“15 may Beynəlxalq Ailə Günü” ilə bağlı ümumrayon tədbiri.
18.05.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “15 may Beynəlxalq Ailə Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Lamiə Qarayeva bildirmişdir ki, 15 may tarixi BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr qətnaməsi ilə bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə cəmiyyətdə bütün diqqətin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədilə hər il mayın 1-dən 15-ə kimi silsilə tədbirlər həyata keçirilir. Ümumiyyətlə ən qədim zamanlardan etibarən ailə cəmiyyətdə “ən müqəddəs məfhum” kimi qəbul olunur. Bununla əlaqədar keçirilmiş bütün tədbirlərdə də məqsəd ailə dəyərlərinin qorunub saxlanılmasını və ailə münasibətlərinin möhkəm təməl üzərində qurulmasını təmin etməkdir. Ümumiyyətlə bu və ya digər şəkildə insan hüquq və azadlıqları ilə bağlı qəbul olunmuş qanunlar sırf ailələrlə əlaqədardır. Çünki cəmiyyətdə hər bir fərd bir ailənin üzvüdür. Onun hüquq və azadlıqları isə ailəsinin hüquq və azadlıqlarıdır. Hazırki ailələrin sosial problemlərinin yaranmasının əsas səbələri cəmiyyətdə baş vermiş sosial-iqtisadi təbəqələşmə, ailələrin sağlamlıq imkanlarının məhdud olması, cəmiyyətdə qadın mövqeyinin kəskin şəkildə dəyişməsi və s. şəkildə özünü biruzə verir. Ulu Öndər Heydə Əliyev hər zaman cəmiyyətimizin əsas təməl daşı olan Azərbaycan ailəsi və onun problemlərini diqqət mərkəzində saxlamışdır. Hal-hazırda möhtərəm prezidentimiz İlham Əliyev cənabları da Azərbaycan ailələrinə qarşı bu həssas münasibəti layiqincə davam etdirir.
Tədbir Xocalı rayon Mədəniyyət evinin müdiri Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanmış “Qara paltarlı qadın” tamaşasının nümayişi ilə yekunlaşdı.