Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon təhsil işçilərinin Sentyabr Konfransı.

07 sentyabr 2016 | 16:00

      07.09.2016-cı il tarixdə saat 1100-da Xocalı rayon Mədəniyyət evində Rayon təhsil işçilərinin “Sentyabr Konfransı” keçirilmişdir. Konfrans iştirakçıları ilk öncə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Heydər” parkını ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşdülər. Daha sonra konfrans Xocalı rayon Mədəniyyət evində davam etdirilmişdir. Konfransda  rayonun idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti ilə bərabər Təhsil Problemləri İnstitutunun əməkdaşı İlham Cavadov da iştirak edirdi.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev geniş məruzə ilə çıxış etmişdir. Şakir Əliyevin məruzəsi ətrafında Xocalı rayon Kosalar kənd tam orta  məktəbinin  direktoru  Quliyev Rafiq Şahlar  oğlu, Xocalı şəhər 4 saylı tam orta məktəbin  direktoru  Quliyeva  Hökumə  Surxay qızı, Xocalı şəhər  1  saylı  tam  orta  məktəbinin  dərs  hissə  müdiri Həsənov Aydın   Əyyub  oğlu, TQDK-nın  Gəncə  Regional  bölməsinin sədri  Məmmədov  Nəsimi  Kamran  oğlu, Yüksək  balla ali  məktəbə qəbul  olan  Xocalı şəhər 4 saylı  tam orta  məktəbinin  məzunu  Bəhramlı  İradə Fəxri qızı, Yüksək  balla ali  məktəbə qəbul  olan  Kosalar kənd tam orta  məktəbinin  məzunu  Məhərrəmov  Sadiq  Yaşar oğlu və Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin nümayəndəsi cənab İlham Cavadov çıxış etmişdilər. Yekun olaraq söz Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Cənab Şahmar Usubov da öz növbəsində 2016-2017-ci tədris ilinin başlanması və qarşıdan gələn  “Bilik Günü” münasibətilə təhsil işçilərini və şagirdləri təbrik etmiş, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır. Sonda Qabaqcıl  təhsil  işçiləri, qəbul imtahanında yüksək bal  toplamış şagirdlər  mükafatlandırıldı, Konfransın qərar layihəsi oxundu və konfrans iştirakçıları tərəfindən cənab prezident İlham Əliyevə müraciət ünvanlandı.

 

 07 sentyabr  2016-cı  il  tarixdə  Xocalı  rayon
təhsil   işçilərinin     sentyabr      konfransında
RTŞ-nin   müdiri  Ş.S.Əliyevin  “2016-2017-
ci  dərs  ilinin  yekunları  və qarşıda  duran  vəzifələr”  mövzusunda 
               
                                   M    Ə   R   U   Z   Ə   S   İ.
Hörmətli  İcra  Başçısı !  Hörmətli  qonaqlar, hörmətli həmkarlar !

Azərbaycanda  dövlət  müstəqilliyinin   bərpa  olunmasından  keçən 25 il ərzində   bütün sahələrdə  olduğu  kimi  təhsil  sahəsində də nəzərəçarpan  irəliləyişlərə, inkişafa  təhsili ən gərəkli  sahə  hesab  edən  ümummilli  liderimiz  Heydər  Əliyevin  apardığı  və bu gün də möhtərəm  Prezidentimiz İlham Əliyev  cənabları  tərəfindən  davam  etdirilən  uğurlu  siyasət  nəticəsində  nail  olunmuşdur.”Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini  qarşıya qoyan  İlham Əliyev cənablarının bütün sahələrdə  olduğu kimi  təhsil  sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. Gələcəkdə Azərbaycanın  təhsil  sahəsində görüləcək işləri özündə planlı şəkildə əks  etdirən “Azərbaycan  Təhsilinin  İnkişafı Strategiyası”nın Ölkə Başçımız tərəfindən  təsdiq  olunması və mərhələ ilə həyata keçirilməsi  onun Azərbaycan  təhsilinə xüsusi diqqət və qayğı göstərməsinin  bariz təzahürüdür.  2003-cü illə  müqayisədə  2016-cı  ildə ölkəmizin  dövlət  büdcəsi  15 dəfə , minimum  əmək haqqı  19 dəfə, dövlət  büdcəsinin  tərkibində  təhsilə  ayrılan  ümumi  xərclər  11 dəfə, təhsilin  maliyyələşdirilməsi  və investisiya  qoyuluşu  49 dəfə,  təhsil işçilərinin  orta  aylıq  əmək haqqı  9 dəfə  artmışdır. 2003-cü  ildən  sonra  təhsil sahəsində  həyata  keçirilən  inkişaf  yönümlü  dövlət proqram  və layihələrin  sayı  28-dir. 2003-2016-cı  illərdə  ölkə  üzrə  3000-ə yaxın yeni məktəb  və əlavə  korpuslar  tikilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş,   təhsil  sisteminin  informasiyalaşdırılması  proqramı  respublikanın  bütün  təhsil  müəssisələrində  uğurla  başa  çatdırılmışdır. Respublikanın  ümumtəhsil  məktəbləri  üzrə  hər  iyirmi  şagirdə bir  kompüter  düşür.  Bizim  təhsil  müəssisələrimizdə  hal-hazırda  120 kompüter  vardır. Bu kompüterlərdən 12-i Təhsil  Nazirliyi  tərəfindən  Xocalı  şəhər 2 saylı  tam orta  məktəbə  verilmişdir. Hal-hazırda rayonumuzda hər  12  nəfər  şagirdə 1 kompüter  düşür. 2003-cü  ildən  etibarən  respublika  üzrə I-XI sinif  şagirdlərinin  pulsuz  dərsliklərlə  təminatı  100% olmuşdur. 2005-ci  ildən indiyə  qədər  respublika  məktəblərinin kadrlarla  təminatı  proqramı  uğurla  icra  olunmuşdur. Bu illər  ərzində  15000 nəfərə yaxın  gənc  kadr  həvəsləndirmə  tədbirləri, əlavə  güzəştlər  tətbiq  olunmaqla   kadr  ehtiyacı  olan məktəblərdə  əmək  fəliyyətinə  başlamışlar. Bu illər ərzində Xocalı  rayonu  üzrə  bu  kateqoriyadan olan 30  nəfər  müəllim rayonumuzun  təhsil  müəssisələrində  əmək  fəaliyyətinə  başlamışdır. 2004 – 2016-cı  illərdə  600-dən  çox  bal  toplayan  abituriyentlərin  dinamikası  artımla  inkişaf  etmişdir.  Son altı il  ərzində  Xocalı rayonu  üzrə  ali məktəblərə  qəbul  olanlardan  7 nəfəri qəbul  imtahanlarında  600-dən  yuxarı  bal  toplamışdır, onlardan  4 nəfəri  Prezident  təqaüdçüləri olmuşdur. Sevindirici  haldır  ki, bu ilki məzunlarımızdan 5 nəfəri  ali  məktəblərə 500-dən yuxarı, 2 nəfəri 600-dən yuxarı  bal toplayaraq  qəbul olmuşlar.  Bütün bu  göstərilən uğurlara, Azərbaycanın inkişaf  etmiş  ölkələr  cərgəsinə qoşulmasına   Ölkə Başçımız  İlham Əliyev cənablarının  apardığı uğurlu  və məqsədyönlü  siyasət  nəticəsində  nail  olunmuşdur. Elə bu siyasətin  nəticəsidir  ki, 2015-ci ildə Azərbaycan dünyada  analoqu  olmayan  bir möhtəşəmliklə təşkil  etdiyi birinci  Avropa  oyunlarına və 2016-cı  ildə  keçirilən Formula-1 yarışlarına ev  sahibliyi  etdi. Bu, Azərbaycanın  gündən-günə  artan  nüfuzunun  göstəricisidir. Məcburi  köçkünlük  şəraitində  fəaliyyətinə  baxmayaraq   respublika  təhsilində  əldə  olunmuş  uğurlar  Xocalı  təhsilinə  də sirayət  etmişdir.
