Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Ulu öndər Heydər Əliyevin doğum gününü ehtiramla qeyd etdilər

04 may 2018 | 16:00

04.05.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının birgə təşkilatçılığı ilə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi.    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq - mühafizə orqanları işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
     Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Azərbaycan xalqının xilaskar oğlu, dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu öndərin ruhuna Allahdan rəhmət dilədilər.
     Sonra tədbir iştirakçıları Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və ümumrespublika kitab bayramı münasibətilə hazırladığı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Xocalı soyqırımından və digər mövzularda yazılmış kitabların sərgisinə baxdılar.
     Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etidirildi.
     Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxışında bildirdi ki, Heydər Əliyev şəxsiyyətini ifadə etmək olduqca çətin və böyük zəka tələb edir. Sadə bir ailədə dünyaya gələn Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etməklə, müstəqilliyimizi əbədiləşdirməklə adi insanlardan fərqləndi. Hər birimizin fəxr edə biləcəyi şərəfli, qürurlu bir ömür yaşadı. Heydər Əliyev zamanında özü-özlüyündə bir tarix yaratdı. Həyatının və siyasi fəaliyyətinin bütün dövründə Azərbaycana uğurlar gətirdi. O, bütün həyatını Azərbaycana həsr etmişdir.
     Daha sonra məruzə ilə söz Xocalı rayon Statistika İdarəsinin rəisi Dünyamin Əsədəva verildi. Dünyamin Əsədov Ulu öndərimizin həyat və fəaliyyətindən geniş məlumat verərək bildirdi ki, Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
     Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda  - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş Günü  kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
     Yekun olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək bildirdi ki, dahi öndər Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təcəüssümü kimi daim yaşayacaq,  Azərbaycanın həm indiki, həm də gələcək nəsillərinə əbədi örnək olacaqdır. Heydər Əliyev möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Biz bu gün fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti  Ulu öndərin şah əsəridir.
     Azərbaycan xalqı qarşısında Heydər Əliyevin gördüyü möhtəşəm işlər heç vaxt unudulmur, əbədiyaşar rəhbərin nurlu xatirəsi böyük hörmət və məhəbbətlə daim yad edilir.
     Tədbir Xocalı rayon mədəniyyət işçilərinin hazırladığı musiqili konsert proqramı ilə davam etdirildi.

Keçidlər