.
Hər zaman işğal olunmuş torpaqların həsrətindən danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından bəhs edərdi. Gerbinə, Bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub, uca saxlayıb.
Vətən Müharibəsi zamanı ehtiyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u Vətən uğrunda döyüşlərə çağırılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə getmiş, Qubadlı döyüşlərində iştirak etmişdir. Burada gedən ağır döyüşlərdə şücaətlər göstərərək, Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxmışdır. Döyüşlər zamanı 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas etmişdir. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışdır.
Namiq Cavadavoun 2 övladı - 22 yaşlı qızı, 20 yaşlı oğlu yadigar qalıb.
Şəhid Leytenant Namiq Cavadov II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Cavadov Namiq Rəhbər oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ruhu şad olsun!