        Məlumat  üçün  bildiririk  ki,  2015-2016-cı  tədris  ilinin əvvəlindən  etibarən  Xocalı RTŞ  tabeliyində  12 tam orta  və 1 UYM   Xocalı  rayon əhalisinin  daha  çox  kompakt  şəkildə  məskunlaşdığı  5  bölgədə (Bakı ş, Gəncə ş,  Şəki ş,   Oğuz rayonu, Goranboy  rayonu) fəaliyyət  göstərir. Bu  təhsil  müəssisələrindən doqquzu (Xocalı  şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba  kənd  tam  orta  məktəbləri )  “Qaçqın və Məcburi  Köçkünlərin  yaşayış  şəraitinin  yaxşılaşdırılması  və məşğulluğunun  artırılması” Dövlət  Proqramlarına  uyğun  olaraq  inşa  olunmuş  yeni  müasir  tipli  məktəb  binalarında  fəaliyyət  göstərirlər.
        2015-2016-cı tədris  ilinin  əvvəlində  rayonumuzun  ümumtəhsil  məktəblərində 144  sinif  komplektində  1392  nəfər  (onlardan 8 nəfəri  evdə  fərdi  təhsilə  cəlb  olunmuşlar) şagirdin  təlim-tərbiyəsi  ilə  291 nəfər  müəllim  məşğul  olmuşdur. Rayonun  Goranboy  rayonu  ərazisində  fəaliyyət  göstərən  məktəblərində  təhsil  alan  şagird  sayının çoxluğu və zəruri  ehtiyac nəzərə alınaraq UYM 2015-ci  ilin  sentyabrından  Hacıkənd  qəsəbəsindən  Goranboy  rayonuna  köçürülmüşdür.  Xocalı  rayon  UYM-də  10 qrupa  150   nəfər  şagird  cəlb  olunmuşdur. Rayonda  fəaliyyət  göstərən  3 məktəbəqədər təhsil müəssisəsində   həyata keçirilən  pedaqoji  proses  RTŞ-nin  diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir. İndiyə  qədər I sinfə  qəbul olunan  uşaqların təxminən  25 % -i məktəbəqədər  tərbiyə  müəssisəsində  təlim  keçmişlər. “Uşaqların  məktəbəhazırlığının  təşkili  məsələləri  haqqında” Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 11 iyul  2016-cı  il  tarixli  271saylı  qərarına  əsasən  yeni  tədris  ilindən  rayonda  olan  5 yaşlı  uşaqlar məktəblərdə  təşkil  olunan  məktəbəhazırlıq  qruplarına  cəlb  olunacaqlar. 2016/2017-ci  tədris  ilində rayonun 5  ümumtəhsil  məktəbində təşkil olunan bu qruplara  rayon  üzrə  olan  5 yaşlı  uşaqların  55%-i cəlb olunmuşdur. Təhsil  Nazirliyinin  müvafiq  məktubu əsasında  həmin  qruplarda  işləyəcək  müəllimlərin  adlı  siyahısı  Təhsil  Nazirliyinə  təqdim  olunmuş,  eyni  zamanda  Xocalı  şəhər  4  saylı   tam  orta  məktəbdə  həmin  müəllimlər  üçün  hazırlıq  təlimləri  təşkil  olunmuşdur. Növbəti  tədris  illərində  Nazirlər  Kabinetinin  təsdiq  etdiyi  kvotaya  uyğun  olaraq 5 yaşlıların  təhsilə cəlb  olunma  faizi  artırılacaqdır. Azərbaycanda  çoxdan  müzakirəsi  aparılan  12 illik  təhsilə  keçid  “Azərbaycan  Respublikasında  Təhsilin  inkişafı  üzrə  Dövlət  strategiyası”nda strateji  hədəf  kimi  müəyyən  olunub.                                                  
         2015-2016-cı  dərs  ilinin  sonunda respublikanın, eləcə  də   rayonumuzun  ümumtəhsil  məktəblərinin  IX siniflərində 2 fənn üzrə-ana dili və riyaziyyat fənlərindən,  XI siniflərində isə 3 fənn üzrə - ana dili , riyaziyyat, xarici dili fənnlərindən  mərkəzləşdirilmiş  qaydada   cavab  kartı  tətbiq  edilməklə TQDK  tərəfindən  keçirilmiş  buraxılış  imtahanlarına  hazırlıq  məqsədilə  buraxılış imtahanları  modelinə  uyğun  suallar  əsasında  sınaq  imtahanlarının  keçirilməsi  bir  vəzifə  olaraq  RTŞ  əməkdaşlarına  və  məktəb  direktorlarına  tapşırılmışdır.  2015-2016-cı  tədris  ili  ərzində  RTŞ  əməkdaşları,  məktəb  rəhbərliyi  və fənn  müəllimləri  tərəfindən  mütəmadi  olaraq  Xocalı  rayon  ümumtəhsil  məktəblərinin  IX və XI siniflərində  buraxılış  imtahanı  modelinə  uyğun  suallar  əsasında  sınaq  yoxlamaları  keçirilmiş, sınaq  yoxlamalarının  nəticələri  məktəb  direktorları  və  fənn  müəllimləri  ilə  birgə  müzakirə  olunmuş, çatışmazlıqların  aradan qaldırılması  istiqamətində  müvafiq  tapşırıqlar  verilmişdir.
