Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.

20 yanvar 2024 | 13:01
     1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə şəhidlərimizə borcluyuq.
    Qanlı Yanvar hadisələrindən 34 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
    Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar da şəhidlərimizi dərin ehtiramla yad etdilər, ruhlarına dualar oxudular.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
     Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə ilk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon prokurorunun köməkçisi Hikmət Əsədov, Xocalı rayon ziyalısı Sabir Qasımov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədən başlayaraq Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs etdilər. 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu bildirdilər. Çıxış edən natiqlər 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyini diqqətə çatdırdılar.
     Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş "Dəyişən talelər" adlı sənədli film nümayiş etdirildi.
    Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən səs siqnalları verildi.
Keçidlər