Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25- ci ildönümü münasibətilə Xocalı köçkünlərinin dünya ictimaiyyətinə müraciəti

08 fevral 2017 | 16:00


 

  Biz – 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamın  möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünya ictimaiyyətinə faciənin 25-ci ildönümündə növbəti dəfə müraciət edir, bütün mütərəqqi bəşəriyyəti insanlığa qarşı törədilmiş bu soyqırım cinayətinə biganə qalmamağa çağırırıq. Son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya  və soyqırım kimi cinayətlər törətmişlər.  Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınmışdır.1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı  əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi və siyasi əsası olmayan erməni separatizminə rəvac verilmişdir ki, bu da bölgədə qanlı etnik qarşıdurmalara və kütləvi insan fəlakətlərinə səbəb olmuşdur.1988-1989-cu illərdə 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan – qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir. İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən, Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 90-cı illərin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşamış olduqları 7 rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş və şikəst edilmişdir. İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə də,  Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək,  misli görünməmiş vandalizm aktına məruz qalmışdır. Həmçinin, erməni silahlıları iyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan qəsəbə və kəndlərində mülki əhaliyə qarşı kütləvi qırğınlar törətmiş, Bakıda və digər şəhərlərimizdə çoxsaylı  qanlı terror aksiyaları həyata keçirmişlər.
    Bizim yaxşı yadımızdadır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri  keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə köməyi ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki,  tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi. Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti qanlı cinayətlərini - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Səbəb isə bir idi – bu adamlar azərbaycanlı idilər. Yalnız sırf təsadüflər nəticəsində bir qrup Xocalı  sakini tarixə şahidlik etmək üçün sağ qala bildi. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətl edildi, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu, 1275 nəfər girov götürüldü.Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qoca, şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlar idi.
    Faciənin miqyası bununla bitmir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları və digər bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir. Bunlar müasir dünyamızda əsl vandalizmin təzahürü idi. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Və artıq heç kim bunu unutmamalıdır: ötən yüzilliyin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olunmuşdur. Təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum xalq” obrazında təqdim edən  erməni faşizmidir. Artıq 25 ildir ki, yaxınlarını, əzizlərini itirərək köçkünlük həyatı yaşayan biz xocalılar Azərbaycan dövlətinin bizim üçün yaratdığı normal insani şəraitdə yaşayırıq və bir daha dünyanın bütün sülhsevər xalqlarına və dövlətlərinə ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ və ATƏT,sülhsevər qüdrətli ölkələr, nəhayət ki, beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan, ictimai və bəşəri dəyərlərə meydan oxuyan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa və qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edə biləcəkdir. İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günəcən icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbə və Ermənistanın beynəlxalq aləmə olan əsl münasibətidir. Biz münaqişənin nizama salınmasında Azərbaycan dövlətinin haqlı və ədalətli mövqeyini, eyni zamanda, aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların sülhyaratma səylərini dəstəkləməklə, Ermənistanın beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan təcavüzkar siyasi xəttinin regionda sülh və əmin-amanlıq üçün ciddi təhdid və təhlükə olduğunu bir daha diqqətinizə çatdırırıq. Təəssüf ki, təcavüzkarın dəstəklənməsi və hadisələrə ikili standartlar mövqeyindən yanaşma halları günümüzün acı reallığıdır. Bununla belə, artıq haqq səsi  eşidilməkdə, erməni yalanları dünya miqyasında  ifşa  olunmaqda, Azərbaycan həqiqətləri etiraf edilməkdədir. Son illərdə bir sıra sülhsevər dünya dövlətlərinin parlamentləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və tanınmışdır. Bu ölkələrə və bu xalqlara bütün məhv edilmiş soydaşlarımız – qadınlar, uşaqlar və qocalar adından qəlbimizin ən dərin yerindən gələn təşəkkürlərimizi bildiririk. Ümid edirik ki, bu proses və “Xocalıya ədalət” kampaniyası qəlbində insanlıq sevgisi olan hər kəs tərəfindən davam edəcəkdir. Bu faciənin bir daha təkrar olunmaması naminə davam edəcəkdir.
    Biz – Xocalı köçkünləri faciənin 25-ci ildönümündə bir daha dünya birliyini və nüfuzlu beynəlxalq təşkilatları narahat zəmanəmizin gələcək taleyi naminə haqqın və ədalətin yanında olmağa dəvət edir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və əsassız torpaq iddialarına birmənalı şəkildə yox deməyə, xalqımıza qarşı törədilmiş cinayətlərə, o cümlədən, Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət verməyə çağırırıq. Xocalı faciəsinə qiymət verilməsi bütün bəşəriyyət üçün bir şərəf və ləyaqət sınağıdır.

Müraciət Xocalı məcburi köçkünlərinin
Goranboy rayonunun Aşağı Ağcakənd
qəsəbəsində keçirilmiş ümumi
toplantısında qəbul edilmişdir.


                                                         Azərbaycan Respublikası
                                                         08 fevral 2017-ci il

 

 

Keçidlər