           2015-2016-cı  dərs  ilinin  sonunda  IX  siniflər  üzrə  100  nəfər  buraxılış  imtahanlarına   buraxılmış və  hamısı  buraxılış  imtahanlarında  iştirak  etmişdir. Rayonun təhsil müəssisələrinin  IX sinifləri  üzrə mənimsəmə faizi bu il  74%-dir. Bu rəqəm  2015-ci  ildə 66% olmuşdur.
     Buraxılış  imtahanlarının  qiymətləndirmə  qaydalarına  edilmiş  dəyişikliyə  uyğun  olaraq  rayonun  ümumtəhsil  məktəblərinin IX siniflərini   bitirən  şagirdlərin hamısının illik qiymətlər  əsasında yekun  qiyməti  müvəffəq  olmuşdur. Bu şagirdlərə  95  ədəd  adi   nümunəli, 5 ədəd  fərqlənmə  şəhadətnaməsi  paylanmışdır.
IX siniflərin buraxılış  və qəbul imtahanındakı göstəriciləri:
         2015-2016-cı tədris  ilinin  sonunda XI  siniflər  üzrə  113  nəfər  buraxılış imtahanlarına  buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə  mənimsəmə  faizi 61 %-dir. Bu rəqəm 2015-cı ildə 55 % olmuşdur.
             Rayonun ümumtəhsil  məktəblərinin XI siniflərini  bitirən  şagirdlərin illik qiymətləri  əsasında onların hamısının yekun qiyməti müvəffəq  olmuşdur.  Bu şagirdlərə  113 ədəd  adi nümunəli  attestat paylanmışdır.
             
XI siniflərin  buraxılış imtahanındakı göstəriciləri:                                                    
         Məktəblərimizi  bu  il  bitirən 113  nəfər  məzundan  83  nəfəri ali və orta  ixtisas  məktəblərinə  sənəd  vermiş, onlardan 33  nəfəri  ali  məktəblərə, 7 nəfəri  isə orta  ixtisas  məktəblərinə  qəbul  olmuş,  qəbulun  səviyyəsi şagirdlərin  sayına  görə  30% -dir,  sənəd  verənlərin  sayına  görə  40%-dir.  2015-ci  ildə  rayonun tam orta  məktəblərini  bitirən  119 məzundan 91 nəfəri  ali  məktəblərə  sənəd  vermiş, onlardan 34  nəfər  respubllikanın  ali  məktəblərinə, 7 nəfər  orta  ixtisas  məktəblərinə  qəbul  olmuş, qəbulun  səviyyəsi  şagirdlərin  sayına  görə  27%,  sənəd  verənlərin  sayına  görə   37%  olmuşdur.
              2016-cı il məzunlarından  5 nəfəri  ali məktəblərə  qəbul  imtahanlarında 500-dən  yuxarı, 2 nəfəri isə 600-dən  yuxarı  bal  toplamışdır. Qəbul imtahanlarında Xocalı şəhər 3 saylı tam orta  məktəb  üzrə 1 nəfər 500-dən  yuxarı, Xocalı şəhər 4 saylı tam  orta  məktəb  üzrə 3 nəfər  500-dən  yuxarı, Kosalar  kənd tam orta  məktəb  üzrə 2 nəfər 600-dən  yuxarı, Meşəli  kənd tam orta məktəb üzrə 1 nəfər 500-dən yuxarı  bal  toplamışdır.
XI siniflərin  qəbul  imtahanlarındakı  göstəriciləri:                                                            
            Yerli yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti Başçısının köməkliyi ilə  müvafiq təhsil şəraiti yaradılmışdır. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində  Qaragav kənd tam orta məktəbin filialının fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.  Bütün  dərs  ilində  məktəblərimiz  bina  şəraiti və  tədris  üçün  lazım olan  ilkin avadanlıqlarla  (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik  fondunun  və  2015-ci ildə Təhsil  Nazirliyindən  alınan  64 adda 4429  ədəd  dərsliyin hesabına  I –XI sinif  şagirdlərimizin  pulsuz  dərsliklərlə təminatı 100% olmuşdur.  Ötən dərs ilində  I-VIII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz  təlim kurslarında  iştirak  etmişlər.  I-VIII siniflərdə  dərslər  yeni  tərtib olunmuş  fənn kurikulumları  əsasında   tədris  olunmuşdur.  Təhsil sahəsində  yeni  fənn kurikulumlarının  tətbiqi  təhsilin  məzmununda  köklü  dəyişikliklər  yaratmaqdadır. Yeni tədris  ilində  respublikanın  təhsil müəssisələrində  olduğu kimi  rayonumuzun  təhsil müəssisələrində də I-IX siniflər üzrə dərslər  yeni  fənn kurikulumları  əsasında  tədris  olunacaqdır.  Uzun illər  məktəblərimizdə  bədii ədəbiyyata  olan  ehtiyac  2005-2008-ci  illərdə  Ölkə Başçısı İlham Əliyev  cənablarının  tapşırığı  nəticəsində  tam ödənilmişdir.  Ölkə Başçısının bu addımı  müəllimlər, şagirdlər və rayon ictimaiyyəti tərəfindən  böyük razılıq və rəğbət  hissi ilə qarşılanmışdır.  Lakin məktəblərimizdə kifayət qədər bədii ədəbiyyat  olduğu halda  məktəblərimizin  bəzilərində  kitabxana  işinin təşkili heç də  yaxşı  vəziyyətdə deyil. Yeni tədris ilində məktəb  kitabxanalarında dərsliklərin qorunması və oxu işinin  təşkili diqqət mərkəzində  saxlanılmalıdır.
