15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir
15 iyun 2026 | 13:29
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Əliyevin giriş sözü ilə açıq elan edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anar Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müasir tarixinin ən şərəfli səhifələrindən biridir. Bildirilmişdir ki, 1993-cü ilin iyun ayında ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı nəticəsində aradan qaldırılmışdır. Məhz Ulu Öndərin qətiyyətli siyasəti sayəsində Azərbaycanda sabitlik bərqərar olmuş, dövlətçilik ənənələri möhkəmləndirilmiş, ölkənin davamlı inkişafının əsası qoyulmuşdur. Vurğulanmışdır ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycan daha da güclənərək regionun lider dövlətinə çevrilmişdir.
Daha sonra Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov geniş məruzə ilə çıxış etmişdir. Şahmar Usubov bildirmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, xalqın milli birliyinin və həmrəyliyinin təntənəsi kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ildə ölkəmiz dərin siyasi və iqtisadi böhranla üz-üzə qalmış, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir çətin zamanda xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı kimi məsuliyyəti öz üzərinə götürərək ölkəni parçalanmaq təhlükəsindən qurtarmışdır.
Rayon rəhbəri vurğulamışdır ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, Azərbaycan beynəlxalq aləmdə layiqli mövqe qazanmışdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası sonrakı dövrlərdə ölkəmizin iqtisadi qüdrətinin artmasına, ordumuzun güclənməsinə və dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Şahmar Usubov qeyd etmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu tarixi nailiyyətlərin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü dövlətçilik məktəbi və milli inkişaf strategiyası dayanır. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın qüdrətinin və dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir.
Çıxışının sonunda Şahmar Usubov Milli Qurtuluş Gününün Azərbaycan xalqının birliyi, dövlətçiliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulamış, bu dəyərli irsin qorunmasının hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir.







