"20 Yanvar" faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri.
19.01.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncama əsasən, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.
Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, rayon ziyalıları və "N" saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, 20 Yanvar təkcə xalqımızın azadlıq mübarizəsinin zirvəyə qalxdığı gün deyil, həm də 70 illik imperiya buxovundan sıyrılaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi də tariximizin şərəfli səhifələrindəndir.
Çıxışlarda bildirilib ki, bu ağır günlərdə Ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet ordusunun xalqımızın azadlıq səsini boğmaq üçün Bakıya qoşun yeridilməsini birmənalı olaraq qətiyyətlə pisləmiş və bu qanlı hadisənin müstəqillik uğrunda mübarizə yolunu tutmuş hər bir müttəfiq respublikada baş verməyəcəyinə kimsəni inandırmağın çətinliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məhz həmin ağır dövrdə Heydər Əliyevin xalqımıza olan mənəvi dəstəyi yenicə şəhidlər vermiş bu Vətən fədailərinə azadlıq mübarizəsindən dönməməyə güc verdi. Həmin mübarizənin nəticəsi olaraq Azərbaycan müstəqil bir dövlətə çevrildi və ölkəmizin müstəqil bir dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu gün də ulu öndərin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan inkişaf edərək dünya dövlətləri arasında söz sahibinə çevrilmişdir. Ölkəmiz istər iqtisadi-siyasi, istərsə də hərbi cəhətdən güclü dövlətlər sırasına daxil olmuşdur. Artıq bütün dünya dövlətləri Azərbaycanla hesablaşır və ölkəmiz gələcəyə doğru inamla addımlayır.