26 İYUN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR.
26.06.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatşılığı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə Goranboy rayon aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri, həmçinin digər idarə və müəssisə rəhbərləri iştirak etmişlər. Çıxış edənlər bildirmişlər ki, 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.