Şriftin ölçüsü :

Saytın rəngi :

"31 Mart Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı ümumrayon tədbiri.

29 mart 2018 | 16:00

29 mart 2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
       Əvvəlcə "31 Mart soyqrırımına" və "Xocalı soyqırımına" aid kitablardan ibarət sərgiyə baxış keçirildi. 
       Tədbir iştirakçıları Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər. 
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım hadisələrindən danışdı. O bildirdi ki, soyqırım aktlarının həyata keçirilməsində əsas məqsəd xalqımızı öz doğma torpaqlarından çıxarmaq və həmin torpaqlarda erməni ideoloqlarının uydurduqları "böyük ermənistan" dövləti yaratmaq olmuşdur. Erməni vəhşiləri 1918-ci il mart ayında xalqımıza qarşı xüsusi vəhşiliklə kütləvi qətliamlar və qırğınlar törətmişlər. Həmin dövrdə yalnız Bakıda 12 mindən çox azərbaycanlı etnik milli zəmində qətlə yetirilmişdir.
        Sonra  çıxış üçün söz Xocalı rayon Meşəli kənd tam orta məktəbinin tarix müəllimi Sabir Qasımova verildi. Sabir Qasımov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə tarixi faktlarla nümunələr gətirdi. Çıxışında vurğuladı ki, Sovet imperiyası altında bizə tariximizi unutdurmağa, həqiqətləri boğmağa çalışdılar, erməni vəhşiliklərini gizli saxladılar. Ermənilər bundan məharətlə istifadə edirdilər. Xocalıda, Ağdabanda, Qaradağlıda, Meşəlidə və digər bölgələrdə törədilən soyqırımlar ermənilərin xalqımıza qarşı planlaşdırdıqları soyqırımların davamıdır.
        Xocalı rayon İcra Hakimiyyəti başçısının Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında dünyada ikili standartların mövcud olduğunu qeyd etdi. Fikirlərinə əlavə etdi ki, dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlərin əlində bir vasitəyə çevrilib. Belə olmasaydı, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən 4 qətnamə indiyədək icra edilərdi. Bu gün Ermənistanın Haaqa məhkəməsi qarşısında dayanması üçün kifayət qədər faktlar var. Tarixin təkrar olunmaması və bu cür qanlı faciələri bir daha yaşamamaq üçün tariximizdən dərs götürməliyik.
        Yekun olaraq çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov bildirdi ki, soyqırım aktı millətin etnik mənsubiyyətinə görə bütövlükdə məhv edilməsinə yönəldilmiş hadisədir. Ermənilərdə tarixən bu fikir, ideya olub ki, xalqımızı yer üzərindən silsinlər, özlərinin dırnaqarası "böyük ermənistan" dövlətini qursunlar. Mart hadisələri ermənilərin planlı şəkildə hazırladıqları soyqırım aktıdır. 1988-1993-cü illərdə başımıza gətirilən hadisələr də həmin soyqırım aktlarının tərkib hissəsidir.
        Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıla bilmişdir. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunur. Hazırda Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı icra olunur.
        Sonda Xocalı rayon İcra Hakimiyyətinin  təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımının acı həqiqətlərini əks etdirən qısametrajlı film nümayiş etdirildi.

Keçidlər