Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar.

19 mart 2018 | 16:00

19.03.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Novruz Bayramı" münasibətilə ümumrayon tədbiri keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, "N" saylı hərbi hissənin əsgərləri, idarə, müəsissə rəhbərləri və işçiləri, rayon sakinləri iştirak etdilər.
     Təşkil olunmuş tədbirdə hər bir idarə və təşkilat tərəfindən xalqımızın qədim adət-ənənələrini əks etdirən guşələr rayon ictimaiyyətinin marağına səbəb oldu. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu sərgilərlə tanış olduqdan sonra Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə hazırlanmış dirədöymə, kəndirdartma, güləş, xoruz döyüşü və s kimi yarışları izlədi.
     Bahar bayramı münasibətilə elimizə, xalqımıza xeyir-dua vermək üçün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov söz verildi. Cənab başçı bildirdi ki, dünyanın bir çox müsəlman dövlətlərində Novruz bayramı qeyd olunur. Bu ay sevincli aylardan biridir. Yazın gəlişi ilə ağaclar çiçək açır, hər tərəf yaşıl örpəyə bürünür, insanların əhval-ruhiyyəsi artır.
     Bayram ərəfəsində paytaxtımızda möhtəşəm "VI Bakı Qlobal Forum"u keçirildi. Forumda dünyanın 50 ölkəsindən 450-dən çox nümayəndə iştirak etdmişdir. Ölkəmizə gələn qonaqlar xalqımızın qədim adət - ənənənəsi olan "Novruz" bayramı ilə tanış oldular.
     "Novruz" bayramı qədim tarixi, bir-birindən dəyərli abidələri, gözəl təbiəti olan Xocalı rayonunda da yüksək səviyyədə qeyd olunurdu. Bu gün də adət-ənənələrimiz davam etdirilir.
     İnşallah Allahın köməyi ilə, cənab Prezidentimizin ölkəyə rəhbərliyi altında doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Mənfur düşmənlərimizi işğal olunmuş torpaqlarımızdan qovacağıq və bu gözəl bayramımızı öz elimizdə, obamızda qeyd edəcəyik.
     Şahmar Usubov xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət və növbəti Novruz bayramını doğma yurd-yuvamızda keçirməyimizi arzuladı.
     Sonra rayonumuzun rəhbəri bayram tonqalını odlandırdı. Süvarilər at üzərində bayraqla tonqal ətrafında dövrə vurdular.
     Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları və məktəbli şagirdlərin təşkil etdiyi səhnəciklər hər kəsin gülüşünə səbəb oldu. Milli geyimdə oğlanlar və qızlar rəqs etdilər.
     Xocalı rayon mədəniyyət işçilərinin müsiqi nömrələri tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini artırdı.
     Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon tədbiri xoş ovqatla yekunlaşdı.

Keçidlər