20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu mövzusunda ümumrayon tədbiri keçirildi
20 yanvar 2023 | 10:25
Xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olundu.
Xocalı Rayon İcra Hakimiyyətinin, YAP Xocalı rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 20 Yanvar qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə qəsəbədə ucaldılmış Xocalı faciəsi abidəsini ziyarət edib, önünə qərənfillər düzdülər.
Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən ümumrayon tədbirini giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildirdi.
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi Xalidə Əmiraslanovanın 20 Yanvar əlilləri və şəhid ailələrinə dövlətin qayğısı barədə məruzəsi dinlənildi, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çxışında 1990-cı il 20 yanvar gecəsində xalqımıza qarşı törədilmiş terror aktına əsl hüquqi-siyasi qiymətin verilməsində və bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu haqqında danışdı, “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu 1990-cı il 20 yanvar faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərin kütləvi informasiya vasitələrində, mətbuatda işıqlandırılması mövzusunda çıxış etdi.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov sovet imperiyasının riyakar siyasətindən, həmişə ermənilərin xeyirnə qərarlar çıxarmasından danışdı. Qeyd etdi ki, otuz üç il bundan əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar siyasətindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənərək paytaxtımızın küçə və meydanlarına çıxıb buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.
Rayonumuzun rəhbəri bildirdi ki, Azərbaycan xalqının özünün olanı özünə qaytarmaq əqidəsinin nəticəsidir ki, Vətən müharibəsində 30 il ərzində düşmən tapdağında olan torpaqlarımıza azad edə bildik. Xalqımız bu əqidəni davam etdirərək Bütöv Azərbaycan uğrunda arzularını, amalını həyata keçirəcək.
Sonda Kosalar kənd Mədəniyyət Evinin hazırladığı, Kosalar kənd mədəni-maarif işçilərinin və Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə bədii kompozisiya nümayiş etdirildi.