Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ümumrayon tədbiri.

07 mart 2016 | 16:00

07.03.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan  qadınlar, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirmişdir ki,  “8 Mart Beynəlxalq Qadınlar Günü” Sovet İttifaqı dövründən bizə irs qalan bir gün olsa da, Respublikamızda indiyədək qeyd olunur. Heç təsadüfi deyil ki, qadınların kütləvi şəkildə savadlanması və müəyyən hüquqlara malik olması məhz bu dövrlə bağlıdır. Elə bunun üçün də digər sosializm mənşəli bayramlardan fərqli olaraq, “8 Mart Beynəlxalq Qadınlar Günü” artıq müstəqillik qazanmış keçmiş SSRİ Respublikalarının təq vimindən bu günə qədər silinməyib. Lamiyə xanım və çıxış edən digər ictimaiyyət nümayəndələri qadınları təbrik edərək, onlara cəmiyyətimizin ən zərif varlıqları kimi daim diqqət mərkəzində qalmalarını arzu etdilər. Yekun olaraq söz Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Cənab başçı bildirdi ki, cəmiyyətimizdə hər zaman qadın mövqeyinə yüksək hörmətlə yanaşılmışdır. Bunun ən bariz nümunəsidir ki, Şərqdə ilk dəfə qadına səsvermə hüququ məhz ölkəmizdə verilmişdir. Həmçinin 1995-ci ildə Azərbaycan Respublikası rəsmi şəkildə “Qadına qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” konvensiyaya qoşulmuşdur. Heç şübhəsiz ki, bu günkü gündə Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən proseslərdə iştirak edir. Belə ki, bacarıqlı qadın idmançılarımız beynəlxalq idman yarışlarında ölkəmizi qürurla təmsil edərək, bayrağımızı yüksəklərə qaldırır və himnimizi səsləndirirlər. İstedadlı və yüksək intellektual bacarığı olan qadınlarımız beynəlxalq əhəmiyyətli tədbirlərdə, toplantılarda, konvensiyalarda iştirak edərək, dövlətimizin dünya ölkələri arasında nüfuzunun daha da artırılması istiqamətində mühüm işlər görürlər.
Hər il bayram günü ərəfəsində möhtərəm prezidentimiz İlham Əliyev cənabları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, cəmiyyətimizdə intellektual-mədəni sərvətlərin yetişməsində əməyi olan, xüsusi mövqe tutan qadınlara fəxri adlar verir, orden və medallarla təltif edir. Məhz möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qadınlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, bu gün qadınlarımız cəmiyyətimizdə yüksək mövqe tutaraq, böyük nüfuz qazanmışlar. Rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov qadınları təbrik edərək, onlara xoşbəxtlik, can sağlığı, ailə səadəti və işlərində uğurlar arzuladı.
Tədbir Xocalı rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı musiqili proqramla davam etdi.
Sonda rayonun ictimai-siyasi həyatında xüsusi rol oynayan qadınlar Rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov tərəfindən müxtəlif hədiyyələrlə təltif olundular.
 

Keçidlər