           2016-2017-ci  dərs ilində   Təhsil  Nazirinin  əmrinə  uyğun  olaraq  Xocalı  şəhər 1 saylı, 4 saylı , Yaloba , Meşəli, Kosalar və Başkənd  kənd tam  orta  məktəblərin  II ,III, IV siniflərində  pilot  olaraq  şahmat  fənni  tədris  olunacaqdır. Yerli büdcə vəsaiti  hesabına  tələbata  uyğun olaraq  lazımi  inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları və s. alınaraq  məktəblərə  çatdırılmış, 2015-ci ilin  yay dövründə Xocalı rayon təhsil müəssisələri binalarının  hamısında cari təmir  işləri  görülmüşdür. Dərs ili  ərzində  rayonun ümumtəhsil  məktəblərinin  şagirdləri  bir  sıra  bilik və idman  yarışlarında  iştirak  etmişlər. İdman yarışlarında iştirakda Xocalı rayon Gənclər və İdman  İdarəsinin  gördüyü  işlər  xüsusilə  təqdirə  layiqdir. Kosalar, Başkənd, Yaloba kənd  tam orta məktəblərdən  seçilmiş   komanda  “Şahin” hərbi idman oyunlarının  zona  mərhələsində , Xocalı şəhər 4 saylı  tam orta məktəbin  komandası  “Cəsurlar” yarışının zona  mərhələsində  fəal iştirak  etmişlər. 21 sentyabr  Beynəlxalq  sülh günü  münasibətilə  rayonun təhsil  müəssisələri  şagirdləri  arasında  “Biz  sülh  istəyirik” devizi altında  asfalt üzərində  rəsm  yarışı  keçirilmişdir.  21 sentyabr “Beynəlxalq  Sülh  Günü” münasibətilə “Sülh” aylığı çərçivəsində  Xocalı rayonunun  prokuroru  və prokurorluğun   əməkdaşları  dəfələrlə  müəllim və şagirdlər qarşısında  maarifləndirici   məruzələr etmişlər. 14 iyun 2016-cı il tarixdə “İnsan  hüquqları aylığı” çərçivəsində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 məktəbin  şagirdləri arasında  kross yarışı keçirilmişdir. Xocalı rayon Polis  şöbəsinin  rəisi və əməkdaşları 2015/2016-cı  tədris  ilində  bir neçə dəfə məktəblilər  qarşısında  insan hüquq və azadlıqlarının  qorunması mövzusunda   məruzələr  etmişlər. Rayonun təhsil  müəssisələrinin  hamısında  18 oktyabr  Dövlət  Müstəqilliyi  günü  münasibətilə  “Müstəqəlliyimiz əbədidir, dönməzdir” adı  altında  dəyirmi  masalar  keçirilmişdir.  Dövlət Müstəqilliyi  gününə  həsr  olunmuş  rayon  səviyyəli  tədbirdə  Xocalı şəhər 4 saylı tam orta  məktəbin  şagirdləri  hazırladıqları  ədəbi-bədii  kompozisiya  ilə  çıxış  etmişlər. 09  noyabr  Bayraq  Günü münasibətilə  rayonun  Xocalı  şəhər  4 saylı, 5 saylı, Meşəli, Cəmilli kənd  tam orta məktəbi  şagirdlərinin  iştirakı  ilə  Goranboy  rayonu  Aşağı Ağcakənd  qəsəbəsinin  girişindəki  Bayraq Meydanında  izdihamlı  tədbir  keçirilmiş, sonra  qəsəbənin  mərkəzinə  qədər  yürüş  təşkil olunmuşdur. Bakı  şəhəri  Sabunçu  rayonu  Pirşağı  qəsəbəsində  yerləşən  Xocalı  şəhər 2 saylı tam orta  məktəbin  bir qrup  şagirdinin  Dənizkənarı  Parkdakı   Əzəmətli  Bayraq  Meydanına  ziyarətləri  təşkil olunmuşdur. 12  noyabr  Konstitusiya  Günü  münasibətilə  rayonun təhsil  müəssisələrinin hamısında  geniş  tədbirlər  keçirilmiş, konstitusiyamızın  müddəalarının  Ulu Öndər H.Əliyevin  şah əsəri olması, onun  ölkəmizin  idarə  olunmasında  müstəsna  rolu  vurğulanmışdır.  12  dekabr   Ümummilli Liderimizin  anım  günü  münasibətilə  məktəblərimizdə  silsilə  tədbirlər  keçirilmişdir. Bütün  siniflərdə  ilk  dərs saatları  Ulu Öndərin həyatı və fəaliyyətinə  həsr olunmuşdur.
Təhsil  müəssisələrimizin  hamısında  31  dekabr Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü, Yeni il, Novruz  bayramı  münasibətilə  silsilə  tədbirlər  keçirilmişdir.  Məktəblilərimiz  bu münasibətlə  təşkil  olunmuş  rayon  səviyyəli  tədbirlərdə də  yaxından  iştirak  etmişlər.  20 yanvar, Xocalı faciəsi, 31 Mart  Azərbaycanlıların  soyqırımı günü, Xocalı  rayonu  kəndlərinin, eləcə də digər  rayonların  işğalı  ildönümləri  münasibətilə  rayonun təhsil müəssisələrində  bir  sıra  tədbirlər- dəyirmi masalar, ədəbi- bədii kompozisiyalar, inşa, rəsm sərgiləri, şəhid ailələri, keçmiş döyüşçülərlə  görüşlər  təşkil  olunmuşdur. Bu tədbirlərdə  erməni  şovinistlərinə  nifrət hissi bir daha  məktəblilərə aşılanmışdır.  Rayonun  məktəblərində  olan  müəllim və  şagirdlərin  bir hissəsi ölkə daxilində və xaricdə  kütləvi informasiya  vasitələrində  təşkil  olunan  proqramlarda  iştirak  etmişlər.  2016-cı  ilin  aprel  ayında  məktəblilər  arasında   keçirilən   şahmat  yarışının  respublika  mərhələsində  rayonumuzun  komandası   fəal  iştirak  etmişdir.
Təhsil  Nazirliyinin  təlimatı  məktubuna uyğun  olaraq  rayonun  ümumtəhsil  məktəbləri  şagirdləri  arasında  “Ədəbiyyat  biliciləri” yarışının   rayon  mərhələsi  keçirilmiş,  Cəmilli  kənd  tam  orta  məktəbin  VIII sinif  şagirdi  Quliyeva  Piyalə  Natiq  qızı  I yerə  layiq  görülmüşdür. Yarışmanın  respublika  mərhələsində  iştirak  edən  Piyalə  Quliyeva  IV  yerə  layiq  görülmüşdür.  Ulu Öndər  H.Əliyevin  anadan olmasının  93-cü ildönümü  münasibətilə  inşa, rəsm müsabiqəsi, dəyirmi  masalar  keçirilmişdir. Xocalı  şəhər 4 saylı  tam orta  məktəbin XI sinif şagirdi Bəhramlı  İradə Fəxri qızı  Ulu Öndərin  həyatı və fəaliyyətinə həsr olunmuş  “Ən yaxşı təqdimat” yarışının  respublika mərhələsində rayonumuzu  təmsil  etmişdir. Müəllimlər  arasında  Ulu Öndərin  həyatı və  fəaliyyətinə  həsr olunmuş  şahmat  yarışının rayon mərhələsi  keçirilmiş, 1 nəfər müəllim respublika  mərhələsində  iştirak  etmişdir.Eləcə də  I-IV sinif  şagirdlərindən    ibarət komandamız  məktəblilər  arasında keçirilən  respublika  şahmat  festivalında  iştirak  etmişlər. 2016-cı  ilin  may ayında  Xocalı rayon Gənclər və İdman İdarəsi  ilə  birlikdə  Ulu Öndər   H.Əliyevin ad günü münasibətilə futbol yarışı və şən startlar  idman yarışı  keçirilmişdir. Şagirdlərimizdən  ibarət  komanda “Multikulturalizm ili” çərçivəsində  Mingəçevir  şəhərində  keçirilən  intellektual  bilik  yarışında  iştirak  edərək  IV  yerə  layiq  görülmüşdür.  Eləcə də  məktəblilərimiz   Şəmkir  şəhərində  keçirilən  “Xəmsə”  intellektual  yarışının  zona  mərhələsində  aktiv  iştirak  etmişlər.  Dağlıq  Qarabağın  Azərbaycanlı  icması  tərəfindən  Bakı  şəhərində  Şuşa, Xocavənd, Xocalı  məktəblilərinin  iştirakı  ilə  keçirilən  şahmat  yarışında  1  nəfər şagirdimiz  II  yerə  layiq  görülmüş, diplom  və  pul  mükafatı  ilə   mükafatlandırılmışdır.  Xocalı  faciəsinin  25-ci ildönümü  ilə  münasibətilə  məktəblilər  arasında  “Xocalı  faciəsi  məktəblilərin  gözü ilə” devizi  altında  inşa  müsabiqəsi  keçirilmiş, müsabiqə qaliblərinin  inşa  yazısı  xarici  dillərə  tərcümə  olunaraq  sosial  şəbəkələrə  yayılmışdır.
