Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Dövlət Müstəqilliyinin qorunub saxlanılmasında və bugünkü inkişafın təmin edilməsinin bünövrəsində Heydər Əliyev tərəfindən bərpa edilmiş ictimai sabitlik və vətəndaş həmrəyliyi dayanır” mövzusunda ümumrayon tədbiri keçirildi.

20 iyun 2017 | 16:00

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Xocalı rayon İH-nin və Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşiklatının birgə təşkilatçılığı ilə “Azərbaycanın Dövlət Müstəqilliyinin qorunub saxlanılmasında və bugünkü inkişafın təmin edilməsinin bünövrəsində Heydər Əliyev tərəfindən bərpa edilmiş ictimai sabitlik və vətəndaş həmrəyliyi dayanır” mövzusunda ümumrayon tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Heydər” parkındakı ulu öndərin büstü önünə tər gül dəstələri düzdülər.
Xocalı rayon Mədəniyyət evində keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-sının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva Ulu Öndərimiz Heydər Əliyevin milli mənafeyimizi hər zaman üstün tutduğunu vurğuladı. Lamiyə xanım bildirdi ki, ümummilli liderimiz ölkəmizi ağır bəlalardan qurtardı. Ölkəmizdə bütün sahələrdə uğurlu inkişafın təməli qoyuldu. Heydər Əliyev azərbaycançılıq ideologiyasınının əsasını qoymaqla milli birliy-mizi yaratdı.
Sonra məruzə ilə söz Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynova verildi. Səxəvət Hüseynov “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və bungünkü inkişafının təmin edilməsinin bünövrəsində Heydər Əliyev tərəfindən bərpa edilmiş ictimai sabitlik və vətəndaş həmrəyliyi durur” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, çıxışında bildirdi ki, hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanmaması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.
Ulu Öndərimizin 1969–cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan Respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir. Belə ki, müstəqilliyinin ilk illərində ölkəyə nəzarət edə bilməyən dövlət başçılarının səriştəsizliyi nəticəsində istehsal dayanmış, iqtisadi böhran genişlənmiş, idarəçilik orqanlarının bir-biri ilə qarşılıqlı əlaqələri pozulmuş, ictimai–siyası proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi–hüdudu olmamış, dövlət, millət və xalq faktiki parçalanmış, vətəndaş müharibəsi artıq reallığa çevrilmişdir. Xalqımız cəbhəçilərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə baş verənlərin timsalında bunun şahidi olmuşdur. Dünya proseslərindən kənarda qalmağın xalqın tarixi şüuruna, onun milli özünəinamına vurduğu mənəvi ziyanı başa düşmək çətin deyildir. Daxildə isə bu, xalqın etimad hissini öldürmək, onun dövlətçiliyinə olan inamını şərəfsizcəsinə qırmaq deməkdir. Belə bir çətin vəziyyətdə hamı yekdil bir qərara gəldi ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev zəkası və qətiyyəti xilas edə bilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamamaq mümkün deyil. Doğrudur, ümummilli lider milli müstəqillik probleminə həsr edilmiş xüsusi elmi əsərlər yazmamışdır. Lakin özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Dünya miqyasında baş verən qlobal transformasiya prosesləri, onların yeni demokratiyaların formalaşmasına təsiri ulu öndərin müdrik uzaqgörənliyini təsdiq etdi. Xalqın müstəqillik konsepsiyasını işləyərkən Ulu Öndər konkret və real cəmiyyətin iqtisadi-siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real Azərbaycan gerçəkliyindən çıxış edirdi. Bu mənada Heydər Əliyevin əqidəsincə milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünürealizə və özünütəsdiq üçün şərait yaratmaq və bununla başqa dövlətlərdən asılılığı minimuma endirmək deməkdir, çünki, prinsipcə, bütün dünya dövlətləri inteqrasiya şəraitində bir-birilərindən asılıdır. Ümummilli liderin müstəqillik konsepsiyasından belə görünür ki, milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyildir. Heydər Əliyevin nəzərincə, müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir. Bir mənəvi hadisə kimi, o, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır. Hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir. Bu gün insanlarımızın vətənpərvərlik hissi, onların öz doğma etnik beşiyinə ülvi məhəbbəti yeni dünya görüşü sisteminin təməlini təşkil edir. Ulu öndər tez-tez qeyd edirdi ki, “bizim tariximiz bizə ibrət dərsi verməlidir”. Bu kəlamda Heydər Əliyevin