Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş döyüşçü Ramiz Nəsirovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən qısametrajlı filmin təqdimatı oldu.

28 iyun 2018 | 16:00

28.06.2018-ci il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində tanınmış jurnalist, şair-publisist Bəxtiyar Qaracanın və Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Bitməyən müharibənin qəhrəmanları" silsilə film çəkilişləri layihəsi əsasında hazırlanmış Xocalı rayon özünümüdafiə batalyonunun döyüşçüsü, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nəsirov Ramiz Kamal oğlunun həyat və döyüş yolundan bəhs edən "Ümiddən yorulmayanlar" adlı qısametrajlı filmin təqdimatı oldu.
     Filmin təqdimatından əvvəl Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə xanım Qarayeva çıxış edərək Bəxtiyar Qaracanın həyatından və yaradıcılığından məlumat verdi. Bildirdi ki, Bəxtiyar Qaraca 2013-cü ildə "Ali Media" mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin edilmişdir.
     Sonra filmə baxıldı. Filmdə Ramiz Nəsirovun döyüş yolundan məlumat verilib.
Nəsirov Ramiz Kamal oğlu 7 dekabr 1953-cü ildə  Xankəndi şəhərində anadan olub. Orta təhsilini 1960-71-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1972-ci ildə indiki Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə hərbi xidmətə yollanan Ramiz ordudan tərxis olunduqdan sonra elə bu şəhərdə yaşamağa qərar verib. 1975-ci ildə Butko Tatyana Dmitriyevna ilə ailə həyatı qurub, bir il sonra, 1976-cı ildə cütlüyün bir qız övladı dünyaya göz açıb. Ancaq Nəsirovlar ailəsinin sakit və xoşbəxt illəri çox davam etməyib.
Qarabağda ermənilərin azərbaycanlılara qarşı əsassız torpaq iddiaları qaldırması Ramizə rahatlıq verməyib. Vətənin ağır günlərində Ramiz Nəsirov ailəsi ilə birlikdə 1988-ci ildə Xankəndindən qovulub Xocalıda məskunlaşmış qohumlarının yanına qayıdıb. Qısa müddətdən sonra Ramizin qayınatası, Böyük Vətən müharibəsi iştirakçısı Butko Dmitri Nikolayeviç də yeganə övladı olan qızı Tatyananın yanında yaşamaq üçün Xocalıya köçüb.
Ramiz Nəsirov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun komandiri olduğu Xocalı özünümüdafiə taborunda bölük komandiri kimi dəfələrlə kəşfiyyat və operativ əməliyyatlara rəhbərlik edib. Xocalı şəhəri ətrafındakı Bozdağ istiqamətində mövqe tutan erməni terrorçuları Xocalını daim atəş altında saxlayanda Xocalının müdafiə məsələlərinə rəhbərlik edən Elman Məmmədovun tapşırığı və planı əsasında 1991-ci il noyabrın 16-da 8-9 nəfərdən ibarət Xocalıdakı polis bölməsi əməkdaşları və tabor döyüşçüləri ilə birgə Ramiz Nəsirov Bozdağ ərazisində olan 16-17 nəfər erməni terrorçusunu məhv edib. Bu əməliyyatda Ramiz döyüş yoldaşı Yadigar Əliyevlə birgə ağır yaralanmış komandirini bütün təhlükələrə baxmayaraq döyüş meydanından çıxarmağa nail olub.
4 yanvar 1992-ci ildə Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfərlik dəstə Kətik istiqamətində ermənilərin terror dəstəsini zərərsizləşdirib, 1 nəfər erməni terrorçusunu əsir götürüblər. Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfər döyüşçü 19 yanvar 1992-ci ildə Kətik dağında Xocalıya hücum planı hazırlayan erməni kəşfiyyat qrupunun 4 nəfərini məhv edərək onların əlində olan Xocalıya hücum planını özündə əks etdirən döyüş xəritəsini ələ keçiriblər.
Erməni terrorçuları Xocalı yaxınlığındakı üzümlükdə mövqe tutaraq dinc əhalini daim iriçaplı pulemyotlardan atəşə tuturdular. Gecə vaxtı Ramiz Nəsirov ermənilərin həmin mövqeyinə yaxınlaşıb atəş açaraq onları cavab atəşi açmağa məcbur edib. Bununla da ermənilərin tutduqları mövqenin yeri dəqiqləşib və Ramizin tapşırığı ilə digər mövqedə dayanmış döyüş yoldaşı Rəhman İsmayılov qranatomyotla həmin mövqeni məhv edib. Ramiz Nəsirova həsr edilən filmdə 1972-ci ildə Sankt-Peterburq şəhərində hərbi xidmətdə olduqdan sonra həmin şəhərdə 1975-ci ildə ailə həyatı qurduğu  Butko Tatyana Dmitriyevanın və qayınanası Dmitri Butkonun Xocalı soyqırımında həlak olmalarından da danışılır. Bu fakt onu göstərir ki, ermənilər təkcə azərbaycanlılara yox, həm də ruslara qarşı da vəhşiliklər törətmişdir. Qeyd edək ki, Xocalının işğalından sonra Ramiz Nəsirov Xocalı taborunun tərkibində baş leytenant rütbəsi ilə 1992-94-cü illərdə vuruşub, 1994-cü ildən isə ehtiyata buraxılıb. İgidliyi, döyüş sücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə  Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.
