Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR - QAN YADDAŞIMIZ

19 yanvar 2015 | 16:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Xocalı sakinləri də “20 Yanavar” şəhidlərini andılar. Belə ki, 19.01.2015-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirildi. Tədbir Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yarləşən “Xocalı” abidəsini ziyarət etməklə başladı və Xocalı rayon İcra Hakimiyyətində davam etdirildi. Tədbirdə rayon ictimaiyyəti, idarə və təşkilat rəhbərləri, eyni zamanda Qarabağ müharibəsi iştirakçıları, Ermənistanın Azərbaycana təcavüzü zamanı zorakılığa məruz qalmış soydaşlarımız da iştirak edirdilər. İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, daha sonra tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov xalqımızın başına gətirilən müsibətlərdən danışdı və Allahdan şəhidlərimizə rəhmət dilədi. Şəhidlərimiz bu vətən, bu torpaq uğrunda canlarını qurban verdilər, onların xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.             
                  Allah bütün şəhidlərimizə rəhmət eləsin…

Keçidlər