Xocalı gəncliyi qürur və fəxr hissi yaşadır.
31.01.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəssisə nümayəndələri, 2017-ci ildə rayonun ictimai-siyasi işlərində fərqlənən, respublika və beynəlxalq səviyyəli idman yarışlarında, mədəniyyət müsabiqələrində, təhsildə nailiyyətlər qazanan gənclər və "N" saylı hərbi hissənin bir qrup əsgərləri iştirak etdilər.
Tədbir zamanı Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbinin və 3 saylı uşaq musiqi məktəbinin müəllimlərinin ifa etdiyi şən musiqilər tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətindən danışdı. Şahmar müəllim Bildirdi ki, Azərbaycanda gənclərə yüksək diqqət və qayğı göstərilir. Gənclərin asudə vaxtının səmərəli keçməsi, həvəs göstərdikləri peşəyə sahib olmaları və cəmiyyətdə yaxşı mövqe tutmaları üçün dövlətimiz tərəfindən daim işlər aparılır. Bunun nəticəsi olaraq gənclərimiz mötəbər idman yarışlarında, olimpiadalarda, mədəniyyət və digər sahələrdə keçirilən müsabiqələrdə uğurlu nəticələr əldə edərək bayrağımızı ucaldırlar, himnimizi səsləndirirlər.
Rayon rəhbəri Xocalı rayon gənclərinin də Azərbaycan gəncliyinin inkişafı üçün öz töhfələrini verdiyini vurğuladı. Fikirlərinə əlavə etdi ki, rayonumuzun çoxlu sayda yeniyetmə və gəncləri həm respublika, həm də beynəlxalq səviyyəli idman və mədəniyyət yarışlarında nailiyyətlər əldə edərək bizə qürur və fəxr hissi yaşadırlar. Məzunlarımız yüksək ballarla ali məktəblərə qəbul olurlar.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən, idman yarışlarında və mədəniyyət müsabiqələrində müvəffəqiyyətlər qazanan yeniyetmə və gənclərimiz Fəxri Fərman və hədiyyələrlə təltif edildilər.
Daha sonra Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov çıxış edərək Azərbaycan gənclərini 2 Fevral - Gənclər Günü münasibətilə təbrik etdi və onlara cansağlığı, yeni-yeni nailiyyətlər arzuladı.
Sonda gənclər Xocalı rayon İcra Hakimiyyətininin başçısı cənab Şahmar Usubovla xatirə şəkili çəkdirdilər.