     Filmə tamaşa edildikdən sonra Bəxtiyar Qaraca çıxışında bildirdi ki, ağrı-acılarımız o zaman bitəcək ki, doğma torpaqlarımıza qayıdacağıq, qisasımızı alacağıq. Bu filmdə Ramiz Nəsirovun taleyindən, əzmindən və gələcəyə ümidindən danışdıq. Ermənilər bizimlə ideoloji müharibə aparırlar. Biz də mənfur düşmənlərə döyüşkən, vətənpərvər insanlarımızla cavab verməliyik. Filmin ərsəyə gəlmə səbəblərindən biri də Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənovun Ramiz Nəsirovun həyatından və döyüş yolundan yazdığı məqalənin karabakh.tv saytında yerləşdirilməsi olmuşdur. Nəcəf Həsənov çıxışında bildirdi ki, filmdən təsirlənməmək mümkün deyil. Ermənilərin sərsəm ideoloqlarından olan Zori Balayanın fikrinə görə Xocalı faciəsini və digər faciələri törətməkdə məqsəd onların balalarının ölmüş ruhunu canlandırmaq və bizim xalqımızın ruhunu sarsıtmaq olub. Amma 2016-cı ilin Aprel döyüşləri, eləcə də bu il may ayının son ongünlüyündə Naxçıvanda Ordumuzun əldə etdiyi üstünlük düşmənə göstərdi ki, Azərbaycan xalqının mübarizə əzmini qıra bilməyiblər. Ön cəbhədə əsgərlərimizin apardığı rol nə qədər əhəmiyyətlidirsə, arxa cəbhədə də apardığımız ideologiya o qədər böyük rola malikdir.
     Filmin qəhrəmanı Ramiz Nəsirov filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıq etdi.
     Filmin ssenari müəllifi Kəmalə İsmayılova çıxışında vurğuladı ki, Azərbaycan kişisi necə olmaldır, çətin vəziyyətdə necə hərəkət etməlidir,  insanlara, ana-bacıya necə qayğıkeş olmalıdır onu bu sadə insanın timsalında gördüm. Ramiz Nəsirov qız övladını çox gözəl böyüdüb. Hər zaman qəhrəmanları öz içimizdə, yaxınımızda axtarmalıyıq. Bu filmdə Ramiz Nəsirovu nümunə kimi göstərməyə çalışdıq.
     Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov filmin hazırlanmasında əziyyəti olan insanlara təşəkkür etdi. Bildirdi ki, filmdə Ramiz Nəsirovun ailə fəlakətini izlədik. Xocalıda belə ailələr çoxdur. Xocalıların hamısı torpaq itirib, ev itirib, yaxınlarını itirib, doğulub boya-başa çatdığı yerləri itirib, qəbiristanlığı itirib...O insan cismin götürüb Xocalıdan çıxıb. Ancaq yağı düşmən bəzi insanlarımıza onu da çox gördü. Dinc insanlarımız qətlə yetirildi. Bəzi sakinlərlə qəbullarda görüş zamanı söhbət edərkən həmin insanın tarixçəsi göz önünə gəlir. Bilirsən ki, həmin insanın təmtəraqlı evi-eşiyi vardı, ailəsi vardı, bağı-bağçası vardı...hər şeyi vardı. Amma bu gün o insanın simasına, onun keçirdiyi hislərə baxanda heç bir şeyinin olmadığını zənn edirsən.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xocalılara dayaq oldu, onun layiqli davamçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ağrı-acılarımızı müəyyən qədər yüngülləşdirir. Bizim dərdlərimizə nə qədər şərik olunursa, bir o qədər ağrı-acımız səngiyir. Xocalılar bu gün cəbhə xəttində məskunlaşıblar. Əsgərlərimiz səngərdə düşmənlərlə qarşı-qarşıya durubdur.  Biz bununla düşmənə mesaj veririk ki, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Xocalıda 20 Yanvar abidəsi 1991-ci ildə ucaldılmışdır. Həmin abidə ilə yanaşı, Xocalı soyqırımı abidəsini də ucaldacağıq. O zaman şəhidlərimizin ruhu rahatlıq tapa bilər. Şahmar Usubov çıxışının sonunda xocalıların dərdinə şərik olaraq belə filmi hazırladıqlarına görə əziyyət çəkən insanlara minnətdarlıq etdi.
     Sonda Xocalı rayon məktəblilərinin hazırladğı bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər