Şriftin ölçüsü :

Saytın rəngi :

Ictimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq” layihəsi uğurla davam etdirilir!

15 noyabr 2014 | 16:00

 

07 noyabr  2014-cü il tarixində  fərdi şəxs qismində Nərgiz Vəliyeva Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən iki  aylıq “Ictimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq!” layihəsi çərçivəsində ikinci  təlimini həyata keçirmişdir. 
Layihə çərçivəsində ikinci  təlim Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Xocalı rayon  2 saylı tam orta  məktəbində həyata keçirildi.
Tədbirin açılışında giriş nitqi edərək  layihənin rəhbəri Nərgiz Vəliyeva vurğuladı ki, uzun müddət sovet ideologiyası ilə yaşadıqdan sonra müstəqillik  qazanan zamandan bəri milli dəyərlərimizin  düzgün, effektiv şəkildə aşılanmaması, keçid dövrünü yaşamağımız,  1 milyona yaxın  qaçqın və məcburi köçkün problemi ictimai davranış qaydalarında pozuntulara gətirib çıxardıb. Həmçinin  Bakı və ətrafının urbanizasiyalaşması prosesi, kənd  və rayon yerlərindən işsiz qalan əhalinin şəhərə iş dalınca üz tutması,  kənd və şəhər  ictimai davranış qaydalarının, dəyərlərinin  bir-birinə çulğaşması prosesi daha da mürəkkəbləşdirdi. Lakin getdikcə güclənən dövlətimiz və iqtisadiyyatımız fonunda Azərbaycanın Qərbə  inteqrasiyası  zamanında, bir dövlət kimi güclənməsi, dünya birliyinin, beynəlxalq ictimaiyyətin bir üzvü olması onun mədəni dəyərlərinin təcəssümünü tələb edir. Bu baxımdan layihənin əsas məqsədi  gələcəkdə gənc mədəni, sivil nəsil formalaşdırılmasına nail olmaqdır.
Layihənin təlimçisi Aytən Qurbanova  ilk təlim çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Xocalı rayon  2 saylı tam orta  məktəbinin yuxarı sinif şagirdlərinə  ictimai nəqliyyatda davranış qaydaları, cəmiyyətdə salamlaşma, tanışlıq, xahiş, üzr istəmə kimi davranış və etiket qaydaları haqqında, həmçinin süfrə mədəniyyəti, kafe, restoran, parkda, xidmət və iaşə obyektlərdə davranış qaydaları  ilə bağlı şagirdlərə geniş məlumat vermiş və qarşılıqlı müzakirələr aparmışdır. Təlim çərçivəsində şagirdlərə layihə çərçivəsində çap olunan “İctimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq” kitabı hədiyyə edilmişdir. Kitabda yuxarıda qeyd olunan və əlavə mövzular geniş işıqlandırılmışdır.
Başda Fiqurə Rüstəmova olmaqla Xocalı rayon 2 saylı məktəb  rəhbərliyi  və müəllimlər layihənin vacibliyini dönə-dönə vurğulamışdır. Direktor Fiqurə Rüstəmova qeyd etmişdir ki, “Ictimai davranış qaydalarının təbliğinə məktəbdən başlayaq!” adlı nəşr edilmiş vəsait müəllimlərə də paylanılacaq və dərs zamanı geniş istifadə olunacaq. Tədbir iştirakçıları mövzunun hazırkı cəmiyyətimiz üçün çox aktual olduğu və həssas bir problem olduğunu nəzərə alaraq  layihənin davamlılığının, daha geniş coğrafiya əhatə etməsinin zərurətini vurğulamışlar.


 

Keçidlər