“26 iyun- Silahlı Qüvvələr Günü” münasibəti ilə "N" saylı hərbi hissədə silsilə tədbirlər keçirildi
25 iyun 2022 | 12:20
Xocalı rayon İcra Hakimiyyətinin, Xocalı və Naftalan şəhər Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "N" saylı hərbi hissədə hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, onların asudə vaxtının səmərəli təşkili və fiziki hazırlığının, mübarizlik hissinin yüksəldilməsi məqsədi ilə “26 iyun - Silahlı Qüvvələr Günü”nə həsr edilmiş silsilə tədbirlər keçirildi.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himnimiz səsləndirildi.
Sonra futbol idman növünün hərbicilər arasında təbliğ edilməsi məqsədilə hərbi hissənin komandaları arasında mini-futbol idman növü üzrə yarış keçirildi.
Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən idarə rəisləri Elməddin Bağırov və Samir Qocayev, hərbi hissə komandiri Polkovnik Əliyusif Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Şəmsəddin Həsənov əlamətdar gün münasibətilə əsgərləri təbrik etdilər. Bildirdilər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Daha sonra hərbi hissə rəhbərliyinə idarənin fəxri fərmanı və futbol forması, bir qrup zabit və əsgərlərə fəal iştirakına görə təşəkkürnamələr, mini-futbol yarışında qalib gəlmiş komandaya isə diplom və kubok təqdim edildi.
Tədbir incəsənət nümayəndələrinin iştirak etdiyi konsert proqramıyla davam etdirildi.