2015-ci il 9 ayın yekunu ilə bağlı ümumrayon tədbiri.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır.
Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.
Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır.
Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır.
Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir.
Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir.
Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.
Onu da qeyd etməliyəm ki, şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir.
Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin.
Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır.
Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir.
Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir.
Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir.
Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq.
“Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görülmüş, addımlar atılmışdır. “Cənub” qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin.
Digər layihələrdə - “Şahdəniz-2” və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında icra ediləcək.
Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər.
Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.
Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik.
Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik.
- İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq.
Makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq.
İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinci yerdədir və bu, əslində görülən işlərin bariz nümunəsidir.
“Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.
Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.
Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.
`Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir.
Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir.
Biz isə çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc əldə edirlər.
Qeyd etməliyəm ki, Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan reallıqları bunu göstərir. Belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi - maliyyə böhranının mövcudluğu şəraitində biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə, biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ kimi qeyd edilməlidir.
Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.
Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.
Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?!
İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq.
Bu il “Kənd təsərrüfatı ili”dir. Kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının – Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır.
Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında 1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir.
İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir.
Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb.
Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.
Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq.
Metro tikintisi gedir. Bakı-Sumqayıt şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar insanların rahatlığı üçündür.
Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər.
Nəhayət, gələn il “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox ciddi işlər görülməlidir. Artıq praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də yubanma olmasın. “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, “Cənub” qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, “Cənub” qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. də 20.10.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyəti də 2015-ci il 9 ayın yekunları ilə bağlı ümumrayon tədbiri keçirmişdir. Tədbirdə qeyd edilmişdir ki, 9 ayda rayonumuzda əhalinin sosial təminatı məsələləri uğurla həyata keçirilmişdir. əmək haqqıları, təqaüdlər, sosial ayırmalar, çörək pulları vaxtlı-vaxtında çatdırılmışdır. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bərdə şəhərində 70 ailə, Mingəçevir şəhərində isə 63 ailə yeni mənzillə təmin edilmişdir. Əhalinin kommunal təminat məsələləri işıq, su, qaz və.s. normal həyata keçirilmişdir. Səyyari qəbullar, idarədə qəbullar keçirilir. Əhalinin istifadəsi üçün səhiyyə sahəsində daimi yüksək keyfiyyətli xidmət göstərilir. Mədəniyyət sahəsində əhalinin konpakt yerlərində xidmətlər aparılır. Təhsil üçün məktəblərdə lazımi şərait yaradılıb və bu işlər davam etdirilir.