Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əlirza oğlu Əliyevin 93-cü ildönümü ilə bağlı “Müstəqil Azərbaycan dövlətinin yaranmasında Heydər Əliyevin rolu” mövzusunda ümumrayon tədbiri.

05 may 2016 | 16:00

05.05.2016-cı il tarixdə YAP Xocalı rayon Təşkilatı və Xocalı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 93-cü ildönümü ilə bağlı “Müstəqil Azərbaycan dövlətinin yaranmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa şəklində ümumrayon tədbiri keçirilmişdir.
Tədbir ilk öncə Ulu Öndərin Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsindəki “Heydər” parkında yerləşən abidəsinin önünə gül dəstələri düzməklə başladı. Daha sonra tədbir Xocalı rayon Mədəniyyət evində davam etdirildi.
Tədbirdə Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov başda olmaqla, rayonun idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirmişdir ki, Azərbaycan tarixinin müxtəlif taleyüklü məqamları və mərhələlərində vətənimizi ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük şəxsiyyətlərin üzərinə düşüb. Belə şəxsiyyətlərin önündə gedən Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevdir.
14 iyul 1969-cu il !... Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gün ! Azərbaycan xalqının şərəfli tarixi yolunun, iqtisadi-siyasi, mədəni-mənəvi inkişafının başlandığı gün ! Bu günü xalqımız illərlə, əsrlərlə xatırlayacaq, bayram kimi qeyd edəcək, Heydər Əliyevin ideyaları, tükənməz irsi gələcəyimizin təminatı olacaqdır.
1923-cü il may ayının 10-da Azərbaycanın qədim diyarı Naxçıvan şəhərində anadan olan Heydər Əliyev hələ gəncliyindən biliyi, bacarığı, işgüzarlığı və bir sıra digər keyfiyyətlərinə görə dövlət qurumlarında yüksək vəzifələrə irəli çəkilmişdir.
1967-ci ildə isə Respublika Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edildi. Bu vəzifədə o, ilk azərbaycanlı idi. Ümumiyyətlə, DTK-da işlədiyi bütün dövrlərdə Azərbaycan xalqının, onun ziyalılarının müdafiəsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş dahi öndərin bütün fəaliyyətinin önündə milli amil dayanırdı. O, keçmiş SSRİ-nin yol verdiyi ən kiçik imkanlardan məharətlə istifadə edərək, respublikamızda nəhəng sənaye obyektlərinin işə salınmasına, tikinti-quruculuq, abadlaşdırma işlərinin aparılmasına, mənzil tikintisinin genişləndirilməsinə, kənd təsərrüfatının, o cümlədən, üzümçülüyün və pambıqçılığın inkişafına, suvarma sisteminin yaradılmasına, habelə, elm, təhsil, incəsənət və bu kimi digər sahələrin irəliləyişinə, ziyalıların, alimlərin, sadə əmək adamlarının ən ali səviyyədə mükafatlandırılmasına nail olmuşdur. Mübaliğəsiz demək olar ki, indiki müstəqil dövlətimizin inkişafında, ölkəmizin bir sıra xarici dövlətlərdən asılılığının minimuma endirilməsində Heydər Əliyevin qoyduğu bünövrənin misilsiz əhəmiyyəti vardır.
1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı təkcə onun ömrünün deyil, bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Təsadüfi deyil ki, Ulu Öndər deyirdi: “Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim”. O, bundan sonrakı ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini elan etdi. Beləliklə, Heydrə Əliyev öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi.
Heydər Əliyevin böyük siyasətinin uğurlarından biri də Azərbaycanın gələcəyinin təmin edilməsi məsələsi idi. Kadr siyasətində varislik üsulunun tətbiqi, dövləti idarə edə biləcək, müasir xarici və daxili siyasətə sinə gərə biləcək şəxslərin yetişdirilməsi idi. Belə şəxslərdən biri, daha doğrusu, birincisi İlham Əliyev idi. Bu barədə Heydər Əliyev çox uzaqgörənliklə demişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.
“Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir”.
Tarix və şahidi olduğumuz illər dahi öndərin fikrini tam sübuta yetirdi.
Prezidentliyi dövründə İlham Əliyev cənabları xalqa vəd etdiyi bütün problemlərin həllinə nail oldu.
Tikinti-quruculuq işləri böyük vüsət almış, xalq təsərrüfatının bütün sahələrində islahatlar uğurla davam etdirilmişdir. Ölkənin mədəni-mənəvi sahələrində ibrətamiz yüksəliş əldə edilmişdir.
Cənab başçı çıxışının sonunda bildirmişdir ki, Möhtərəm prezidentimiz, Ulu Öndərin xarici siyasətini də əzmlə davam etdirir. Azərbaycan artıq dünyada öz sözü olan ölkədir. Bu bir həqiqətdir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaxın illərdə dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcəkdir.


                 

Keçidlər