06.06.2017-ci il tarixdə Goranboy rayonu ərazisində Xocalı rayon Cəmilli kənd sakinləri üçün salınmış Börü qəsəbəsində əyləncəli futbol festivalı keçirildi.
Festivalda Xocalı rayon İH-nin başçısı Şahmar Usubov, AFFA-nın vitse prezidenti, Uşaq və Gənclər Futbol Fedarasiyasının prezidenti, 113 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputat seçilmiş Rauf Əliyev, millət vəkili Elman Məmmədov, Xocalı rayon məktəbliləri, rayon ictimaiyyəti və qəsəbə sakinləri iştirak etdilər.
Tədbirdə çıxış üçün söz əvvəlcə rayonumuzun qonağı, layihənin rəhbəri Rauf Əliyevə verildi. Rauf Əliyev çıxışında bildirdi ki, Azərbaycanda Dağlıq Qarabağ problemi mövcuddur, ona görə də biz belə layihələri cəbhə bölgələrində mütəmadi olaraq keçiririk. Burada keçirilən layihə də ənənəvi olacaqdır. Gənclərin asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, gələcəkdə istedadı olan uşaqları böyük futbola cəlb etmək üçün tədbirlər görəcəyik. Həm I Avropa Oyunları, həm də IV İslam Həmrəyliyi Oyunları göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizdə idmana böyük diqqət və qayğı göstərir. Hər ailədə idmanla məşğul olan kəs gələcəkdə ölkəmizin, millətimizin adını qaldıracaq.
Daha sonra layihənin Xocalı rayon məktəbliləri arasında keçirilməsinin təşəbbüskarı Elman Məmmədov çıxış edərək həmkarı, millət vəkili Rauf Əliyevə belə tədbirin xocalıların müvəqqəti məskunlaşdığı cəbhə bölgəsində keçirildiyi üçün minnətdarlıq etdi. Elman Məmmədov vurğuladı ki, bütün bunlar Cənab Prezidentimizin idmanın inkişafına, gənclərimizin sağlam böyüməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Elman Məmmədov fikirlərinə əlavə etdi ki, Xocalı rayon gəncləri, idmançıları, məktəbliləri hələ yerimizdə-yurdumuzda yaşayan dövrdə həmişə fərqləniblər. Vilayət çempionu, Respublika çempionu olublar, qələbələr qazanıblar. Həmin qələbələr özünü döyüşlərdə də görsətdi. Xocalı igidləri düşmənlə döyüşlərdə fərqləndilər. Xocalının bu gün 11 "Milli Qəhrəmanı" var. Xocalının çoxlu sayda döyüşçüləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən fəxri adlarla, orden və medallarla təltif ediliblər. Siz onların davamçılarısınız. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Siz sağlam böyüməlisiniz, qüvvətli olmalısınız, igid olmalısınız. Düşməndən intiqamımız alınmalıdır.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov ölkəmizdə gənclərə, idmana göstərilən diqqət və qayğıdan söz açdı. Rayonumuzun başçısı qeyd etdi ki, Azərbaycan idman sahəsində apardığı siyasətlə özünü dünyanın hər yerində tanıtdıra bilmişdir. 25 ildir müstəqill olan ölkəmizin əldə etdiyi uğuru yüz illərdir dövlətçiliyi olan dövlətlər qazana bilməmişdir. Gənclərimiz öz savadı, qabiliyyəti, gücü ilə ölkəmizi dünyada tanıtmış və irəliyə aparmışdır. Azərbaycanda idmanın inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.
Bu uşaqların gözlərində olan sevinci görmək, yaşamaq, onu hiss etmək lazımdır. Onların sevinci bizim sevincimizdir, onların kədəri bizim kədərimizidir. Xocalı rayon gənclərinin cəmiyyətdə layiqli yerlər tutmaları üçün lazım olan səviyyədə şərait yaradırıq. Təhsil, mədəniyyət, idman və digər sahələrdə tədbirlər həyata keçiririk. Ancaq bu sahədə keçirilən tədbiri alqışlarla qarşılayırıq. Buna görə də festivalda iştirak edən şagirdlər və onların valideynləri adından, rayon ictimaiyyəti adından Rauf Əliyevə və Elman Məmmədova öz dərin minnətdarlığımızı bildiririk. Gələcəkdə belə tədbirləri daha təmtəraqlı təşkil edəcəyik.
Xocalıları ermənilər yerindən didərgin salanda, əhalimizin bir qismini şəhid edəndə, onlar elə bilirdilər ki, xocalılar bununla həyata son deyəcəklər. Xeyr. Xocalılar yaşayır, xocalılar həyatdadır, xocalılar öz mübarizəsini davam etdirir. Sakinlərimiz əmək işi ilə bərabər, təhsildə, idmanda və digər bütün sahələrdə uğurla çalışırlar.
Bizim tək amalımız Ölkə Prezidentininin siyasətini dəstəkləmək, ona arxa olmaqdır. Birliyimiz bizi torpaqlarımıza aparacaq.
Tədbirin sonunda şagirdlərlə xatirə şəkilləri çəkdirildi.
Festival üçün gətirilmiş toplar, futbol geyimləri və digər ləvazimatlar şagirdlərə paylanıldı.