Xocalılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni ili qeyd etdilər.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, Azərbaycan millətinin birlik şüarinin simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir. 1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə həmvətənlimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrilmişdir. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Xocalı rayon sakinləri də bu günü böyük təntənə ilə qeyd etdilər. Belə ki, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29.12.2014-cü il tarixdə Xocalı rayon Mədəniyyət evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə ümumrayon bayram tədbiri keçirildi. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və gələn bayramlarımızın işğal olunmuş torpaqlarımızda keçirilməsini arzuladı. Daha sonra tədbir geniş musiqi kompazisiyası ilə davam etdi. Şaxtababa və qar qızın iştirakı tədbirə xüsusi rəngarənglik qatdı.