2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan şura iclası.
24.07.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında şura iclası keçirildi. Şura iclasında 3 məsələ - Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn məsələlər, Mingəçevirdəki İstilik Elektirik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin enerji sisteminin vəziyyəti ilə əlaqədar Prezident İlham Əliyevin keçirdiyi müşavirə haqqında və iyulun 13-də Cənab Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdan irəli gələn məsələlər müzakirə edildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqini hesabat iştirakçılarına çatdırdı. Ölkədə 6 ay ərzində baş verən ictimai-siyasi hadisələri, eyni zamanda sosial-iqtisadi inkişafı Xocalı rayonu ilə əlaqələndirdi.
Rayon rəhbəri qeyd etdi ki, xocalıların müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində əkilən 11 min tut tingindən 636 kq barama əldə edilmişdir. Gələcəkdə barama istehsalının artırılması üçün lazımi tədbirlər görülür. Aşağı Ağcakənddə və qəsəbəətrafı yaşayış məntəqələrində yaşayan sakinlərin fərdi şəkildə baramaçılıqla məşğul olmaları üçün şərait yaradılmalıdır. Əhalinin məşğulluğunun artırılması istiqamətində tədbirlər həyata keçirilir.
Rayonumuzun rəhbəri xocalıların daim dövlətə və dövlətçiliyə sadiq olduğunu dedi. Bu bütün seçkilərdə də öz təsdiqini tapmışdır. Son hadisələrdə yaranan müvəqqəti çətinliklər qarşısında Xocalı rayon sakinləri də iradələrini göstərdilər.
Şahmar Usubov rayon ziyalılarına sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirən qüvvələrə qarşı həmrəylik nümayiş etdirməyi tövsiyə etdi.
Sonra gündəlikdə duran ikinci məsələ haqqında Xocalı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Saxəvət Hüseynov çıxışında bildirdi ki, Mingəçevirdəki İstilik Elektirik Stansiyasında baş verən hadisədən sonra nümayəndəliklərlə əlaqə saxlanılmış, yaranan su probleminin aradan qaldırlmasına nəzarət edilmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Əliyev məruzə ilə çıxışında dedi ki, Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, Gəncədə baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk.
Daha sonra gündəlikdə duran üçüncü məsələ müzakirə edildi. Əvvəlcə Gəncə şəhərində baş verən hadisələrdə şəhid olan yüksək rütbəli iki polis zabitinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Dövlət Təhlükəsizlik Xidmətinin Qarabağ İdarəsinin Xocalı rayon bölməsinin rəisi Nəvai Hüseynov, Xocalı rayon prokuroru Kamran Məmmədov iyulun 10-da Gəncədə baş verən hadisələrə Xocalı rayon sakinlərindən heç birinin qoşulmadığını vurğuladılar. Bu cür hadisələrin qarşısının alınmasında ictimai dəstəyin əhəmiyyətindən danışdılar.
Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Gəncədə baş verən hadisələrin 1994-cü ilin oktyabr hadisələrinin bənzəri olduğunu vurğuladı. Vahid Əliyev ölkəmizdə din xadimlərinə göstərilən diqqət və qayğıdan söz açdı. Əminliklə bildirdi ki, Azərbaycanı zəiflətmək istəyən qara qüvvələr istəklərinə nail ola bilməyəcəklər.
Sonda cənab Şahmar Usubov rayonun idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verdi.