Təhsil işçilərinin "Sentyabr Konfransı".
06.09.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
Konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımov, ümumtəhsil işçiləri, rayon ziyalıları iştirak etdilər.
Konfrans iştirakçıları əvvəlcə "Heydər" parkında Ümummilli Lider Heydər Əliyevin büstü önünə dərin ehtiram əlamati olaraq tər çiçəklər düzdülər, Ulu Öndərimizə Allahdan rəhmət dilədilər.
Mədəniyyət evində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfrans rayonumuzun başçısı cənab Şahmar Usubovun sədrliyi, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənovun və metodkabinetinin müdiri Nəvai Həsənovun katibliyi ilə öz işinə başladı.
Ölkəmizdə aparılan təhsil islahatları və rayonumuzun 2016-2017-ci tədris ilində qazandığı nailiyyətlər haqqında çıxış üçün geniş məruzə ilə söz Xocalı RTŞ-nin müdiri Şakir Əliyevə verildi. Şakir Əliyev çıxışında bildirdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etməsinin 26-cı ilindədir. Artıq bu illərdə ölkəmiz müstəqillik yaşı Azərbaycandan bir neçə qat çox olan ölkələr cərgəsinə qoşulmuşdur. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə hesab edən ümummilli liderimiz Heydər Əliyevin apardığı və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam və inkişaf etdirilən uğurlu siyasət nəticəsində nail olunmuşdur. “Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini qarşıya qoyan İlham Əliyev cənablarının bütün sahələrdə olduğu kimi təhsil sahəsində də apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. Azərbaycan təhsilində demokratikləşdirmə, humanistləşdirmə prinsiplərinin tətbiqi gələcəkdə Azərbaycanın təhsil sahəsində görüləcək işləri özündə planlı şəkildə əks etdirən “Azərbaycan Təhsilinin İnkişafı Strategiyası”nın ölkə Başçımız tərəfindən təsdiq olunması və mərhələ ilə həyata keçirilməsi onun Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı göstərməsinin bariz təzahürüdür.
Respublikanın, eləcə də rayonumuzun təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş, təhsil sisteminin informasiyalaşdırılması proqramı respublikanın bütün təhsil müəssisələrində uğurla başa çatdırılmışdır. Xocalı rayonu üzrə 12 ümumtəhsil müəssisəsinin 9-u "Qaçqın və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması" Dövlət Proqramlarına uyğun olaraq inşa olunmuş yeni müasir tipli məktəb binalarında fəaliyyət göstərirlər.
Rayonumuzun təhsil müəssisələrində 120 ədəd kompüter vardır. Hal-hazırda rayonumuzda hər 12 nəfər şagirdə bir kömpüter düşür.
2016-2017-ci tədris ilində istedadlı şagirdlərlə aparılan iş davam etdirilmişdir. Beləki, il ərzində rayonumuzun ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının məktəb və rayon mərhələlərində iştirak etmişlər. Ötən illərdə olduğu kimi olimpiadanın rayon mərhələsi şagirdlərimizin məskunlaşdıqları ərazi üzrə yerli rayon təhsil şöbəsinin rəhbərliyi ilə keçirilir. Rayonun ümumtəhsil məktəblərinin 7 nəfər şagirdi fənn olimpiadlarının zona mərhələsinə vəsiqə qazanmışdır. Ötən tədris ilinin mart ayında VI-VII sinif şagirdləri arasında “Fənn müsabiqəsinin ” rayon mərhələsi keçirilmişdir. Onlardan 8 nəfər şagird 4 fənn üzrə iyun ayında Bakı şəhərində keçirilən Respublika mərhələsində iştirak etmişlər. Bundan əlavə rayonun istedadlı şagirdləri arasında “Ədəbiyyat bilicilər”i müsabiqəsi keçirilmişdir. Rayon mərhələsinin qalibi olmuş Kərkicahan qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Əliyeva Aysel Tahir qızı respublika mərhələsində iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ən yaxşı şifahi təqdimat müsabiqəsində rayonu Kosalar kənd tam orta məktəbinin IX sinif şagirdi Həsənli Nəzrin Faiq qızı təmsil etmiş və II yerə layiq görülərək Təhsil Nazirliyi tərəfindən mükafata layiq görülmüşdür. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Bakı şəhərində II, III və IV sinif şagirdləri arasında təşkil olunan ümumrespublika şahmat yarışında rayonun 10 nəfərdən ibarət komandası iştirak etmişdir.
