Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası.

15 iyul 2016 | 16:00


15.07.2016-cı il tarixdə saat 11:00-da Xocalı rayon İcra hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdilər. İclasda Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun məruzəsi dinlənildi.
Həmçinin cənab prezident İlham Əliyevin çııxışı tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun məruzəsi ətrafında rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Habil Rzaquliyev çıxış etdilər.
Sonda vətəndaşların müraciətləri dinlənildi və aidiyyatı üzrə rəhbər şəxslərə tapşırıqlar verildi.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezident İlham Əliyevin çıxışı.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, bu gün biz altı ayın yekunlarını müzakirə edəcəyik. Görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir.
Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır.
2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Bizim mövqelərimizə silahlı hücum təşkil edilmişdir. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik.
Bu münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır.
Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
2016-cı ildə bizim xarici siyasətimiz çox fəal olmuşdur. İlin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Cənab Prezidentin çoxsaylı xarici səfərləri beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Cənab Prezident ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak edib. Davos Ümumdünya İqtisadi Forumu - bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı - bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Cənab Prezidentin Sammitə dəvət olunmağı ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda, Sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, dövlət katibi ilə Cənab Prezidentin çox səmərəli görüşləri olmuşdur.
Cənab Prezident Türkiyədə iki beynəlxalq tədbirdə iştirak etmişdir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilmişdir və orada aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur.
Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir - Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə və Almaniyaya. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki görüş keçirilmişdir. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda.
Yəni, bütün bu beynəlxalq tədbirlər və Azərbaycanın o tədbirlərdə fəal iştirakı ölkəmizin önəmini göstərir, eyni zamanda, bizim üçün yeni imkanlar açır. Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Varşavada NATO-nun Zirvə görüşündə də Cənab Prezidentin çıxışının demək olar ki, yarısı bu mövzuya həsr edilmişdir və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir.
Münaqişənin həlli ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm ki, bu il, xüsusilə son üç-dörd ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur. Aprel hadisələrindən sonra may ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada görüş keçirilmişdir. Düzdür, Ermənistan tərəfi görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüşdür. Bu şərtləri irəli sürərək özlərini bir daha gülünc vəziyyətə qoymuşdular. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir şərtlə razılaşmayacaq. Danışıqlar prosesi bizə də, onlara da lazımdır. Aprel hadisələri bunu bir daha göstərib. Əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət dəyişə bilər.
Beləliklə, may ayında keçirilmiş görüşə Azərbaycan heç bir şərt qəbul etmədən qatılıb və öz mövqeyini ifadə edib. May görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki, bəyanat nə imzalanıb, nə də qəbul edilib. Həmsədr ölkələr bəyanat qəbul ediblər, amma o bəyanat onların daxili işidir. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilmişdir. O görüş də çox müsbət keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz buna görə görüşün nəticəsində birgə bəyanat qəbul edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. Hesab edirəm ki, Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır.
Dünən Fransa Prezidenti cənab Ollandla görüşüm olubdur. Fransa da həmsədr ölkə kimi münaqişənin həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı. Məsələnin mərhələli yollarla həlli yeganə mümkün variantdır. Əgər bu variant reallaşarsa, onda həm torpaqlarımız işğalçılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qarabağın erməni əhalisi və mütləq oraya qayıdacaq azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşayacaqlar. Bunun başqa həlli yolu yoxdur.
Qeyd etməliyəm ki, son 3-4 ay ərzində danışıqlarda çox böyük fəallıq müşahidə edilir. Təbiidir, Ermənistan indi hər vəchlə çalışacaq ki, danışıqlar prosesinə yenə də zərbə vursun. Yenə də çalışacaq ki, vaxtı uzatsın. İstisna edilmir ki, təmas xəttində növbəti təxribata əl atmaqla danışıqları pozsun. Necə ki, 2014-cü ildə Parisdə Prezident Ollandın təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Bu, sırf təxribat idi və bunu indi hamı bilir, beynəlxalq ictimaiyyət də bilir. Bunu bəyan etməsələr də bilirlər. Həmin təxribat zamanı mövqelərimizə qəsdən hücum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıqlar pozulsun və pozuldu da. 2015-ci il danışıqlar prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, Minsk qrupu dekabr ayında görüntü naminə İsveçrədə formal görüş keçirmişdir. O görüşdən sonra görünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa bilər və aprel ayında növbəti təxribat törətmişdir. Ona görə məsələ ilə məşğul olan böyük dövlətlər bütün bu reallıqları bilməlidirlər. Əslində, bilirlər. Cənab Prezident ikitərəfli formatda Azərbaycanın mövqeyini, real məsələnin bu tarixini və münaqişənin səbəblərini açıqlamışdır. Ona görə hesab edirəm ki, indiki dövrdə yaxşı imkanlar yaranıb. Ümid edirəm ki, bu proses müsbət nəticələrə gətirib çıxaracaq.
Bununla bərabər, təbii ki, biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər.
Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq.
Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni, real sektor artıb.  Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır. Bu barədə indi burada məlumat veriləcəkdir.
Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur.
İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür.
Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır.
2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.
Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda, vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıbdır. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq.
Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir.
Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar.
