"Novruz bayramı" münasibəti ilə ümumrayon tədbiri.
16.03.2017-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Xocalı rayonunun idarə, təşkilat və müəssisələrinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir. Təşkil olunmuş tədbirdə xalqımızın qədim adət-ənənələrini əks etdirən bəzi qədim sənət sahələrinin spesifik adətləri rayon ictimaiyyətinə nümayiş etdirilmişdir. Tədbirin ən nəzərə çarpacaq xüsusiyyəti hər bir idarə və təşkilatın Novruz adət-ənənələrini əks etdirən guşəsinin yaradılması olmuşdur. Bu müəssiələr arasında çox fəallıq göstərənlərdən Xocalı rayon Mərkəzi Xəstəxanası, Xocalı rayon Uşaq Yaradıcılıq Mərkəzi, Xocalı şəhər 5 saylı tam orta məktəb, Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq Muzeyi, Xocalı rayon Meşəli kənd tam orta məktəbinin adlarını xüsusilə qeyd etmək lazımdır. Xocalı rayon İcra hakimiyyətinin başçısı bu sərgilərlə tanış olduqdan sonra Xocalı rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı, Xocalı rayon gənclərinin iştirakı ilə hazırlanmış “dirədöymə”, “kəndir dartma”, “güləş”, “xoruz döyüşü” və s. kimi yarışları izləmişdir.Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov xalqımızı bayram münasibəti ilə ürəkdən təbrik edərək bildirmişdir ki, Novruz Azərbaycan Xalqının qədim adət-ənənələrini özündə əks etdirən milli bayramımızdır. Novruz bayramı dünyanın əksər ölkələrində bir çox xalqların nümayəndələri tərəfindən geniş qeyd olunur. Novruz bayramını keçirən hər bir xalq bu bayramı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus şəkildə qeyd edir.
Ölkəmizdə adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməkdə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş, qədim türk ənənələrinin davamıdır. Bu gün də bu ənənələr xalqımız tərəfindən qorunub saxlanılır və növbəti nəsillərə ötürülür.
Sonda cənab başçı xalqımıza belə bayramlarımızın öz doğma Qarabağ torpaqlarımızda keçirilməsini arzuladı.
Tədbir Xocalı rayon Mədəniyyət evinin hazırladığı musiqili-əyləncəli kompozisiya ilə davam etmişdir.