əxlaqı və dünyagörüşü kredosu ifadəsini tapmışdır. Milli tariximizi bilmədən, keçmişimizə pozitiv yanaşmadan, tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi, yaxud məyusluq keçirmədən özündə vətənpərvərlik duyğusunu tərbiyə etmək, ulu babalarımızın рак adını və nəcib işlərini təhriflərdən və qarayaxanlardan qorumaq mümkün deyildir. Özünün ictimai görüşlərində Heydər Əliyev belə bir düzgün metodoloji nəticəyə gəlir ki, özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün mühüm tarixi fakt və hadisələrinə yetkin vətəndaşlıq münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yeni düşüncə mövqeyindən baxmalı, özü də tarixə heç bir siyasi məqsədə uyğunluq ünsürləri daxil etməməlidir. Elə buna görə də təsadüfi deyil ki, özünün müstəqillik konsepsiyasında vətənin taleyi üçün məsuliyyət hissini mühüm struktur elementi kimi təqdim edir. Ölkəmizin ərazisində yaşayan hər bir millət və xalq vətən qarşısındakı vəzifəsini aydın dərk edib öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Heydər Əliyev vətənçilik və vətənpərvərlik ideyalarının müstəqil Azərbaycanın gənclərinin düşüncəsində möhkəm yer tutmasının müstəsna əhəmiyyətini qeyd edirdi: “Biz də vətəndaş olaraq Azərbaycan xalqına xidmət edərək...vətənpərvərlik hissi ilə yaşayaraq özümüzü qəhrəman kimi, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalıyıq və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalıyıq”. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz, əbədi və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.
Ulu Öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasi liderdir. Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən başlıca məqamlardan biri də dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu amilin Azərbaycan dövlətçiliyinin tarixi taleyindəki böyük rolu barədə geniş söhbət açmağa lüzum yoxdur. Həmin təlim Azərbaycanın müstəqilliyinə, dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter daşımasına təminat verir. Eyni zamanda, bu təlim dövlətin idarə edilməsi missiyasını üzərinə götürmüş şəxsdən daha məsuliyyətli və qətiyyətli olmağı tələb edir. Dövlət başçısı İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır və bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf sürətinə görə bütün dünyada liderə çevrilməsi faktıdır.
Əminliklə qeyd edə bilərəm ki, Xocalı rayon gəncləri ulu öndərimizin tövsiyələrinə sadiq qalaraq üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirir, göstərilən etimadı doğrultmağa çalışırıq. Çünki ümummilli liderimiz Azərbaycanın gələcəyi olan biz gənclərə inanırdı və böyük ümidlər bəsləyirdi. Bu inamı, bu ümidi doğrultmaq, ulu öndərin qurub-yaratdıqlarını qorumaq, inkişaf etdirmək gənc nəslin ən ümdə vəzifəsi və borcudur.
Daha sonra Sosial-iqtisadi inki-şafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş” mövzusunda çıxış etdi. Bəxtiyar Allahverdiyev çıxışında bildirdi ki, ABŞ dövlətçiliyinin əsasını qoyanlar hesab edirdilər ki, cəmiyyətin taleyi idarə edənlərin şəxsi keyfiyyətlərindən asılı olmamalıdır, çünki “insanlar heç də mələk deyillər”. Bunu nəzərə alaraq onlar idarəetməyə “təbii aristokratiyanın” cəlb olunmasına, ictimai mənafeyə qulluq etməyi hər şeydən üstün tutan şəxslərin rəhbər vəzifələrə təyin edilməsinə qərar verirdilər. Ancaq tarix onu göstərdi ki, idarəçilikdə sosial mənsubiyyət düşünüldüyü qədər rol oynamır. Danılmaz faktdır ki, insanların, bütövlükdə dövlətin taleyi, ölüm ya olum məsələsi, məhz rəhbərin əqidəsindən, fərdi keyfiyyətlərindən, bilik və bacarığından, yeri gələndə şəxsi istəyindən asılı olur. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “dövlət rəhbərləri arasındakı münasibətlər bir çox cəhətdən ölkələr arasındakı münasibətləri də müəyyənləşdirir” fikri təsdiqləyir. Bu nöqteyi-nəzərdən ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Gücünü öz xalqından alan və eyni zamanda, həmvətənlərində ölkənin uğurlu gələcəyinə inam yaradan Heydər Əliyev bütün qüvvəsini Azərbaycanı ağır vəziyyətdən çıxarmağa və hərbi-siyasi sabitlik yaratmağa sərf edəcəyi barədə 1993-cü il avqustun 23-də Bakıda ümumrespublika müşavirəsində etdiyi çıxışın və onun real nəticələrinin müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyətini nəinki hər bir qeyrətli vətəndaşımız, dostlarımız qiymətləndirdi, hətta açıq və gizli düşmənlərimiz belə, bunu etiraf etməyə məcbur oldular.
