Xocalı rayon ümumtəhsil məktəblərində "Son Zəng" tədbiri keçilmişdir.
14.06.2016-cı il tarixdə Xocalı şəhər 4 saylı tam orta məktəbdə “Son Zəng” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Xocalı şəhər 4 saylı tam orta məktəbin direktoru Hökümə Quliyeva bildirmişdir ki, Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri 2015/2016-cı tədris ilində də əvvəlki illərdə olduğu kimi həm davamiyyət, həm də tədris baxımından qənaətbəxş nəticə göstərmişlər. Daha sonra çıxış üçün söz Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verilmişdir. Şahmar müəllim növbəti tədris ilinin başa çatması münasibətilə şagirdləri təbrik etmiş və onlara uğurlar arzu etmişdir. Cənab başçı bildirmişdir ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən hal-hazırda aparılan uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Belə ki, hal-hazırda Azərbaycan mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, nəhəng regional layihələrə qoşulur. Təkcə iqtisadi sahədə deyil, həm də sosial sahədə, ən əsası da təhsil sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublika təhsili forma və məzmunca özünün yeni inkişaf səviyyəsinə çatmışdır. Məcburi köçkün şəraitində olmasına baxmayaraq, Xocalı rayonu üzrə fəaliyyət göstərən 12 tam orta məktəb də respublikada gedən bu inkişafdan heç də geri qalmır. Belə ki, Xocalı rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əvvəlki illərdə olduğu kimi 2015/2016-cı tədris ilində də istər respublika, istərsə də beynəlxalq səviyyəli yarışlarda rayonumuzu qürurla təmsil edib, mühüm nailiyyətlər əldə etmişlər. Sonda cənab başçı əldə olunmuş bütün bu uğurların ölkəmiz üçün davamlı olmasını arzulamışdır. Daha sonra XI sinif şagirdləri üçün son zəng çalınmışdır. Tədbirin bədii hissəsi məktəblilərin ifasında şeir, mahnı və rəqs nömrələri ilə davam etmişdir.