Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 71-ci ildönümü ilə bağlı ümumrayon tədbiri.

06 may 2016 | 16:00

06.05.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı şəhər 4 saylı tam orta məktəbdə faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunmuş dəyirmi masa şəklində ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, XX əsrdə II dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli bir dövr olmuşdur. Belə ki, həmin dövrdə Almaniya və İtaliyada yaranmış faşizm, nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdır. Sözügedən illərdə Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm da arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişdir. Həmin dövrdə respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb, yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddət ərzində Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilmişdir. Azərbaycan neftçiləri bütün çətinliklərə sinə gərərək, cəbhəni və sənayemizi yanacaqla təmin etmişlər. Daha sonra çıxış edən şəxslərdən Xocalı şəhər 4 saylı tam orta məktəbin əməkdar müəllimi Xalidə Əmiraslanova, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru İsmixan Həsənov və Xocalı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ramiz Alıyev bildirmişlər ki, II dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdir. Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlamış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdır. Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmişdir. Müharibədə ideoloji və siyasi yönümündən asılı olmayaraq 50-dən çox dövlət anti-faşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmişdir. Faşist bloku (Almaniya, İtaliya, Yaponiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Finlandiya) məğlub edilmiş, bu bloka daxil olan ölkələrin əksəriyyəti müharibənin gedişində onun tərkibindən çıxaraq Almaniya və Yaponiyaya müharibə elan etmişlər. Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdur. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülümlərə məruz qalmışdır.  Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. II dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600000-dən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübariz yol keçmişdir. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170000 Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Bütün bunlar onu deməyə əsas verir ki, II dünya müharibəsi illərində faşizm üzərində qələbənin əsas meyarı Azərbaycan xalqının cəsarətli, fədakar mövqeyi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin hər il bu istiqamətdə BVM iştirakçılarına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. 2016-cı ildə də bunun bariz nümunəsi olaraq Böyük Vətən Müharibəsi əlillərinə 1000(min) manat, iştirakçıların dul arvadlarına 500 (beş yüz) manat birdəfəlik müavinət ödənilməsi üçün Sərəncam  imzalamışdır. Bütün bunlar xalqımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ulu Öndərimizin əsasını qoyduğu və hal-hazırda da möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilən uğurlu siyasətin ən bariz nümunəsidir. 

Keçidlər