Rayonun  təhsil  müəssisələrinin  hamısında  “Narkomaniya bir  bəladır” mövzusunda  dəyirmi  masa  keçirilmişdir.
Rayonun  təhsil  müəssisələrinin  şagirdləri  məktəblilərin  fənn olimpiadalarının  rayon, zona və  respublika  mərhələlərində  fəal  iştirak  etmişlər. Kosalar  kənd  tam  orta  məktəbin  1 nəfər  şagirdi  tarix  fənni  üzrə, Başkənd  kənd  tam  orta  məktəbin 1 nəfər  şagirdiisə  riyaziyyat  fənni  üzrə  fənn  olimpiadalarının  respublika  mərhələsində   fəal  iştirak  etmişlər. Xocalı  RTŞ-nin  aparıcı  məsləhətçisi  Nəcəf  Həsənovun  təşkilatçılığı, Xocalı  şəhər 4 saylı  tam  orta  məktəb  şagirdlərinin  iştirakı  ilə “Erməni  terroru  və onun acı  nəticələri” mövzusunda  elmi  praktik  konfrans  keçirilmişdir.  Xocalı  rayon  UYM-nin  dərnək  üzvü   Rəfiyev  Xəyal  Barat  oğlunun  rəsm  işi “Fövqəladə  hallar  uşaqların  gözü  ilə” devizi  altında  keçirilən  rəsm  müsabiqəsinin   respublika  mərhələsində   diplomla  mükafatlandırılıb. Həmin  şagirdin  əl  işi  respublika  mərhələsində  III yerə  layiq  görülmüşdür. Tədris  ili  ərzində şagirdlərin  hərbi-vətənpərvərlik  hisslərini gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi  hissələrə  ziyarətləri  təşkil  olunmuşdur.  Rayonun  məktəblilərindən  ibarət  voleybol  komandası  rayon  səviyyəli  voleybol  yarışında  iştirak  edərək  III yer  tutmuşdur. Rayon  təhsil  müəssisələrində  “Milli- mənəvi dəyərlərimizi  qoruyaq və  təbliğ  edək” mövzusunda  diskussiyalar  təşkil olunmuşdur. Tədris ili ərzində  məktəblilərimiz “Xəmsə”, “Nə?  Harada? Nə zaman?” intellektual  oyunlarının  zona  mərhələsində  iştirak  etmişlər.  Məktəblilərimiz arasında “Narkomaniya bəladır” , “Siqaretə  yox deyirik” devizi  altında kross  yarışı  təşkil  edilmiş, aktiv  şagirdlər  bukletlər  hazırlayaraq  sinif  otaqlarından  asmışlar.  “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının  inkişafı ” haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 17 aprel 2006-cı il tarixli  1414 saylı sərəncamına  uyğun olaraq  RTŞ-də istedadlı uşaqların  istedad bankı yaradılmış, həmin uşaqların  üzə  çıxarılması və istedadlarının  inkişafı istiqamətində  mühüm tədbirlər  həyata  keçirilmişdir. Bütün tarixi günlər, əlamətdar bayramlar  məktəblərimizdə  geniş  şəkildə  keçirilmişdir.  Azərbaycan  Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına  uyğun olaraq görkəmli yazıçı və şairlərin yubileyləri geniş  şəkildə qeyd  olunmuşdur.  Yay tətili dövründə  rayon  məktəblilərinin  I qrupunun  yay  istirahətləri  təşkil  olunmuşdur. Son illərdə   Ölkə  Başçısının  sərəncamı  ilə  minimum aylıq  əmək  haqqının və  təhsil  işçilərinin  əmək haqlarının artırılması  rayon  təhsil  işçiləri  tərəfindən  Ölkə  Başçısının təhsil  işçilərinə  diqqət  və qayğısının  təzahürü  kimi  dəyərləndirilmişdir.
         Qeyd  etmək  istəyirəm ki,  nailiyyətlərimizlə  yanaşı  işimizdə   nöqsan  cəhətlər də var.
1.  Yuxarıda  qeyd  etdiyimiz kimi Xocalı  şəhər 1 saylı  tam orta məktəbi 2011-ci  ilin  mart ayından  yeni müasir tipli  binada  fəaliyyət  göstərir. Yeni  binada kompüter  kabineti  olmasına  baxmayaraq  məktəbə  bir  ştat vahidi  kompüter laborantı   vəzifəsinə  ehtiyac  vardır.  Bu  barədə  Xocalı  rayon  Maliyyə  şöbəsinin  vasitəsilə  Maliyyə  Nazirliyinə  müraciət  olunsa da  bu  problem  bu günə qədər  həll olunmayıb. Bu problem  2015-ci ilin  yanvarından  yeni  binaya  köçürülmüş Kosalar, Başkənd, Yaloba  kənd tam orta  məktəblərində də  yaranmışdır.
2.    Məktəblərimizin  hamısında  bəzi  fənlərin, o cümlədən  fizika, kimya və biologiya  fənlərinin  daha  yüksək  səviyyədə  tədrisi  üçün  laboratoriya  otaqlarına  və avadanlıqlarına   böyük  ehtiyac  var.  
3.    Məktəb direktorları  bəzən öz işlərini  çevik mexanizmlə, müasir  tələblərə  uyğun şəkildə  qura bilmirlər. Hər bir məktəb direktoru bu barədə ciddi düşünməli, işlərini  günün tələbləri səviyyəsində  qurmalı, təhsilin keyfiyyətinin  yüksəldilməsi istiqamətində  müvafiq tədbirləri  həyata keçirməlidirlər.
4.    Direktorlar  səlahiyyətləri daxilində bəzən  vətəndaş müraciətlərinə  diqqətlə, düzgün  yanaşmırlar. Vətəndaş  müraciətlərinə  diqqətlə  yanaşılması  barədə  məktəb  direktorlarına  ciddi  tapşırıqlar  verilmişdir.
