Şriftin ölçüsü :

Saytın rəngi :

"20 Yanvar" faciəsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri.

18 yanvar 2017 | 16:00

   

    18 yanvar 2017-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış anım abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.  Daha sonra tədbir rəsmi hissəylə Xocalı rayon Mədəniyyət evində davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyyə Qarayeva bildirmişdir ki, xalqımızın tarixinə  “Qanlı Yanvar”  faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən artıq 27 il ötür. Keçmiş Sovet dövlətinin hərb maşınının xalqımıza qarşı 27 il bundan öncə törətdiyi bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır. Həmin gecə yüzdən çox azərbaycanlı sırf dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək qəhrəmancasına həlak olmuş və ən yüksək zirvə olan “Şəhidlik Zirvəsinə” ucalmışlar.
      Daha sonra çıxış edənlər Xocalı rayon Prokuroru Şıxəli Alıməmmədov,  Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyev 1990-cı il 20 yanvar hadisələri və onun acı nəticələri haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişlər.
      Sonda çıxış üçün söz Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verilmişdir. Şahmar müəllim öz çıxışında bildirmişdir ki, 1989-cu ilin sonu 1990-cı ilin əvvəlləri Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca pisləşmiş, daxili qarşıdurmalar kəskinləşmiş və mövcud iqtidarın bütün bu hadisələrə nəzarəti olduqca zəifləmişdir. Keçmiş Sovet rəhbərliyi Azərbaycan xalqıını növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt hadisələri ssenarisinə uyğun yeni təxribatlara start verdi. Milli Azadlıq hərəkatının mərkəzi olan Bakı şəhərində ilk olaraq yerli milis dəstələri tərksilah edildi və mərkəzdən daxili qoşun hissələri Bakıya gətirildi. Sözsüz ki bu, Bakıya qoşun yeridilməsinə ilkin hazırlıqdan başqa bir şey deyildi. Keçmiş Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, xalqımızın mübarizə əzmini qırmaq və digər müttəfiq dövlətlərə dərs vermək üçün keçmiş SSRİ konstitusiyasının 119-cu və Azərbaycan SSR konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq “Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında” Fərman imzaladı.
       Nəhayət 1990-cı il yanvar ayının 19-dan  20-ə keçən gecə keçniş SSRİ rəhbəri Mixail Qarbaçovun göstərişi və o vaxtki respublika rəhbərliyinin razılığı ilə Bakıya qoşun yeridildi. Bu hərbi təcavüz nəticəsində 131 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, 800-dən çox insan yaralanmış, 200-dən çox ev və mənzil talan edilmiş, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilmişdir. Bütün bu hadisələr cərəyan edən vaxt ən acınacaqlı hal burasında idi ki, o vaxtki respublika rəhbərliyi bu qəsdin qarşısını almaq üçün heç bir cəhd göstərmədi, əksinə hadisələrin birbaşa iştirakçısı ola-ola,  zahirən bu hadisələrdən kənarda qalmağa çalışırdı.
       Ancaq 20 yanvar faciəsi ətrafında cərəyan edən xəyanət sükutunu ilk və mütəmadi olaraq pozan xalqın mərd oğlu Heydər Əliyevin haqq səsi və onun dəyişməz mövqeyi oldu. Belə ki, Ümummilli lider faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada keçirdiyi mətbuat konfransında 20 yanvar hadisələrini qətiyyətlə pisləyərək onu törədənlərin adlarını bütün dünyaya bəyan etmişdir. Ümumiyyətlə danılmaz bir faktdır ki, Heydər Əliyev bütün həyatı boyu xalqımıza qarşı törədilmiş bütün soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir. Bugünki gün də bu siyasət möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bizim hər birimiz bu soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
         Tədbir Xocalı şəhər 5 saylı klubun hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir.


 

Keçidlər