"Ölkəmizi tanıyaq" tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək şagirdlərlə görüş
10.11.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında "Ölkəmizi tanıyaq" tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirildi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, şagirdlər və valideynlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tur-aksiyanın əhəmiyyətindən söhbət açaraq şagirdlərin tanış olacağı bölgələr haqqında məlumat verdi.
Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, şagirdlər tur-aksiya zamanı ayrı-ayrı rayonlarımızın inkişafını görəcək, quruculuq və abadlıq işləri ilə tanış olacaqlar. Bütün bunlarla yanaşı ölkəmizin bugünkü inkişafının bünövrəsini qoymuş Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərə nəzər yetirə biləcəklər. Təhsil şöbəsinin müdiri tur-aksiyada iştirak edən şagirdlərə rayonumuzu layiqli təmsil etmələrini, yaranan fürsətdən düzgün istifadə edərək yeni biliklər öyrənmələrini, yeni dostlar qazanmalarını tövsiyə etdi.
Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılova çıxışında vurğuladı ki, bu layihə öz gözəl nəticələrini verir. Şagirdlər nəinki getdiyi rayonların tarixi, mədəniyyəti, təbiəti haqqında məlumatlar alırlar, eyni zamanda şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında məlumatlar alırlar, erməni təcavüzkarlığını dərindən öyrənmək imkanı qazanırlar.
Valideyn Aqil Məmmədov şagirdlər üçün yaradılan bu şəraiti yüksək qiymətləndirdi. Tur-aksiyada iştirak edən bütün şagirdlərə uğurlar arzuladı.
Yekun olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov rayonumuzda "Ölkəmizi tanıyaq" layihəsinə necə diqqətlə yanaşılmasından söz açdı. Rayon rəhbəri bildirdi ki, tur-aksiya ərzində mütəmadi qrup rəhbəri ilə əlaqə saxlanılır, tur-aksiyada iştirak edən şagirdlərlə mütəmadi maraqlanılır. Şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülür. Şahmar Usubov şagirdlərə özləri ilə gündəlik götürmələrini və qayıdarkən öyrəndiklərini sinif yoldaşları ilə paylaşmalarını tövsiyə etdi. Cənab Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi şagirdlərin dünyagörüşünün artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ölkəmiz haqqında yeni biliklər əldə edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxışının sonunda şagirdlərə uğurlu yollar arzuladı.