Yəni, 2016-cı ilin birinci yarısında doğrudan da böyük işlər görülüb. Biz bu işlərin nəticələrini gələcək illərdə görəcəyik. Bununla bərabər, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan iki istiqamət üzrə də yaxşı nəticələr var. Həm “Cənub” qaz dəhlizinin, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdaşlarımız üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür. Həm liman, həm Şimal-Cənub və Şərq-Qərb dəhlizləri inşa edilir. İndi bütün tərəfdaş ölkələrlə və potensial tərəfdaş ölkələrlə ciddi danışıqlar aparılır. Biz çalışmalıyıq ki, yükləri səfərbər edək və Azərbaycan ərazisindən keçən yük daşımalarının sayı artsın. Bu da ölkəmizin həm siyasi maraqlarına cavab verəcək, həm də ki, böyük mənfəət gətirəcəkdir.
Prezident İlham Əliyevin yekun nitqi
Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir.
Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır.
Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.
Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb. Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq.
Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır.
Bildiyiniz kimi, artıq müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir. Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq. Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir.
Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.
Artıq bütün struktur məsələləri öz həllini tapıb. Eyni zamanda, Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq, - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə – toxuculuqla, xalçaçılıqla məşğuldurlar, - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik.
Bir sözlə, sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir. Bu il və növbəti illərdə bu sahəyə diqqət göstəriləcək.
Bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd təsərrüfatı naziri, həm “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın.
Biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.
Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.
Ona görə, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir.  Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər.
Taxılçılıqla bağlı. Qeyd etdiyim kimi, biz hələ ki özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq.
Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Qısa müddət ərzində bu sahədə çox ciddi dönüş yaranmışdır. Burada bəzi rəqəmlər səsləndi. Mən bu məsələlərə bir qədər geniş toxunmaq istəyirəm. Misal üçün, sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar.
İndi bizim daha da geniş planlarımız var. Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Azərbaycanda 354 min tut ağacı var, payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir.
Tütünçülüyün inkişafına da çox böyük maraq var və burada da cəmi bir il ərzində böyük işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir.
Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Cənab Prezident əminliklə bildirdi ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın.
Ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək. Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır.
Digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə maraqlananda maraqlı bir mənzərə ortaya çıxır. Məlumdur ki, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar.
Hazırda Azərbaycanda istixanaların tikintisi çox geniş vüsət alıb. İş adamları buna böyük vəsait qoyurlar. Dövlət də öz dəstəyini verir və bu, bizim ixrac potensialımıza çox müsbət təsir göstərir. Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, qiymətlər aşağı düşür, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb. Bu, çox böyük rəqəmdir. İdxal da azalıb.
İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin. Birincisi, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır. İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var. Yerli istehsalı sürətləndirmək, artırmaq üçün, əlbəttə, biz tənzimləyici tədbirlər də görməliyik. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq.
Kənd Təsərrüfatı naziri qeyd etdi ki, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir. İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq. Bütün lazımi tədbirlər görülüb və qeyd olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə, həm toxumçuluğa kifayət qədər böyük vəsait ayrılıb. Burada da çox ciddi irəliləyiş olacaqdır. Burada bir neçə məqsədi güdürük. İlk növbədə, bundan sonra tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik. Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm içməli su ilə təmin edir, həm də ki, bunun əkin sahələrinə də faydası var. Bu il qazılacaq subartezian quyuların hesabına 3 min hektar torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət İnvestisiya Proqramında meliorativ tədbirlərin görülməsinə bundan sonra da vəsait ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə baxmalıyıq. Çünki bizim həm büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar satır. İndi manat ehtiyatı yaranıb. Qoy hökumət təklif versin biz bu vəsaitdən necə istifadə edək ki, lazım olan tədbirləri həll edək və vaxt itirməyək.
Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir.
Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.
Valyuta gətirən sahələrdən biri də turizmdir. Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub.
Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq. Bu tədbirləri biz keçiririk. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək.
Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.
Qeyd etməliyəm ki, “ASAN xidmət” mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək.
Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək.
Cənab Prezident bir rəqəmi də ictimaiyyətin diqqətinə çatdırmağı lazım bildi. Bildiyiniz kimi, yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olmuşdur. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq.
Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır.
Bu il daha bir ciddi sosial təşəbbüs irəli sürüldü. Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir.
Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə o sahibkarlar da buna hazır olmalıdırlar. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik.
Bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir. Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir.
Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək.
İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir.
Qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Amma gələcək fəaliyyətimiz əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Cənab Prezident əminliklə bildirdi ki, verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq.

Keçidlər