Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri.

13 fevral 2017 | 16:00

 13.02.2017-ci il tarixdə Xocalı rayon İcra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Xocalı rayon ictimaiyyəti, rayonun idarə, təşkilat və ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.
  Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
  Məruzə ilə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinin rəisi Bəxtiyar Məmmədov bildirmişdir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2016-ci ildə də bütün sahələrdə uğur və inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən beş il ərzində əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb. Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində SHXÇDX-nin Xocalı rayon bölməsində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb. Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib. Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb. 2013-cü ilin oktyabrından etibarən çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər. Əminəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti başda olmaqla Xocalı rayon bölməsinin şəxsi heyəti bundan sonrada Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiqlik nümunəsi göstərəcək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab prezident İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqların təmin edilməsi məsələlərinə xüsusi önəm verəcək, dövlətə və dövlətçiliyə daha sədaqətlə xidmət edəcək, vətən, xalq, və dövlət qarşısında əsgəri borcumuzu daha əzmlə yerinə yetirərək üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
  Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinin xidməti fəaliyyətində fərqlənən əməkdaşlarının mükafatlandırma mərasimi ilə yekunlaşdı.

Keçidlər