Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər Günü”.

02 fevral 2016 | 16:00

02.02.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyəti və Xocalı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək bildirmişdir ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası məhz Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuşdur. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Bunu bilən Ümummilli Liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər Günü kimi yazdı.Sonralar mütəmadi keçirilən forumlarda Ümummilli Liderimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı. Heydər Əliyev bu təşəbbüsü ilə gəncləri sovet düşüncəsi təsirindən qurtarır, söz sahibi olan azad düşüncəli insanlara çevirirdi. Gənclərə göstərilən diqqət və qayğı bəhrəsini verirdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanırdı. Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var və hal-hazırda bu siyasət kursu möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlət quruculuğunda gənclərin inkişafına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait, böyük diqqət və qayğının nəticəsidir. Eyni zamanda Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır. Çıxışının sonunda cənab Başçı gəncləri təbrik etmiş, onlara işlərində müvəfəqiyyətlər, uğurlar və xalqımıza, dövlətimizə layiqli övladlar olmalarını arzulamışdır.
Daha sonra rayonun ictimai həyatında aktiv iştirakına görə bir qrup gənc rayon icra başçısı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Tədbir musiqili proqramla davam etmişdir.

 

 

Keçidlər