Xocalı yol gözləyir.
24.02.2016-cı il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Xocalı rayon və Goranboy rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə “Xocalı yol gözləyir” devizi altında Xocalı soyqırımı qurbanlarının kütləvi anım mərasimi təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul nümayəndələri, Xocalı rayon və Goranboy rayon İcra hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilat kollektivləri, şəhid ailələri, bir sıra ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə erməni vəhşiliklərini, Xocalı həqiqətlərini əks etdirən kompazisiyanın təşkil olunmasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs ansanbılı, Xocalı və Goranboy rayon birləşmiş bədii özfəaliyyət kollektivi, Gəncə Dövlət Dram Teatrının aktyorları yaxından iştirak etmişdirlər. Sonda çıxış üçün söz tədbirin təşkilatçılığında dəstəyi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyevə, Birlik komandiri general-mayor Hikmət Həsənova, Goranboy rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevə və Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyevə verilmişdir. Çıxış edənlər tədbirin hazırlanmasında başda Abdulla Qurbani olmaqla əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin misilsiz xidmətləri olmuşdur. Hal-hazırda da bu istiqamətdə möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən ardıcıl və sistemli iş aparılır. Faciənin ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Xocalı soyqırımı ilə əlaqədar tədbirlər planı təsdiq edilir və icra olunur. Həmçinin dünyanın bir çox ölkələrində soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla anılır, yürüşlər, mitinqlər, piketlər keçirilir. Dünyanın ən nüfuzlu qəzetlərində soyqırımla əlaqədar məqalələr nəşr olunur, radio və televiziya kanallarında erməni vəhşiliklərini əks etdirən filmlər nümayiş olunur. Hər birimiz bir Azərbaycan vətəndaşı olaraq məhz bu istiqamətdə əlimizdən gələni əsigəməməliyik.
Sonda tədbir möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sözlərindən sitat gətirilərək tamamlandı: Mən inanıram ki, Azərbaycanımızın bayrağı Xankəndində, Xocalıda, Şuşada, Laçında və digər işğal olunmuş rayonlarımızda dalğalanacaqdır.
Xocalıya qayıdış var. Xocalıya yürüş var. Xocalıya dönüş var!...