Nə? Harada? Nə zaman? İntellektual bilik yarışmasının Mingəçevir şəhərində keçirilən zona mərhələsində rayonumuzun komandası iştirak etmişdir. Məktəblilərimiz “Şahin” hərbi idman oyunlarının və Gəncxilasedicilər yarışlarının zona mərhələsində iştirak etmişlər. Eyni zamanda məktəblərimiz Bakı şəhərində keçirilən IV İslam oyunları öncəsi Gəncə və Şəmkir şəhərlərində keçirilən yarışlarda iştirak etmişlər. Bütün bunlarla bağlı rayonumuzun məktəbliləri dövlət səviyyəsində qeyd olunan rayon tədbirlərində yaxından iştirak etmişlər.
Ötən dərs ilində Azərbaycan təhsilində həyata keçirilən mühüm tədbirlərdən biri də 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbi olmuşdur. Rayonumuzun 5 məktəbində - Xocalı şəhər 1nömrəli, 2 nömrəli, 4 nömrəli, Kərkicahan qəsəbə, Kosalar kənd tam orta məktəblərində yaradılmış 5 qrupa 95 uşaq cəlb olunmuşdur. Göstərilən məktəblərdə 5 yaşlıların təhsili üçün müvafiq şərait yaradılmışdır. Yeni dərs ilində rayonun 6 məktəbində 6 qrupa 99 nəfər uşağın cəlb olunması ilə məktəbəhazırlıq qruplarının fəaliyyəti təmin olunacaqdır.
2016-2017-ci tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəbləri üzrə 1536 nəfər şagird olmuşdur. Rayon üzrə ümumi şagirdlərin ana dili fənni üzrə 54 %-i 50 baldan aşağı, 46 %-i 50 baldan yuxarı, riyaziyyat fənni üzrə 77 %-i 50 baldan aşağı, 23 %-i isə 50 baldan yuxarı nəticə göstərmişdir. Yeni qaydalara uyğun olaraq buraxılış imtahanlarından sonra rayon üzrə imtahanlarda iştirak etmiş 134 nəfər IX sinif şagirdinə ümumi orta təhsil haqqında attestat verilmişdir. Bu məzunlardan imtahanda yüksək nəticə göstərənlər orta ixtisas təhsili müəssisələrinin qəbulunda iştirak etmişlər.
Dərs ilinin sonunda rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə 102 nəfər şagird buraxılış imtahanlarına buraxılmış və onların hamısı 2017-ci ilin iyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ana dili, riyaziyyat, xarici dil fənlərindən buraxılış imtahanında iştirak etmişlər. Buraxılış imtahanlarından rayon üzrə ümumi şagirdlərin ana dili fənni üzrə 19 %-i qeyri-kafi, 81 %-i məqbul, riyaziyyat fənni üzrə 23 %-i qeyri-kafi, 77 %-i məqbul, xarici dil fənni üzrə 20 %-i qeyri-kafi, 80 %-i isə məqbul qiymət almışlar.
Ümumi şəkildə bildiririk ki, bu ilki 102 nəfər məzundan 48 nəfəri (48 %-i) 150 baldan yuxarı nəticə göstərmişdir. Bu məzunlar ixtisas seçimi aparmış və ali məktəblərə qəbul olmuşlar.
2016-2017-ci tədris ilində Xocalı şəhər 1 nömrəli, 3 nömrəli, Kərkicahan qəsəbə, Kosalar və Meşəli kənd tam orta məktəblərinin fəaliyyəti qənaətbəxş hesab olunmuşdur.
2017-ci ildə rayonun təhsil müəssisələrinin XI siniflərini bitirən 102 nəfər şagirddən 87 nəfəri ali məktəblərə sənəd vermiş, həmin şagirdlərdən 45 nəfəri ali, 13 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Əlavə olaraq ötən ilki məzunlarımızdan 3 nəfəri bu il tələbə adına layiq görülmüşdür. Bu ilki məzun sayına görə ali və orta ixtisas məktəblərinə qəbul 56%, sənəd verənlərin sayına görə isə 66 % təşkil edir. Bunlardan ali məktəblərə qəbul ümumi şagird sayına görə 44%, sənəd verənlərin sayına görə 51% təşkil edir. Ali məktəblərə qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərinin 7 nəfər şagirdi 500 baldan yuxarı, 3 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. Qəbulun nəticəsinə görə Xocalı şəhər 1 nömrəli, Kərkicahan qəsəbə, Kosalar, Başkənd və Meşəli kənd tam orta məktəbləri fərqlənmişlər. Hər beş məktəbin məzunları 500 və 600 –dən yuxarı bal toplamışlar.
Bütün bu göstərilən uğurlara, Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsinə qoşulmasına ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində nail olunmuşdur.
