Xocalı rayon ictimaiyyəti ilə "Dini radikalizm və multikulturalizm" mövzusunda görüş keçirilmişdir.
21.04.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon 3 saylı Uşaq-Musiqi məktəbində “Multikulturalizm Dövlət Dəyərimizdir” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2016-cı ili “Multikulturalizm” ili elan etməsi ilə bağlı Sərəncamının icrasının nəticəsidir ki, hal-hazırda Respublikanın müxtəlif regionlarında dini qurumlarla işin təşkili ilə bağlı komissiyalar təşkil olunmuş və komissiyaların təşkilatçılığı ilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. Respublikmızın digər regionlarında olduğu kimi Xocalı rayonunda da bununla bağlı komissiya təşkil olunmuşdur. Komissiyanın məqsədi Xocalı rayonu üzrə zərərli dini-ekstremist cərəyana qoşulmuş və qoşulma ehtimalı olan gəncləri bu zərərli vərdişlərdən çəkindirmək, bununla bağlı baş verə biləcək hər hansı bir neqativ halın qarşısının alınması istiqamətində fəal iş aparmaqdır.
Ümumiyyətlə hər bir dövlətin gələcəkdə uğurlu və təhlükəsiz inkişafı üçün ən başlıca şərtlərdən biri həmin dövlətdə mədəniyyətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə təmin olunmasıdır. Məhz bu istiqamətdə ölkəmiz bir sıra Qərb ölkələrinə nisbətən olduqca uğurlu mövqe sərgiləyir.
Daha sonra mövzu ilə bağlı çıxış edənlər – Xocalı rayonu üzrə dini qurumlarla işin təşkilatçısı Anar Əliyev, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Göyüş Həsənov, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı bildirmişlər ki, Azərbaycan dünyəvi və demokratik dövlətdir və bu məsələ dövlətimizin ali qanunu olan Konstitusiyamızda da öz əksini tapmışdır. Ümumiyyətlə Dövlət – din münasibətləri qurularkən dini və ideoloji deyil, ədalət konsepsiyası əsas götürülməlidir. Hal-hazırda ölkəmizin apardığı uğurlu tolerant siyasətin nəticəsidir ki, Azərbaycanda müxtəlif mədəniyyət və dinlərin nümayəndələri siyasi sabitlik şəraitində bir ailə kimi yaşayırlar. Azərbaycanda dövlət-din münasibətlərinin örnək bir model kimi beynəlxalq aləmə təqdim olunması siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.