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu. Ulu Öndər həmişə nominal isla-hatların, yəni, islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı. Birinci prezidentliyi dövründə Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi “landşaftına” hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.
Ulu Öndərin iqtisadi siyasət proqramında neft amilinin aparıcı rolu təmin olunmaqla, digər təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bir daha göstərdi ki, ölkənin inkişafı üçün sistemli bir proqram mövcuddur. Buna görə ikinci sistemli addım neftlə birlikdə ölkənin digər təbii ehtiyatlarının iqtisadi inkişafa xidməti strategiyası həyata keçirildi: ölkənin qızıl, mis və gümüş ehtiyatlarının xarici investorlarla birlikdə istismarı haqqında qərar verildi. Beləliklə, makroiqtisadi sabitliyin dayanıqlığı üçün neftdən başqa, ölkənin digər qiymətli təbii sərvətlərindən səmərəli istifadə olunması zərurəti yarandı.
İqtisadi islahatların son nəticədə nəyə xidmət etməsi məsələsi barədə Heydər Əliyevin çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən belə bir qənaətə gəlmək olar ki, islahatların nəticələri özünü daha çox respublikanın mövcud iri istehsal müəssisələrində zəruri struktur-profil dəyişiklikləri aparılmasında, daxili bazarın ən zəruri məhsullarla doldurulmasında və ixracat potensialının artırılmasına xidmət edən yeni istehsalatların yaradılmasında, müəssisələrin modernləşdirilməsində və yenidən qurulmasında büruzə verməlidir.
Çox böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur. Bütün bunlar Azərbaycanın sabahına inam yaratmış, respublikamızın ümdə problemlərinin həllinə, əhalinin rifahının yüksələcəyinə böyük ümidlər doğurmuş, xalqın iqtisadi fəallığının artmasına təsir etmişdir. Heydər Əliyevin həyata keçirdiyi səriştəli, təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində 1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı yüksəlişin bünövrəsi qoyuldu. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər iki-üç dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 22,3 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə ölkəmizdə hüquqi-təşkilati formasından asılı olmayaraq, üç minə qədər yeni sənaye müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə onların sayı 5200-ü ötdü.
Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Bu gün ölkəmizin tərəqqisinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.
DTX-nin Qarabağ idarəsinin Xocalı rayon bölməsinin rəisi Nəvai Hüseynov çıxışında vurğuladı ki, ulu öndərimiz təhsil, səhiyyə və din sahələrinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev 25 il təhlükəsizlik xidmətində müxtəlif vəzifələrdə çalışıb. Onun qəlbindən heç bir zaman Vətən, millət sevgisi əskik olmamışdır. Ulu öndərimizin birinci mübarizə xəttlərindən biri xalqın sözünü deyən şairlərimizi, yazarlarımızı imperiyanın caynağından xilas etmək idi. Təhlükəsizlik orqanlarında müxtəlif dövlətlərdən çalışanlar var idi - ruslar, tatarlar və əfsuslar olsun ki, ermənilər. Amma buna baxmayaraq, Heydər Əliyev orqanda özünüdərk tapşırığını qoyaraq azərbaycanlılarda özünüdərk prinsipini yeritdi. Həmin özünüdərk bu gün təhlükəsizlik orqanlarımızı, digər hüquq-mühafizə orqanlarımızı qüdrətli qurumlara çevirmişdir. Hər birimiz Azərbaycan üçün çalışmalıyıq. Vətəndaş olaraq Heydər Əliyevin həyatının kiçik bir hissəninin obrazını özümüzdə formalaşdırmağa çalışarıqsa, demək ki, biz bu irsin davamçılarına çevrilirik. Təbii ki, insan birinci növbədə ailədə, daha sonra məktəbdə, ictimai həyatda formalaşır. Qüdrətli Ordumuzun cəbhə xəttindəki apardığı uğurlu döyüş əməliyyatları, Möhtərəm Cənab Prezidentimizin apardığı daxili və xarici siyasət, Heydər Əliyevin qurub-yaratdığı və ərsəyə gətirdiyi Azərbaycan dövlətçiliyi əsasındadır. Ümidvaram ki, bu dövlətin qorunmasında hər birimiz öz üzərimizə düşən yükdən bir pillə artığını etsək, ölkəmiz daha da qüdrətlənəcək.