Rayonumuz üzrə 270 nəfər müəllimdən 255 nəfəri diaqnostik qiymətləndirmədə iştirak etmişdir. İştirak etməyənlərin dioqnostik qiymətləndirmədə iştirakını təmin etmək məqsədilə onların yeni adlı siyahıları Təhsil Nazirliyinə təqdim olunmuşdur. Yaxın günlərdə onlar da dioqnostik qiymətləndirmədən keçəcəklər.
Rayonumuzun təhsil işçiləri bundan sonra da heç bir çətinlikdən qorxmadan gerilikləri, nöqsanları vaxtında aradan qaldıracaq, öz işlərini günün tələbləri səviyyəsində, gənc nəslin təlim-tərbiyəsi işini müstəqil respublikamızın inkişafına uyğun şəkildə, yeni Təhsil Strayegiyasının tələbləri əsasında, təhsilimizin himayədarı olmuş, Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına uyğun şəkildə quracaq, yeni dərs ilində qarşıya qoyulan vəzifələr diqqətlə həyata keçiriləcəkdir. Bu məsul və şərəfli vəzifənin yerinə yetirilməsi işində bütün məktəb rəhbərlərinə, müəllim kollektivimizə uğurlar arzulayır, hər birinizi yeni 2017-2018-ci dərs ilinin başlanması münasibətilə təbrik edirəm.
Daha sonra məruzə ətrafında çıxışlarda Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Kərkicahan qəsəbə tam orta məktəbin direktoru Arzu Hacıyeva rəhbərlik etdikləri məktəblərin təhsil nailiyyətləri haqqında məlumat verdilər.
Ali məktəblərə qəbul imtahanında 652 bal toplayan Meşəli kənd tam orta məktəbin məzunu Həsənov Qərib Vaqif oğlu və 623 bal toplayan Xocalı şəhər 1 saylı tam orta məktəbin məzunu Həsənli Nurlan Aydın oğlu qazandığı uğurların əsas memarı olan valideynlərinə və müəllimlərinə minnətdarlıq etdilər. Fikirlərinə əlavə etdilər ki, rayonumuzun başçısı Şahmar Usubovun diqqət və qayğısı onların daha ciddi çalışmalarına səbəb olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Sübhi Kazımov çıxış edərək ölkəmizin yeni proqram və metodlarla inkişafından danışdı və Xocalı rayonunun təhsilinin keyfiyyət və kəmiyyət göstəricilərinə öz münasibətini bildirdi. Sübhi Kazımov bildirdi ki, müəllimlik sənətini sevərək seçmək lazımdır. Artıq müəllimlik peşəsini seçən şəxslərə ayrıca təqaüdlər ayrılır. Müəllim davranışı, mədəniyyəti ilə nümunəvi olmalıdır. Şagirdlərə özünü sevdirməlidir.
Məktəbəhazırlıq yüksək səviyyədə aparılmalıdır, həmin şagirdlərə həssaslıqla yanaşılmalıdır. Məktəbəhazırlıq qrupuna cəlb olunan şagirdlərin bilik səviyyəsinin, cəlb olunmayanlara nisbətən daha artıq olduğu müşahidə olunur.
Təhsil Nazirliyinin prioritet məsələlərindən biri şagirdlərin beynəlxalq olimpiadalarda yaxşı nəticələr göstərməsinə nail olmaqdır.
Bu gün bu konfransda rayonun ziyalı şəxslərinin, hüquq-mühafizə orqanlarının bütünlüklə iştirak etməsi Xocalı rayonunun təhsilə verdiyi dəyərdən irəli gəlir.
Cari tədris ilinin birinci dərsi Cocuq Mərcanlıya həsr ediləcək. Aprel döyüşləri Ordumuzun qüdrətini, xalqla ölkə rəhbərinin həmrəy olmasını bir daha təsdiq etdi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxışında bildirdi ki, ölkəmiz gündən-günə hərtərəfli inkişaf edir. Yeni iş yerləri yaranır, xalqın rifah halı artır. Bütün bunların hamısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Xocalı rayonunun sakinləri üçün salınmış qəsəbələrdə yeni məktəb binaları tikilir, lazım olan invertar avadanlıqlarla təmin edilir. I vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər təhsilimizə böyük dəstəkdir.
Şahmar Usubov bütün təhsil işçilərinə yeni tədris ilində möhkəm can sağlığı, müvəffəqiyyətlər arzuladı.
Qərar layihəsini metodkabinetin müdiri Nəvai Həsənov məruzə ilə oxudu. Qərar yekdilliklə qəbul olundu.
Sonda Xocalı rayon RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov konfrans iştirakçıları adından Ölkə Prezidenti Cənab İlham Əliyevə ünvanlanan müraciəti konfrans iştirakçıları qarşısında məruzə etdi.
Konfrans xoş əhval-ruhiyyə ilə başa çatdı.