5.    Məktəblərdə  vəzifə aparan işçilər (direktor müavinləri, məktəb psixoloqları, Uşaq birliyi rəhbərləri, kitabxanaçılar) bəzi hallarda  öz işlərinə  məsuliyyətlə  yanaşmırlar.
         2016-cı ilin  əvvəlindən  rayonun  məktəblərinin maddi-texniki  təchizatı, müəllimlərin  əmək  haqlarının  ödənilməsi  Gəncə  şəhərində  yerləşən  8 saylə  Ərazi  Maliyyə  Hesablaşma  Mərkəzi  tərəfindən  həyata  keçirilir.  Belə ki,  Xocalı  rayon  Təhsil şöbəsi  məktəblərin  tələbatına  uyğun  olaraq  ehtiyac  olan  avadanlıq və  ləvazimatlar  barədə  mərkəzə  məlumat  verir,  məlumat  əsasında  məktəblərin  təchizatı  mərkəz  tərəfindən  təmin  edilir. Ümid  edirik ki, yuxarıda  göstərilən  zəruri  ştatlar  yeni  tədris  ilindən məktəblərdə  yaradılacaqdır.
        Yuxarıda göstərilən nöqsanların  nəticəsidir ki,  məktəblərdə  şagirdlərin nailiyyət səviyyəsi  aşağı  olur. Göstərilən məsələ RTŞ-nin  diqqət mərkəzində  saxlanılır və çatışmazlıqların aradan qaldırılması üçün  məktəblərə ciddi  tapşırıqlar verilir. 
        Qarşıdan   yeni  2016-2017-ci  dərs  ili  gəlir. Bu dərs ilində işlər Azərbaycan  Təhsilinin İnkişafı  Strategiyasının tələblərinə uyğun  şəkildə qurulmalıdır. Yeni  dərs  ilində  ümumtəhsil  sistemində nizam-intizam  yüksək  səviyyədə  təmin olunmalı, şagirdlərin  uçotunda  qayda-qanuna  əməl  olunmalıdır.  Bununla da  təhsil  nəticələrinə  görə  cavabdeh, şəffaf və səmərəli  idarəetmə  sistemi  formalaşdırılacaq, maliyyə və inzibati  resuslar vahid  təhsil  siyasətinə  uyğun planlaşdırılacaq.  Xüsusi istedada malik  uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 01 iyul 2016-cı il tarixli əmri ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri  respublikanın  5 bölgəsində fəaliyyət göstərdiyi üçün  komissiya üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir. Komissiyaya 22 valideynin ərizəsi daxil olmuş,onların  biliyinin  yoxlanılması komissiya  tərəfindən  həyata  keçirilmiş, müvafiq  qərar qəbul olunmuşdur.
         Məktəb direktorları  məskunlaşdıqları  yerli rayonların  təhsil şöbələri  ilə əlaqə yaratmalı və orada  təşkil olunan  bölmə iclaslarında  təhsil işçilərimizin  iştirakını təmin etməlidirlər. Yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  Təhsil  Nazirliyinin  Maddi-texniki Təchizat  İdarəsindən məktəb  sənədləri  alınmışdır. Məktəblərdəki  dərslik  fondunun  və bu il  Təhsil  Nazirliyindən  alınmış  64 adda 5889 ədəd  dərsliyin  hesabına  I-XI sinif  şagirdlərimizin  hamısı  100% pulsuz  dərsliklərlə  təmin  olunacaqdır. 2016-2017-ci  dərs  ilində  I-VIII siniflərlə  bərabər  IX siniflərimizdə də dərslər  yeni  fənn  kurikulumları  əsasında  tədris  olunacaqdır. 2016-2017-ci  dərs ilində IX siniflərdə  deyəcək  müəllimlərimiz  təlim  kurslarından  keçmişlər.
           Xocalı rayonu üzrə  2016-2017-ci tədris ili üçün  məktəblərdə  olan 8  vakant  yerdən 2-i  imtahan verən müəllimlər  tərəfindən  seçilmiş, onların hamısı ilə əmək müqaviləsi  bağlanmışdır.Əgər imtahan  verən müəllimlərdən qalan yerlərə gələn olmazsa kadr ehtiyaclarını ödəmək üçün  mövcud qaydalara uyğun olaraq ixtisaslı kadrlarla  müvəqqəti əmək müqaviləsi bağlanılacaqdır. I-IV sinif  şagirdləri  üçün  Dövlət  Qaçqınkomun  verdiyi  360 ədəd  məktəbli kostyumları  məktəblərə  çatdırılmış və 15 sentyabr 2016-cı il tarixdə  şagirdlərə  paylanacaqdır.
Yeni  dərs ilinə  hazırlıqla  bağlı Təhsil  Nazirliyinin 8 saylı  Ərazi  Maliyyə  Hesablaşma   Mərkəzi tərəfindən  Qaragav  kənd    tam orta  məktəbin  binasında   əsaslı  təmir  işləri  görülmüşdür. Məktəblərin  tələbatına  uyğun olaraq inventar, avadanlıq , qış yanacağı alınaraq   məktəblərə  verilmiş, qalan hissəsi  isə  IV rübdə  alınıb  veriləcəkdir. Məktəblərimizin  hamısında  yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  müvafiq  tədbirlər  həyata  keçirilmiş və yeni  dərs ilinə  hazırlıq  işləri  başa  çatdırılmışdır.
         Qarşıdan  yeni 2016-2017-ci tədris  ili  gəlir. Bu il  ümumtəhsil  məktəblərimizdə  fəal  təlim  metodlarının  tətbiqi  üzrə  səmərəli  iş  sistemi  yaradılmalı, bu sahədə  respublikada  toplanmış təcrübə  öyrənilməli,  fəal  təlim  metodları  ilə  fəaliyyətin  hər  bir  müəllim  tərəfindən   əsas  vəzifə,  normativ  kimi  qəbul edilməsinə  nail  olunmalıdır.
         Yeni 2016-2017-ci  tədris  ilində  görüləcək  işlərin  mahiyyəti  dərindən  açıqlanıb bütün  təhsil  işçilərinə  və valideynlərə  izah                                    olunmalı, bu  istiqamətdə  praktik  işlər  daha da  genişləndirilməlidir.  Həmin  məqsədlə  müntəzəm  və ardıcıl  olaraq  “Dəyirmi masa”,  seminar və təcrübi  konfranslar  keçirilməlidir.  Təhsil  fəaliyyətinin  ayrı-ayrı  sahələrində  demokratikləşdirmə prinsiplərinin tətbiqi  yolu  ilə  keyfiyyətin  yüksəldilməsi  istiqamətində  zəruri  tədbirlər  həyata  keçirməli, şagirdlərin  şəxsiyyətinə və bacarıqlarına  üstünlük  verilməlidir. Məktəblərimizdə  məktəb  psixoloqlarının, uşaq birliyi  rəhbərlərinin və  xüsusilə  kitabxanaların  fəaliyyətinə və  kitabxana  işinin  təşkilinə  nəzarət  gücləndirilməli və yenidən  qurulmalıdır.