 Xocalı rayon prokuroru Şıxəli Alməmmədov çıxışında qeyd etdi ki, Heydər Əliyevin gördüyü hər bir iş böyük seminara sığmaz. Heydər Əliyev xalqımıza Allahın bəxşişi idi. O, ömrünün son anına qədər xalq üçün çalışdı. Məhv olmaqda olan milləti yaşatdı. Biz onun qurub-yaratdığı dövlətə, milli birliyə layiq vətəndaşlar olmalıyıq. Vətəndaşlıq deyəndə Heydər Əliyevi nümunə götürməliyik. Ümummilli liderimiz Heydər Əliyevin ruhu qarşısında hamımız söz verək ki, sənin yaratdığın dövləti, qurduğun ordunu biz qalibiyyətə qədər aparacağıq. Biz Qarabağımızı işğaldan qurtarmalıyıq, tarixi torpaqlarımızı bərpa etməliyik.
Azərbaycan türkünün qəlbində xəyanət olmamalıdır. Əgər xəyanətkar varsa, demək ki, o bu millətdən deyildir.
Ümummilli liderimizin doğum günündə dünyaya gəlmiş Gəncə Regional Mədəniyyət və Turizm şöbəsinin Xocalı rayonu üzrə baş məsləhətçisi Göyüş Həsənov çıxışında qeyd etdi ki, 10 may tarixi xalqımız üçün çox önəmli günlərdən biridir. 94 il bundan öncə 10 may tarixində Azərbaycanı bütün bəlalardan xilas edəcək bir dahi şəxsiyyət, ulu öndər, ümummilli lider dünyaya gəldi. Heydər Əliyev dəmir iradəli, yüksək yaddaşa malik, xalqını, dövlətini öz canından artıq sevən vətəndaş idi. O, bütün sahələrdə bilikli idi.
Yekunda Xocalı rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Xocalı rayon İHB-sının müavini, Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqının həyatında olduqca əlamətdar günlərindən biridir. Çünki 10 may tarixində xalqımıza Allah tərəfindən Heydər Əliyev şəxsiyyəti göndərilib. Bu günü qeyd etmək hər birimizin müqəddəs borcudur. Heydər Əliyev şəxsiyyəti yüzlərlə xalqın şəxsiyyətləri arasında yoxdur. Heydər Əliyev hər zaman xatırlanacaq şəxsiyyətdir. Ona görə ki, Heydər Əliyev xalqa müstəqil Azərbaycanı nəsib etdi. Heydər Əliyev mənəviyyat, mərdlik, vətənpərvərlik məktəbidir. Azərbaycan iqtisadiyyatının təməlində 1994-cü il sentyabrın 20-də imzalanmış böyük neft kontraktı olan “Əsrin müqaviləsi” qeyd olunur. Əgər Ulu Öndər hakimiyyətdə olmasaydı, həmin kontrakta sərmayə qoymağa cürət edilməzdi. Ancaq bilirdilər ki, Heydər Əliyev şəxsiyyəti varsa, ictimai təhlükəsizlik də, vətəndaş həmrəyliyi də təmin olacaq və qoyulan sərmayə batmayacaq. Bu inam “Əsrin müqaviləsi”nin bağlanmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın bugünkü inkişafının təməli qoyuldu. Artıq Azərbaycanın müstəqilliyi sarsılmazdır. Heç bir şər qüvvənin, xəyanətkarın gücü çatmaz ki, milli birliyimizə, müstəqilliyimizə xələl gətirsin.

Keçidlər