Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ DİRÇƏLİŞ GÜNÜ.

17 noyabr 2015 | 16:00

       17.11.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 17 noyabr “Milli Dirçəliş Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, həmçinin rayon ictimaiyyəti iştirak edirdi. Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirmişdir ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. XX əsrin 80-cı illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. O zamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “dirçəliş” günü adlandırdı. Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. Çox mütərəqqi, inqilabi, demokratik hərəkatın, oyanışın başında əsl vətənpərvərlər dururdu. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxmışdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yaranmışdı, qan tökülürdü. Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetirirdilər. Qaniçən vəhşilər heç kimə – qocalara, körpələrə, hətta hamilə qadınlara belə aman vermirdilər. Bütün bu ədalətsizliklər və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə “Meydan hərəkatı” adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu “Meydan hərəkatı” nı yatırtmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan – Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz  müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1988-ci ildə ermənilər xalqımıza qarşı növbəti xəyanət planını hazırlayırdılar. Onlar Şuşada cəngavərlik meydanımız olan Topxana meşəsini qırıb, yerində alüminium zavodu tikmək, Dağlıq Qarabağda iğtişaşlar yaratmaq və oranı Ermənistana birləşdirmək fikrində idilər. Noyabrın 17-si BDU-nun tələbələri, müəllimləri buna qarşı öz etiraz səslərini ucaltdılar və bu böyük izdiham şəhərin küçələrini dolaşaraq Azadlıq meydanına tərəf yeridi. Adamla dolu meydanda mitinq keçirilir, ermənilərin özbaşınalığı pislənir, Dağlıq Qarabağın təhlükə altında olmasından həyacanla danışılırdı.  Gənclər soyuq gecələrdə də meydanı tərk etməyib, xalqın haqqını sona qədər müdafiə etdilər. Meydanın ətrafında çadırlar quruldu, ora Azərbaycanın hər yerindən ərzaq və odun daşındı, minlərlə insan meydanda gecələdi. Ancaq Sovet ordusu 18 gündən sonra top və tanklarını meydana yeritdi. İnsanlar döyüldü, əzildi. Elə dirçəliş uğrunda ilk şəhidimiz – Gündüz Xəlilov da o gecədə həlak oldu. Sovet ordusu meydanı boşaltmağa, insanları topların, tankların gücünə meydandan yığışdırmağa nail olsa da, bu möcüzəylə bərabər 18 gün xalqın milli özünüdərkində, oyanışında, dirçəlişində, daha sonra əldə olunan azadlığında əhəmiyyətli rol oynadı. Bu tarixi xidmətlərin nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı, əbədi, dönməz bir xarakter aldı. Gənc dövlətimiz addım-addım, mərhələ-mərhələ irəlilədi, artıq sivil dövlətlərin keçdiyi demokratik inkişaf yoluna çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırd Prezidentimizin təşəbbüsü ilə dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Nəhəng şirkətlərin Azərbaycana marağı artmışdır. Xarici sərmayə qoyuluşuna və iqtisadi inkişaf surətinə görə ölkəmiz 2005-ci ildə nəinki regionda, həm də dünyada liderlər sırasına çıxdı. Qeyri neft sektoruna – rabitə, maşınqayırma, yeyinti, xidmət sahələrinə xarici sərmayə qoyuluşu durmadan artdı. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşmış Heydər Əliyev adına “Bakı – Tbilisi – Ceyhan” Əsas İxrac Boru Kəməri artıq tam gücü ilə işləyərək neftimizi dünya bazarına çıxarır. Bu kəmər və inşası başa çatdırılmış “Bakı – Tbilisi – Ərzurum” qaz kəməri həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynamaqdadır. Bölgələrdə modul tipli elektrik stansiyalarının istifadəyə verilməsi, “Əsrin müqaviləsi” əsasında neft və qaz istehsalının genişlənməsi ölkəmizin enerji təhlükəsizliyini təmin etmişdir. Bakı – Tbilisi – Qars dəmiryol xəttinin inşası Yaponiya və Cin mallarını Qərbi Avropaya daşımaqda mühüm rol oynamaqla yanaşı, Azərbaycanın nəqliyyat təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir. 17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli qərarlar qəbul edilib. Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “Sovet sosialist” sözləri əbədi olaraq atılıb, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay – ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib... Bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına Azərbaycan xalqının böyük oğlu, xalqımızın milli qurtuluş savaşına öz övlad və vətəndaş payını vermək istəyi ilə Moskvadan Vətənə Azərbaycana – Naxçıvana qayıtmış böyük öndər Heydər Əliyev rəhbərlik edib. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz möhürünü və imzasını əbədi həkk edib...
Bəli, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası İqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.... Mən bu yoldan dönməyəcəyəm”.
Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı.
Qeyd etdiyimiz kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən 27 ilə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmək olar. Ötən 27 ildə torpaqlarımızın təxminən 20 faizini Ermənistanın təcavüzü nəticəsində müvəqqəti itirsək də, dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edə bilmişik. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərdilərsə də, Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir. İqtisadiyyatımız MDB-də ən yüksək inkişaf surətinə malikdir. Həyata keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayə qoyulmaqdadır. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür. Bəli, Azərbaycanda meydan hərəkatı xalqı birləşdirdi, ölkəmizin müstəqilliyə doğru getməsi üçün xalqı oyatdı. Bu oyanma xalqı müstəqilliyə apardı. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Ulu öndər Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. 

 

Keçidlər