Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra hakimiyyətinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşuda duran vəzifələrə dair hesabat yığıncağı.

13 oktyabr 2016 | 16:00

       13.10.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət evində 07.10.2016-cı il tarixdə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlərə Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar olaraq Xocalı rayon İcra hakimiyyətinin rayonda görülmüş işlərlə bağlı hesabat yığıncağı təşkil olunmuşdur.          
     Tədbiri açıq elan edən rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, möhtərəm prezidentimizin sədrliyi ilə 07.10.2016-cı il tarixdə təşkil olunmuş tədbirdə ənənəvi olaraq doqquz ayın yekunları müzakirə edilmiş və ilin sonunadək görüləcək işlər haqqında söhbət aparılmışdır.
       Bildirilmişdir ki, 2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Bu böhranlı vəziyyət dünya iqtisadiyyatında hələ də davam edir. Bu böhran həm təbii resurslarla zəngin olan ölkələrin iqtisadiyyatına, həm  də neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələrə də mənfi təsir göstərmişdir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə bu böhran o ölkələrə də mənfi təsir göstərir. 2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır.
        Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq və heç kimin sözü ilə oturub-durmuruq. Biz öz yolumuzla gedirik və Avropa ilə sıx əlaqələr qura bilmişik. Azərbaycan hal-hazırda uğurla inkişaf edir, mötəbər beynəlxalq tədbirlər keçirir. Bütün bunlar onun göstəricisidir ki, artıq bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Ölkəmiz günü-gündən uğurla inkişaf edir, sosial iqtisadi və digər sahələrdə mühüm layihələr həyata keçirilir.
         Cənab başçı bildirmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən inkişaf strategiyası Xocalı rayonuna da sirayət etmişdir. Belə ki, rayonda təhsilin, səhiyyənin inkişafı, əhalinin məşğulluğunun təmin olunması, həmçinin iqtisadi sahədə mühüm irəliləyişlər əldə olunmuşdur.
           Daha sonra çıxış üçün söz Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyevə verilmişdir. Şakir müəllim 2016-cı tədris ilində görülmüş işlərlə bağlı məlumat verərək bildirmişdir ki, Xocalı rayonunda olan 12 ümumtəhsil məktəbinin 9-u müasir tipli binalarda yerləşir. Yaxın vaxtlarda respublikanın 44 rayonunda özkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Son illər, eləcə də bu ilin doqquz ayı ərzində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bərabər, təhsil sahəsində mühüm keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verib. Artıq bu tədris ilində 5 yaşlı uşaqların 55 %-nin məktəbəhazırlıq qruplarına cəlbi barədə işlərə başlanılıb. Rayonumuzun 5 məktəbində 5 qrupa 78 nəfər 5 yaşlı uşaq cəlb olunmuşdur. Bu irəliləyişlər qəbul imtahanlarında da özünü biruzə verir. Belə ki, 200-dən çox bal toplayıb qəbul olan abituriyentlərin sayı 33 nəfər təşkil edib ki, bu da 2012-ci illə müqayisədə təxminən 5 % artıqdır.
        Son illər respublika və rayonumuz üzrə görülən tədbirlər nəticəsində pedoqoji fəaliyyətə maraq xeyli artıb. Eləcə də ümumtəhsil müəssisələrinə direktor və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq şəraitində mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilmişdir. Son illərdə rayonumuzun 2 məktəbində: Xocalı şəhər 3 saylı və Qaragav kənd tam orta məktəblərinə bu qaydalarla direktor təyin olunmuşdur.
        Daha sonra çıxış üçün söz Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevə verildi.  Məmməd həkim bildirdi ki, Xocalı rayon Mərkəzi Xəstəxanası da Səhiyyə Nazirliyinin bi struktur bölməsi olaraq 2016-cı il fevral ayının 15-dən may ayının 15-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsini təşkil etmişdir. Bu işlərin təşkili və həyata keçirilməsində RİH-nin başçısı cənab Şahmar Usubov və başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva yaxından köməklik etmişlər, mütəmadi olaraq KİV-də tibbi müayinələrin gedişatı işıqlandırılmışdır. Kütləvi tibbi müayinə zamanı 13422 nəfər tibbi müayinədən keçmişdir ki, bu da ümumi əhalinin 86.4 %-ni təşkil edir. Müayinə nəticəsində 1465 nəfər xəstə aşkar olunmuş, 11957 nəfər sağlam olmuşdur. Xidmət ərazisi üzrə 3894 nəfərdən 3394 nəfər tibbi müayinədən keçib ki, bu da 87.2 % təşkil edir.
       Ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Ölkəmizdə təhlükəsiz donar qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilmişdir. Qan tədarükü 6.8 tondan hazırda 36.9 tonadək artmışdır. 2016-cı ildə Xocalı rayon Mərkəzi Xəstəxanasında da 2 dəfə qanvermə aksiyası təşkil olunmuş, 150 nəfərədək şəxs könüllü olaraq qan vermişdir.
       Tədbirin sonunda cənab başçı möhtərəm prezidentimizin yekun nitqindən sitat gətirərək bildirmişdir ki, 2016-cı il dünya iqtisadiyyatı, dünya üçün ağır olmuşdur. Ancaq əminik ki, Azərbaycan son 3 ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili uğurla başa vuracaq və 2017-ci il də uğurlu olacaq.
        Əminik ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək eçen bizdə kifayət qədər iradə və güc var. Xalq bizim siyasətimizi dəstəkləyir. Referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz, bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik.

Keçidlər