       Təhsil Nazirinin  07.08.2007-ci il tarixli  953 saylı  əmrinə  uyğun  olaraq 2016-2017-ci  tədris  ilində və sonrakı  illərdə  şagirdlərin  dərslərə  məktəbli  formalarında   gəlməsi  işi  diqqət  mərkəzində  saxlanılmalıdır.
İcbari  təhsilin yerinə  yetirilməsi, I və X siniflərə  qəbulun  mövcud  qaydalar  əsasında  aparılması , şagirdlərin  hərəkətinin uçotunun təşkili və  ardıcıl  izlənməsi  vəziyyəti  hər bir  məktəb  üzrə  öyrənilməli,  müzakirə və  müvafiq  qərarlar  qəbul  edilməlidir.
        Təhsildən yayınma və təhsildən  kənarda  qalma halları  müəyyənləşdirilməli və zəruri  tədbirlər  görülməlidir.
       Sağlamlıq  imkanları  məhdud hər bir  məktəb  yaşlı  uşağın  aşkar  olunması  üçün  səhiyyə  orqanları ilə əməkdaşlıq  gücləndirilməli,  onların  müvafiq  təhsil  müəssisələrinə  cəlbi sahəsində  əməli  işlər  həyata keçirməli, belə  uşaqların  dəqiq  uçotunun  aparılması  üçün   çevik iş mexanizmi  yaradılmalıdır.
        Ümumtəhsil  məktəblərində  təlim  keyfiyyətinin  ardıcıl və  sistemli  öyrənilib  müvafiq  təkliflərin  müəyyənləşdirilməsi  üçün  rayon  üzrə  fəaliyyət  planı  təsdiq  olunmalı, hər bir  məktəbdə  ayrı-ayrı  fənlər, xüsusilə  təbiət-riyaziyyat  fənləri  üzrə  şagirdlərin  təlim nəticələri  hər yarımilin  sonunda  təhlil  edilməli,  rayon  üzrə  ümumiləşdirilməli və yekun  olaraq  zəruri  tədbirlər  həyata  keçirilməlidir.  Müəllimlərin  əməyi onların  dərs  dediyi  şagirdlərin  təlim  göstəricilərinin səviyyəsinə  görə  qiymətləndirilməlidir.
         Tədris  ili ərzində  təhsilin  keyfiyyətinin monitorinqi,  fənlər üzrə  ayrı-ayrı məktəblər  və  ümumrayon  göstəriciləri   təhlil olunmalıdır.
Şagirdlərin  fənn olimpiadalarına  hazırlığı üzrə  işlər  yenidən  qurulmalı, əlaçı  şagirdlərin  uçotu  aparılmalı, həvəsləndirmə  prinsipləri  düzgün  qurulmalı, bununla  əlaqədar  rayon  Təhsil  şöbəsində  xüsusi  proqram  hazırlanıb  təsdiq  edilməlidir.
Qabaqcıl  məktəblərin, məktəb  rəhbərlərinin, müəllim və tərbiyəçilərinin iş təcrübəsi  öyrənilib  ümumiləşdirilməli və  yayılması  istiqamətində  fəaliyyət  genişləndirilməlidir. Məktəb  direktorları  tərəfindən  2017-2018-ci  tədris  ili  üçün  kadr  ehtiyacı  barədə  2016-cı  il  sentyabr  ayının  sonunadək   Xocalı  rayon Təhsil  şöbəsinə  rəsmi  məlumat  verilməlidir.
         Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilməlidir.  Onların  Xocalı  rayonunun, Qarabağın  eləcə də müvəqqəti   məskunlaşdıqları  rayonların, kəndlərin  tarixi  və  coğrafiyasının  öyrənmələri  təmin  edilməlidir.  Bu  məqsədlə  yazılı  sorğular,  test yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən inşa müsabiqəsi  və  olimpiadalar, bilik  yarışları, bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan  praktik  konfranslar,  ekskursiyalar  təşkil  olunmalıdır.  Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilməlidir.  Bütün  bu  tədbirlərin  şagirdlərin  hərbi  vətənpərvərlik  tərbiyəsinin gücləndirilməsinə  yönəldilməsinə  nail olunmalıdır.
           Rayon UYM-nin fəaliyyətinin  yaxşılaşdırılması  sahəsində  konkret  tədbirlər  həyata keçirilməlidir.
Valideyn  himayəsindən  kənarda  qalmış  uşaqların  sosial  müdafiəsi, azyaşlılar  arasında  hüquq  pozuntularının  qarşısının  alınması, rayonun təhsil  müəssisələrinin  maddi tədris  bazasının  möhkəmləndirilməsi, məktəb-valideyn  komitələrinin  işinin gücləndirilməsi, şagird  özünüidarəsinin  müasir  tələblər  baxımından  təşkili  ön plana  çəkilməlidir.
          2016-cı il sentyabrın 20-dək hər bir ümumtəhsil  məktəbində “İl ” çərçivəsində  həyata  keçiriləcək  tədbirləri  əhatə  edən  fəaliyyət  planı  hazırlanıb  təsdiq  olunmalıdır.
Hörmətli  konfrans iştirakçıları!
          Ölkəmizdə  aparılan  uğurlu və məqsədyönlü  siyasət  nəticəsində  son  illərdə  Azərbaycan  təhsilində, eləcə də Xocalı təhsilində  nəzərəçarpan  irəliləyişlər  olmuşdur. Mən  Xocalı  rayonunun  təhsil  işçiləri  adından Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyini, Xocalı rayon  İcra  Hakimiyyətinin  Başçısını və  eləcə də ictimaiyyətimizi  əmin  edirəm ki,  rayonumuzun  təhsil  işçiləri  bundan  sonra da heç bir  çətinlikdən  qorxmadan  gerilikləri , nöqsanları  vaxtında  aradan  qaldıracaq, öz işlərini  günün tələbləri səviyyəsində, gənc  nəslin təlim-tərbiyəsi  işini  müstəqil  respublikamızın  inkişafına uyğun şəkildə, yeni Təhsil Strategiyasının tələbləri  əsasında,  təhsilimizin  himayədarı  olmuş Ümummilli Liderimiz  H.Əliyevin  ideyalarına  uyğun  şəkildə  quracaq, yeni dərs ilində  qarşıya  qoyulan  vəzifələr  diqqətlə  həyata  keçiriləcəkdir.
