XOCALI RAYON MƏKTƏBLİLƏRİ “ÖLKƏMİZİ TANIYAQ” VI MAARİFLƏNDİRİCİ TUR-AKSİYADA İŞTİRAK ETDİLƏR.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyasının növbəti mərhələsi baş tutdu. Noyabrın 12-15-də və 17-20-də 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların 6-cı mərhələsində 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq. Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir siması göstərməkdir. Aksiyada Xocalı rayonundan olan məktəblilər də fəal iştirak etdilər. Aksiya çərçivəsində qədim tarixi, mədəniyyət abidələri ilə tanış oldular, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirdilər, park və xiyabanları gəzdilər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaratdı. Quba, Qusar, Xaçmaz rayonlarında olan şagirdlər bir çox tarixi abidələrlə, Gənclər evi, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyləri ilə, otellərlə tanış oldular. Quba rayonunda məktəbliləri rayonun ictimaiyyət nümayəndələri salamladılar. Bu rayonların görməli yerləri, aparılan quruculuq-abadlıq işləri və rayonların tarixi ilə bağlı maraqlı məlumatlar bil-dirdilər. Şagirdlərin qalacaq yeri Quba rayonunda füsunkar bir yerdə yerləşən Cənnat Bağı otelində oldu. Otel hər cür şəraitlə təmin olunmuşdu. Oteldə nahar etdikdən sonra şəhərə gəzintiyə çıxan aksiya iştirakçıları Quba rayonunda Gənclər evi, Heydər Əliyev Mərkəzi, Cümə məscidi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası, Quba rayonundan Qusara gedən yol üzərində yerləşən Qırmızı Qəsəbə, Quba kütləvi məzarlığı və Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Qırmızı qəsəbəyə yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir. 1990-cı illərin əvvəllərində Qırmızı qəsəbənin sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişib "Fətəli xan" adlandırılmasını qərara almışdır. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanılmışdır. Quba kütləvi məzarlığı ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanan məzarlıqda 1918 ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılmışdır.
“Quba Soyqırımı Memorial Kompleksi” 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
Azərbaycanın ən böyük zirvəsinin yerləşdiyi Qusar rayonu öz gözəlliyi və inkişafı ilə fərqlənən rayonlarımızdan biridir. Aksiyanın 2-ci günündə şagirdlər şəhərin girəcəyindəki Dövlət Bayrağı Meydanından şəhərin ümumi möhtəşəm mənzərəsini seyr etdilər, fotoşəkillər çəkdirdilər. Daha sonra Zirvə oteldə, Şahdağ oteldə, Şahdağ Dağlıq Kurortunda yerləşən “Park Chalet Şahdağ” alp üslubunda dəbdəbəli otelində, Şeyx Cüneyd türbəsində, tarix-diyarşünaslıq muzeyində, rəsm qalereyasında, Heydər Əliyev Mərkəzində oldular. XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biri də Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsidir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası idi. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar öldürülmüş və Həzrə kəndində dəfn edilmişdir. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlamış, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırmışdır. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.
Səfərin sonuncu günündə Xocalı məktəbliləri Xaçmaz rayonunda ağacəkmə kompaniyasında iştirak etdilər. Heydər Əliyev Mərkəzində, rəsm qalereyasında, Şəxsiyyətlər Muzeyində, Fəvvarələr Bağında, İncəsənət Mərkəzində, Dövlət Bayrağı Meydanında oldular. Xaçmaz parklar şəhəridir. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir.
Tur-aksiya iştirak edən şagirdlərin yaddaşında gördüyü yerlər, yeni qazandıqları dostlar onların əbədi yaddaşına həkk olacaqdır. Eyni zamanda şagirdlərə Vətən sevgisi aşılandı. Onlar müasir Azərbaycanın qurucusu ümumilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi töhfələrin bir daha əyani olaraq şahidi oldular.
Tur-aksiya iştirakçıları “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın təşkili üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Bütün şagirdlərin arzusu bu oldu ki, Qarabağımızı, Xocalımızı və digər işğal olunmuş torpaqlarımızı düşmən tapdağından tezliklə azad edək. “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında respublikada təhsil alan şagirdləri Xocalı şəhərində qarşılansın.