Xocalı rayonundan olan şəhid torpağa tapşırıldı.
Aprelin 2-də cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Xocalı şəhər sakini, 08.07.1997-ci il təvəllüdlü əsgər Mehralıyev Sərvan Natiq oğlu bu gün dəfn olunub. Şəhid doğulub boya-başa çatdığı Ağdam rayonunun Üçoğlan kəndində torpağa tapşırılıb. Onun dəfnində Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 5000 nəfərdən çox rayon sakini, şəhidin qohumları,dostları iştirak ediblər. Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, qaçqın və məcburi köçkünlər öz doğma yurd–yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət diləmişdir. İzdihamlı tədbirdə iştirak edən Millət Vəkili Elman Məmmədov, Müdafiə Nazirliyinin və şəhidin qulluq elədiyi “N” saylı hərbi hissənin zabit heyəti, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək şəhidin yaxınlarına səbr diləmiş, Silahlı Qüvvələrimiz tərəfindən işğalda olan bütün torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyini bildirmişlər. Daha sonra şəhidin atası Natiq Mehralıyev çıxış edərək övladı şəhid olduğundan qürur duyduğunu bildirmişdir. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Yekunda Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimaiyyət nümayəndələri şəhidin qəbri üzərinə tər çiçək dəstələri düzdülər.