         Bildiyimiz  kimi  bu  il  sentyabr  ayının  26-da  xalqımız  üçün  mühüm  əhəmiyyətə  malik  olan  konstitusiya dəyişikliklərini özündə  əks  etdirən   referendum  aktı  keçiriləcəkdir. Bu  aksiyada  Xocalı  rayon  təhsil  işçiləri aktiv  iştirak  edəcəklər.     
Bu  məsul və şərəfli  vəzifənin  yerinə  yetirilməsi  işində  bütün məktəb  rəhbərlərinə , müəllim kollektivimizə  uğurlar  arzulayır, hər birinizi  yeni  2016-2017-ci dərs ilinin başlanması  münasibətilə  təbrik  edirəm.

                          Xocalı  RTŞ-nin
                          müdiri :                 Ş.S.Əliyev.


               Azərbaycan  Respublikasının  Prezidenti zati-aliləri
                cənab   İlham  Əliyevə!
                Xocalı  rayon  Təhsil  işçilərinin  2016-cı  il  sentyabr
                konfransı  iştirakçılarının

                        M   Ü   R   A   C    İ    Ə   T   İ.

Hörmətli  cənab  Prezident !

         Biz  Xocalı  rayon   Təhsil  işçiləri  Müstəqil  Azərbaycan  Dövlətinin iqtisadi  qüdrətinin  artırılması, dövlət  nüfuzumuzun  yüksəldilməsi,  Avropa  və Beynəlxalq  İqtisadi  sistemlərə  durmadan  inteqrasiya  etməsi,  xalqımızın  həyat  səviyyəsinin,   maddi və mənəvi  rifah  halının  yaxşılaşdırılması, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ  münaqişəsinin ədalətli  həlli istiqamətində apardığınız  siyasi  xətti,  o cümlədən  məcburi  köçkünlərimizə  göstərilən  dövlət  qayğısının   ilbəil  yüksəldilməsi  sahəsində  gördüyünüz  işləri  yekdilliklə  müdafiə  edir və  bəyənirik.
Bütün  bu illərdə  əldə  olunmuş  nailiyyətləri 1993-cü  ilin  15  iyunundan  başlayaraq  müstəqil,  hüquqi  və  dünyəvi  dövlətçiliyimizin  möhkəmləndirilməsinə  yönəldilmiş  H.Əliyev  siyasətinin  çox  uğurlu  davamı və  ulu  öndərimizin  adı ilə  bağlı  olan  siyasi  kursun  məntiqi  nəticəsi  kimi  dəyərləndiririk.
Möhtərəm  Prezidentimiz ! Siz  dahi  siyasətçi, Müstəqil Azərbaycan  Dövlətinin  memarı,  milli  mədəniyyətimizə  böyük  dəyərlər verən,  azərbaycanlı  olmağı  ilə  həmişə  fəxr  edən, milyonlarla  insanın  qəlbində  əbədi  olaraq  yaşayan ulu  öndərimiz,  ümummilli  liderimiz  H.Əliyev  məktəbinin  layiqli   davamçısısınız.
Sizin  hakimiyyətə  gəlişinizin  ilk  günlərindən  həyata  keçirdiyiniz  düzgün  xarici  siyasət, dünya  dövlətləri  ilə  normal  dostluq  münasibətlərinin   yaranmasına, ölkəmizin  dünyanın  ən  nüfuzlu beynəlxalq  təşkilatlarında  və  birliklərində, tam  hüquqlu  üzvə  çevrilməsinə, dünya  miqyasında  dövlətimizin  nüfuzunun  daha da  yüksəlməsinə  səbəb  olmuşdur. 2015-ci  ildə  Azərbaycanda I Avropa  oyunlarının və 2016-cı ildə Formula-1 yarışlarının  təşkili və  keçirilməsi  Sizin  apardığınız  uzaqgörən və məqsədyönlü  siyasət  nəticəsində  ölkəmizin   gündən-günə artan  nüfuzunun  bir daha  göstəricisidir.                                  
Ölkəmiz   iqtisadi və  hərbi  cəhətdən   günü-gündən   qüdrətlənir.2016-cı ilin  aprel döyüşlərində  əldə  olunan  nailiyyətlər bir daha  bunu sübut  edir.                                            
           Ölkəmizdə  aparılan  uğurlu  və  məqsədyönlü  siyasət  nəticəsində  son  illərdə  bütün  sahələrdə  olduğu  kimi  təhsil  sahəsində də yüksək irəliləyişlər  əldə  olunmuşdur. Bu  Xocalı  təhsilində də özünü  göstərmişdir.
Dövlət  büdcəsi  hesabına  Goranboy  rayonu və Gəncə şəhəri ərazisində  sosial obyektləri  ilə  birlikdə  6 yeni qəsəbənin salınmasını, 6 yeni  məktəb  binasının  inşa  edilməsini, Goranboy  şəhərində  Xocalı  köçkünləri  üçün  tikdirdiyiniz  yeni  yaşayış  massivi və məktəbin  açılışında  şəxsən  iştirak  etməyinizi, qaçqın və məcburi  köçkünlərin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  və məşğulluğunun artırılması  üçün  həyata  keçirdiyiniz  tədbirləri  biz təhsil  işçiləri  qaçqın  və məcburi  köçkünlərə  göstərdiyiniz  diqqət və qayğının  məntiqi  nəticəsi  kimi qiymətləndiririk.
Biz  inanırıq  ki, apardığınız  məqsədyönlü və uğurlu  siyasətinizlə  işğal  altında  olan  Azərbaycan  torpaqlarının da  azad  olunmasına  nail  olacaqsınız.
Cənab Prezident!
            Sizi  əmin  edirik ki,  bütün  xalqımız, qaçqın  və  məcburi  köçkünlərimiz  kimi  biz  Xocalı  rayon təhsil  işçiləri də  apardığınız  daxili və  xarici  siyasəti  dəstəkləməklə  öhdəmizə  düşən  bütün  vəzifələri  bundan  sonra da layiqincə  yerinə  yetirəcəyik.
Sizə  uzun  ömür, möhkəm  can  sağlığı, müstəqil  Azərbaycan  Dövlətinin  və onun xalqının  xoşbəxt  gələcəyi, rifahı  naminə  uğurla  davam  edən  dəyərli  fəaliyyətinizdə  yen-yeni  müvəffəqiyyətlər  arzulayırıq.
Müraciət  07  sentyabr  2016-cı il  tarixdə  Goranboy  rayonu  Aşağı  Ağcakənd  qəsəbəsində  Xocalı  rayon   təhsil  işçilərinin  sentyabr  konfransında  qəbul  edilmişdir.    
                  

                         Xocalı  RTŞ-nin 
                         müdiri:                     Ş.S.Əliyev.

Keçidlər